Səfər Alışarlı: “Kəramət, Şərif, Aqşin başağrısıdır” – Müsahibə

 Səfər Alışarlı: “Kəramət, Şərif, Aqşin başağrısıdır” – Müsahibə
2 iyun 2021
# 17:21

Kulis.az yazıçı Səfər Alışarlı ilə müsahibəni təqdim edir. Söhbət zamanı yazıçı çapa hazırladığı "Sifət möcüzələri" povesti və ölkədəki çağdaş ədəbi proseslərdən danışıb.

- Səfər bəy, “Sifət möcüzələri” adlı yeni povestinizin çapa hazır olması haqda feysbuk statusunuzu oxuduq. Povest nə haqdadır?

- Zaman baxımından povest bu günü və dünəni əhatə edir. Hətta kiçik tarixi ekskurslar da var. Mövzu bir mühəndisin həyat fraqmentləri üzərində insanın özünüdərkidir. Mən bu haqda geniş danışa bilərdim. Amma hələlik qısa şərhlərlə kifayətlənirəm.

- Çapla bağlı nə düşünürsünüz?

- Bir dostumuz kitab halında çapı öz üzərinə götürə biləcəyini dedi. Tanımadığım başqa birisi satmaq eyhamı vurdu. Dedim ki, müəlliflik hüququ ilə satmıram. O sözlər mənə verilib, söz dünyada ən qiymətli əmanətdir. Əmanətə xəyanət olmaz. Mən mistikaya inanan adamam. Onu etsəm, xeyir tapmaram. Başqa variantları gözləyirəm. Maddi dəstəyə ehtiyac var. Azərbaycanda ədəbi məhsul haqqında kütlə düşüncəsi, yumşaq desək, qeyri-mükəmməldir. Ölkədəki çörək dərdinin içindən cəmiyyətə ədəbiyyat seçimi təklif etmək çox çətindir.

- Azərbaycan naşirləri yerli müəlliflərin əsərlərini, demək olar ki, almır. Sizcə, bu nədən irəli gəlir?

- Bu haqda mən 2018-ci ildə çap edilmiş “Quraq fəsillər” hekayələr kitabımın ön sözündə geniş yazmışam. Məsələ belə qoyulub ki, Nizami və Füzuli var, bəsdir. Hələ Mirzə Cəlillə Sabiri bilmirik neyləyək. Kəramət, Şərif, Aqşin, başqa gənclər başağrısıdır. Ona görə mövcud yararsız fiqurların dəyişilməsinə imkan verilmir. Bu yanlışlıqdır. Hər bir cəmiyyətin bazis təməlləri var. O təməllər yalnız müəyyən ağırlıqda iqtisadi, siyasi, mədəni, sosial yükləri saxlamağa qadirdir. Ora hər şeyi yükləmək olmaz. Sivil dünya tarixən bu səhvləri edib qurtarıb. Onların təkrarına ehtiyac yoxdur.

Mənə reklam imkanı verin, bir ilə Azərbaycanın ən azı 5 yazıçısını dünyada məşhur edim. Bizdə kimlər reklam edilir? Yazıçı və ədəbiyyat görüntüsü yaradanlar.

Bizim naşiri də başa düşmək lazımdır. O, pul qazanmalıdır ki, müflis olmasın. Yazıçı, ədəbiyyat, mənəvi dəyərlər-filan onun vecinə deyil. Ona çap maşınının ağzından çıxan məhsulun pula gedən əmtəə forması lazımdır. Götür pornoqrafiya yaz, yaxşı satılsın, pul gətirsin, naşir deyəcək: ən yaxşı yazıçı sənsən. O biri məsələlərlə naşir yox, başqa institutlar məşğul olur. Daha doğrusu, olmalıdır.

-Siz bu povestinizi nə müddətə yazdınız?

- Təxminən 6-7 aya yazmışam. Həmişə yazmaq olmur. Yazmaq üçün gərək əhvali-ruhiyyən yerində ola. Bizdə də onun yerində olması üçün yox, olmaması üçün o qədər çalışanlar var ki! Povest üzərində iş çətin gedib. Mövcud ədəbi irsə bağlılığı olan hər bir müəllif üçün bu gün işləmək çətindir. Tez və asan yazanlara bəlkə də qibtə etməyə dəyər.

- Povestlə bağlı sponsor dəstəyini necə təsəvvür edirsiniz? Məsələn, AYB-nin jurnalları qonorar verir.

- AYB jurnallarının qonorarı simvolikdir. Ölkədə qonorarın dövlət standartı yoxdur. Yəni yazıçı oradan aldığı qonorarla 3 gün yaşaya bilər. İstərdim ki, povesti Azərbaycan oxucusu üçün kimsə alsın. O alsın, mən isə onu saytda, jurnalda, hətta ayrıca kitab halında da nəşr edə bilərəm.

- Siz inanırsınız ki, Azərbaycanda kimsə bu addımı ata bilər?

