"İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi" mövzusunda tədbir keçirilib

"İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi" mövzusunda tədbir keçirilib
12 mart 2021
# 16:25

Martın 12-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi" mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dilçi alimlər, bəstəkarlar, musiqişünaslar, mahnı mətni yazan şairlər, estrada, vokal, xalq mahnıları və muğam ifaçıları iştirak ediblər.

Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva qurumun fəaliyyəti barədə geniş məlumat verib. O, tədbirin əsas məqsədinin ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqinin qorunması olduğunu, bunun üçün qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb: "Bu yaxınlarda mərkəzdə "Mədəniyyət və Azərbaycan dili" şöbəsinin açılışı olacaq. Bugünkü tədbirimiz də gələcəkdə fəaliyyət göstərəcək şöbənin fəaliyyət dairəsini əhatə edir. Bəzən vokalçılarımızı dinləyəndə belə təəssürat yaranır ki, vokal sənəti digər dillərin fonetikası üzərində qurulub. Halbuki, ifaçıdan çox şey asılıdır. Azərbaycan dilinin fonetikasının üzərində də vokal sənətini inkişaf etdirmək mümkündür".

S.Əliyeva Azərbaycan dilinin daha çox mədəniyyət adamları tərəfindən qorunmalı olduğunu diqqətə çatdırıb: "Mən aparıcılarımızdan da verilişlərə qonaq dəvət edərkən diqqətli olmağı xahiş edirəm. Bəzən elə adamları dəvət edirlər ki, Azərbaycan dilində danışa bilmirlər. Özünüzə, dilimizə hörməti heç vaxt unutmayın. Mədəniyyətimizi təbliğ edənlər həm də dilimizi təbliğ edən şəxslərdir, ona görə də daha diqqətli olmalıdırlar".

Sonra Əməkdar artistlər Aygün Qurbanova və Aygün Bəylərin ifaları dinlənilib.

# 2384 dəfə oxunub

Müəllifin son yazıları

# # #