Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə

Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
22 oktyabr 2020
# 12:30

Kulis.az doğulduğu kənd dünən düşmən işğalından azad edilmiş şairə Həyat Şəmi ilə müsahibəni təqdim edir.

- Həyat xanım, hiss edirsənsə çox adam Qarabağ kəndlərinin adını azad olunma siyahısından öyrənir. Yəqin, bu öyərnmələrin ən orijinalı və ən gözəlidir...

- Doğrudur. 90-cı illərdə işğal sırasında mühüm strateji yerlər və şəhərlər sadalanardı. Amma azad olunma zamanında kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər adlar çəkilir. Bu adlar çəkildikcə çevrəmdən tez-tez eşidirəm ki, nə qəribə kəndlərimiz varmış. Hər kəs kəndlərimizin adlarını yadda saxlamağa, əzbərləməyə çalışır. Gözəllikdir, qayıdışdır, oyanışdır...

Öyrənmənin ən gözəlindən də gözəldir. Çünki hər kənd adı bir ürək dolusu sevinclə yaddaşımıza həkk olunur.

- Ən çox diqqət çəkən kənd adlarından biri də sizinki oldu: Gecəgözlü... Çox poetikdir.

- Şeir yazmışam kəndimizin adına.

Gecə gözlü qadın
Gecəni sevə-sevə gözlərinə köçürmüşdü,
Gözü üstə yer vermişdi bir cüt hilala,
Gecəgözlü qadın...

- Maraqlıdır. Hardan alınıb bu söz?

- Gecəgözlü adı qədimdir. Erkən orta əsrlərə aiddir. Cavanşir elinin Gecəgözlü tirəsindən gəlmədir. Bu tayfa düşməni gündüzlər daim məğlubiyyətə uğratdığı üçün, düşmən gecə yatdıqları yerdə hücum etməli olur, amma yenə məğlub olur. Düşmənin gecə məğlubiyyətindən sonra tayfaya Gecəgözlü adı verilir.

- Sən kəndinizin alınma xəbərini necə eşitdin və ilk reaksiyan nə oldu?

- Qulağım “Arb24” telekanalını, gözlərim saytları izləyirdi. Birdən qulağım məni diksindirdi. Sonra nitqim tutuldu... Göz yaşlarımı tuta bilmədim. Əllərimi göyə açıb "Rəbbim, Ordumuzun hər bir əsgəri, zabiti, hərbçisi sənə əmanətdir. Qoru onları, hifz et, pənahında saxla! Şəhidlərimizi nur içində uyut. Haqqını halal et, Şəhidim!" - dedim.

Kəndlərdən ilk olaraq Gecəgözlünün adını çəkdilər. Gecənin ardınca sıralandı kəndlərimiz. Nur yayıldı hər tərəfə...

Bu yaşımda bütün varlığımla anladım ki, Vətənə sevgi doğulduğun ocaqdan, yurddan, kənddən başlayırmış.

- Həyat xanım, kəndinizdən əvvəl hansı şəhərin, kəndin alınmasına daha çox sevindiniz? Yəqin, rayonunuz Füzuli olar...

Yox. Ən çox zəfərin ilk günü adı çəkilən kəndlərə sevinmişdim. Başlanğıcın başında, ilk müjdəli xəbərdə... İnamım, hissim sona qədər zəfər çalacağımızı söyləyirdi.

Bir də Vətən müharibəsi başlayan andan tarix boyu demirəm, yaşım və yaşamım boyu ilk dəfə xalqımın bu qədər yumruq kimi birləşdiyini gördüm. Kimliyindən, mövqeyindən, statusundan, yaşından, cinsindən, haralı olmasından asılı olmayaraq hamının həmrəy olduğunu gördüm.