- Niyə də inanmayım? Azərbaycan kasıb ölkə deyil. Bizə çatanda niyə bulaq qurumalıdır? Bununla belə, Azərbaycan klassik Şərq ölkəsidir. Bu mənsubiyyət çox şeyləri özlüyündə izah edir. Bilmirəm, məsələn, Yaponiyada, Çində necədir. Deyirlər, orada bu gün avtomobilləri, mənzilləri, ərzağı insanlara pulsuz paylayırlar. Ancaq son iki-üç yüz ildə düşmənlər Yaxın Şərqə soxulub bütün bu arealı işğal edəndən sonra bizdə yalnız pul hər şeyi həll etməyə başlayıb. Halbuki, bizim ölkəmizdə 19-cu əsrin əvvəllərinədək ictimai münasibətlərdə pul sözdən, namus, qeyrət, ləyaqət anlayışlarından sonrakı sıralarda durub. Bu gün puldan ötrü insanlar birmənalı şəkildə nəyə desən, hətta ölümə belə gedirlər. Bilmirəm, bunu kapitalizmin ayağına yazmaq olarmı? Qoqolun dünyaca məşhur qəhrəmanı Çiçikov yadıma düşür. Çiçikov ölü canları qəpik-quruşa alıb onları girov qoymaqla, bugünkü dillə desək, dövlətdən subsidiya qoparmağa və bu yolla böyük biznes qurmağa çalışan bir fırıldaqçıdır, sonda ifşa olunur. Atası uşaqkən şəhərə oxumağa yola salanda ona hansı nəsihətləri verir, bilirsinizmi? Ona deyir:

Birinci, müəllimlərinin və rəislərinin qarşısında həmişə başıaşağı ol. Onlar dərsi bilməməyi, işdə yol verdiyin nöqsanı sənə bağışlayarlar, amma dikbaşlığı heç zaman bağışlamazlar.

İkinci, qəpiyi qoru: yeri gələr, dost-tanışların, yoldaşların səni satar, atıb qaçar, ancaq qəpik heç zaman satmaz; qəpik səni düşdüyün bütün xəndəklərdən çıxarar.

İndi gəlin baxaq görək biz oğlumuzu yola salanda ona necə nəsihət veririk:

Oğlum, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz.

Nizami.

Yersiz gülümsəmə, yersiz ağlama,
Bir könül də qırma, sinə dağlama.
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə, oğlum.
Oxu öyüdümü sən sətir-sətir,
Qoy yağsın hər zaman dilindən ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum.

Süleyman Rüstəm.

Ata Çiçikov Rusiyanın üzərinə yeriməkdə olan kapitalizmin real dəyərlər mənzərəsini nəzərə alaraq oğluna sərt həyat dərsi verirdi: “Qəpiyi qısnağında bərk tut, o heç zaman səni satmaz”. Həmin uşaqlar sonra gəldi bizim torpaqlarımızı işğal etdi və iki yüz ildir biz onları ölkəmizdən rədd edə bilmirik. Bəs biz neylədik? Oğlumuza dedik ki, torpaq, düşmən, qul, nökər-filan boş şeydir, get şair ol! O biri tərəfdən baxanda biz də pis deməmişik. Amma bu sözlər azad, müstəqil dövlətin hürr balasına deyilməli sözlərdir, əvvəlcə o məsələ həll edilməli idi.

Bizdə bugünkü zənginlərin hamısı dünənki proletariatdır. Ona görə ziyalı təbəqəsi çətinliklər içində boğulur. Onlardan biri mənə belə deyirdi: “Siz Şərurun meydanında mitinq eləyəndə mən alüminiumu vaqonlara vurub göndərirdim İrana”. O adam hələ də elə bilir ki, İranın qapısını onun üzünə biz yox, ələyəz yelləri açıb. Bu xalqın bir yazıçısı olaraq mən ayrı-ayrılıqda, aşağıdan-yuxarıya onların hər birini və ümumilikdə hamısını tanıyıram. Bu mənada deputat Fazil Mustafa vaxtilə çox gözəl demişdi: “Bütün zirvələri gəzmişəm, qar yoxdur”.

-Və siz inanırsınız ki, bu adamlar ədəbiyyat naminə fədakarlıq göstərə bilərlər.

- Onlar ədəbiyyat naminə yox, öz övladları naminə fədakarlıq göstərsinlər. Əslində, pul heç nədir. Mən onun diri milyonlarını da görmüşəm, ölü milyonlarını da. Bu torpaqda bizim nəvə-nəticələrimiz yaşayacaq. Pul onlar üçün ilk növbədə mənəvi kapitala çevrilməlidir. Qalan şeylərin biri az olar, biri çox olar, faciə deyil. Mənəvi kapital yerində olanda onları düzəltmək mümkündür. Ancaq mənəvi söykənəcəklər olmasa, zəif olsa, heç nəyin mənası yoxdur, onu düşmənlərin çox asanlıqla qaldırdığı tozanaqlar sovurub aparacaq. Dörd tərəfimiz düşməndir. Biz bu gün, şükür, müstəqil dövlətik, Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmişik. Bu məsələləri ismi pünhan adamlarla əl altından deyil, aidiyyəti dövlət qurumları və fondlarla şəffaflıq şəraitində, ədalətlə həll etməliyik. Ancaq həll edə bilmirik.

# 4429 dəfə oxunub

Müəllifin son yazıları

# # #