- Bildiyimiz qədər, sən ananı da, atanı da köçkünlük illərində itirmisən. Bu haqda şeirlərin də var. Bizdə adətdir, yurd azad olunanda bu günü görməyən ata-ana əvəzinə də sevinirlər…

- Yayda ata-anamı tez-tez yuxumda görürdüm, həm də kənddəki ikimərtəbəli evimizdə. Özümü də uşaq yaşlarımda. Deyirəm, yəqin ruhlar bizdən daha öncə agah olub. Onların ruhu məni yuxumda kəndimizə qovuşdurmuşdu. Onlar məndən qabaq seviniblər. Mən onların yerinə sevinə bilmədim. Mən onlar qədər, onlar kimi sevinə bilmərəm, məncə...

- Kəndinizdən bu 27 ildə unutmadığınız nələri daha çox xatırlamısınız?

- Ömrümün 17 ili o kənddə keçib. Bütün uşaqlıq xatirələrim orda qalıb. Unutmadığım uşaqlığımın ailəmlə, gənc ata-anamla keçirdiyi hər ili, hər ayı, hər günü, hər anı.

Bu 27 ildə Gecəgözlünün gözləri yolda qalmışdı, doğmalarından ayrı düşmüş, boynu bükülmüş, qocalmışdı. İndi yeni erası başlayacaq torpağımızın, canlanacaq, yaşıllanacaq, gəncləşəcək.

Ən çox yadımda qalan isə dağlar olub. 9 yaşım vardı, papam bizi Laçının, Kəlbəcərin dağlarına - yaylağa aparmışdı. Üç ay dağlarda qaldıq: Lülpər, Qulalı, Pəri çınqılı, Dəvəgözü dağlarında alaçıqlar yaşayırdıq. O vaxtdan dağlara sevgim var. Mənim məskənim dağlardır.

- Hərənin qafasında bir qayıdış ssenarisi olur. Bəlkə də geri dönəndə bu ssenari tamam unudulacaq, amma yenə nələrsə planlaşdırırıq. Siz nə edəcəksiniz ilk dəfə? Hara gedəcəksiniz?

- Füzuli şəhərindən kəndimizə dördyol ayrılırdı. Sonra Alaqapı deyilən bir dirəkli qapıdan kəndimizə yol başlayırdı. Ssenarim də o yoldan başlayır və mən əlim ürəyimin üstündə həyətimizə girirəm, salam verirəm torpağıma, həyətimizə və yalnız daşları qalan evimizə. Evimiz məni məyus görkəmiylə dikələrək başıuca qarşılayır. Daşlar, divarlar, izi qalan bağçamız sevinir.

Ən çox Torpaq sevinir. Canlanacaq, insan əli dəyəcək deyə...

27 illik həsrətdən sonra evimizin daşını, divarını qucaqlayacam, həsrətimi soyudacam soyuq daşlarla və göz yaşlarımla...

Evimizə gedəcəm ilk olaraq. Atamın və anamın ruhu gəzən evimizə.

Fikrim var çəkiliş qrupuyla gedəm Füzuliyə, qarış-qarış gəzib çəkək hər yeri. Tarixi abidəmiz olan Qaraköpəktəpəyə baş çəkəcəm. Erməni vandalizminin 27 il ərzində rayonuma, kəndimə, Qarabağıma vurduğu ziyanı çəkib bütün dünyaya göstərəcəm. Cənab Prezident 17 oktyabrda Füzuli şəhərinin işğaldan azad edildiyi gün dedi ki, əsgərlərimiz bayrağımızı asmağa Füzulidə bir salamat bina tapmayıblar. Yeri gəlmişkən, Cənab Ali Baş Komandana bütün qarabağlılar, füzulilər adından dərin təşəkkürümü bildirirəm!

- Sən həm də tarixçi-alimsən. Səncə, bu qələbə Azərbaycan üçün nə deməkdir?

- Azərbaycan üçün bütün sferalarda - siyasi, hərbi, iqtisadi, beynəlxalq müstəvidə yeni era, yeni dövr başlayır. Biz ən yeni və qalib Azərbaycanın inkişafını görəcəyik. Qarabağ Azərbaycan üçün inci idi, indi isə yeni eranın təkanı olacaq.

# 3118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #