"Bulvar ədəbiyyatı" polemikası: "Zırramanın biri olasan, özünün də bundan xəbərin olmaya" - Sorğu

"Bulvar ədəbiyyatı" polemikası: "Zırramanın biri olasan, özünün də bundan xəbərin olmaya" - Sorğu
4 iyun 2020
# 12:09

Yazıçı-publisist Ayxan Ayvazın “Rövşən Abdullaoğlu və digərləri” adlı yazısı ədəbi mühit tərəfindən birmənalı qarşılanmayıb. Kulis.az yazarlardan məsələ ilə bağlı münasibət öyrənib.

Səfər Alışarlı

Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu

- Bu müəllifləri oxumamışam, onların yazdıqları haqqında söz deməyə çətinlik çəkirəm. Rəhmətlik Rafiq Tağı deyirdi ki, o, yazıçını yerişindən tanıyır, mən ona inanırdım.

Xalqımız külli halda kitab oxuyan, elm, ürfan axtaran deyil. İndi ona kimi çox tərifləyirlərsə, inanır ki, o, həqiqətən yaxşı yazıçıdır. Bəzi adamları üzlərinə o qədər boğazdanyuxarı öyüblər ki, onlar da elə bilir ki, həqiqətən qələmlərindən dürr tökülür. Mənim fikrimcə, hətta yaxşı yazıçı olmaq belə fərdin özü üçün bədbəxtlikdir, o da qala zırramanın biri olasan, özünün də bundan xəbərin olmaya.

Bu gün Azərbaycan xalqının imkanı yoxdur gedə kimin, harada nə edib özündən yazıçı düzəltdirməyini yoxlaya. Amma Əbülfəz Qarayevin imkanı var idi. Nəinki imkanı vardı, bu onun bir nömrəli vəzifə borcu idi. Eləmirdi. Çünki, axtarsan, bəlkə heç bütün Azərbaycan ədəbiyyatından o, beş kitab səhifəsi də oxumayıb. Kitab oxuyan da yerişindən-duruşundan bəllidir.

Pərviz Cəbrayıl

Pərviz Cəbrayıldan yeni roman gəldi

- Onların heç birindən bir kəlmə oxumasam da, Ayxanla razıyam. Yüz faiz.

Qismət

Qismət Fikrət Qocaya nəzirə yazdı: Cib dəsmalım, can yoldaşım...

- Məncə, Ayxanın gözü götürmür.

Mehriban Vəzir

Mehriban Vəzir: “Mirzə Cəlil Cümhuriyyət düşmənləri ilə yaxın idi ...

- Bütün dövrlərdə yazıçılar arasında belə dartışmalar olub. Və olacaq. Ayxan Ayvaz iddiasından geri durmamalı, qarşı tərəf də bu kimi fikirləri ciddiyə almadan yaza bilirlərsə yazmalıdırlar. Ədəbi mühitin, ədəbi tənqidin qidası bu kimi ədəbi deyişmələrdir. Belə fikir qarşıdurmaları, kəskin tənqidlər, bir-birini bəyənməmələr, ədəbi durğunluğu aradan qaldırır, inkişafa aparır... Bircə şərtlə, söhbət küçə səviyyəsinə enməsin, ədəbi keyfiyyətini saxlasın...

Narıngül Nadir

Gallery

- Ayxan Ayvaz yəqin ki, “bu müəlliflərin mətnləri bədii təfəkkürdən uzaqdır” deyərkən adları çəkilən müəlliflərin əsərlərində altqatların olmamasını, fəlsəfi düşüncənin bəsitliyini nəzərdə tutub. Amma məsələyə başqa rakursdan yanaşmaq da olar. Məsələn, Varisin əsərlərində kifayət qədər informasiya bolluğu, sosial mesajlar, cəmiyyətlə kifayət qədər tanışlıq özünü qabarıq şəkildə göstərir. Həm də, hiss olunur ki, müəllif mütaliəlidir. Eləcə də, Qaraqanın “A” romanı ədəbi hadisə kimi qarşılandı. Çünki hadisələr oxucuya yeni informasiyalar verirdi. Bu gün oxucu dinamik əsərləri, hadisəni sevir və danılmaz faktdır ki, belə müəlliflər oxunur. Məncə, yazarın əsas uğuru oxucu qazanmaqdır. Nədənsə, bizim bestseller kitablar sahəsində də “bəxtimiz gətirmir”. Bu sahədə kifayət qədər mühafizəkarıq. Bu faktdır ki, kitab mağazalarında Elxan Elatlının kitabları daha çox satılır. Amma bu kitablar dünya oxucusu tərəfindən necə qarşılanacaq, bədii mətn kimi ədəbiyyat tarixində öz yerini tuta biləcəkmi? Mövcud problem oxucu problemidir, yoxsa yazıçı? Əslində, çox aktual bir mövzudur. Ədəbiyyat mütəxəssislərinin, tənqidçilərin polemikası çox vacibdir.

Mənə görə, əgər müəllif yazı prosesində sözü istədiyi kimi idarə edirsə və yazı üslubunu müəyyənləşdirə bilirsə, hiss, düşüncə, yaxud dinamik hadisə ədəbiyyatı olmasından asılı olmayaraq, uğurlu mətn yarada biləcək. Məsələn, Ayxan Ayvazın hekayələri hadisəçilikdən uzaqdır, daha çox hiss və avtobioqrafiya ədəbiyyatıdır. Amma oxunur. Şəxsən mən maraqla oxuyuram. Çünki sözlə davrana bilir.

Bu günlərdə Şərif Ağayarın bir fikri ilə rastlaşdım: “Biz bu gün Tolstoy kimi yaza bilmərik”. Açığı bu fraza məni düşündürdü. Əlbəttə, Şərif Ağayar bu frazanı başqa rakursdan işlətmişdi və söhbətin məğzi başqaydı. Amma mən sadəcə olaraq Tolstoyun “Anna Karenina”sını göz önünə gətirdim. Məlumdur ki, Tolstoyun “Anna Karenina”sı artıq 150 ildir ki, oxunur. Bu əsər birqatlı əsər deyilmi? Məndə həmişə belə bir sual yaranıb ki, əgər bu əsəri bizim müəllif yazsaydı belə məşhurlaşardımı?

Yekunda isə, məncə, yenə də əsas hökmü oxucu verir.

Cəlil Cavanşir

Cəlil Cavanşir: “Şəhərin ortasında özümü yandıracam” - Müsahibə

- Ayxanın yazısıyla tanışam. Haqqında danışdığı müəlliflərdən yalnız Varisin və Qaraqanın əsərləri ilə tanışlığım var. Rövşən Abdullaoğlunun və Elxan Elatlının yaradıcılığı ilə tanış deyiləm. Ayxanın haqqında yazdığı dörd müəllif kitab bazarında ən çox satılan, yeniyetmə və gənclərin ən çox oxuduğu müəlliflərdir. Nəşriyyatlar birmənalı olaraq bu müəlliflərin nəşrində, mağazalar bu müəlliflərin kitablarının satışında maraqlıdır. Yəni, Ayxanın bədii mətn yaza bilmədiyini iddia etdiyi müəlliflər yerli bestseller müəllifləridir. Varis qurduğu PR-la, bir dönəmin ən çox satılan müəlliflərindəndir. Yazıçı kimi PR kampaniyasına ciddi maliyyə ayırır və nəticə göz qabağındadır. Qaraqan HOST qrupunun siması idi və ilk kitabı ilə böyük oxucu auditoriyası topladı və bu gün qismən o auditoriyanı qoruya bilib. Gördüyüm qədər Rövşən Abdullaoğlu da reklama ciddi maliyyə ayırır və yeniyetmə və gənclər arasında sevilir. Elxan Elatlı ardıcıl yazdığı detektiv romanları ilə, müəyyən çevrədə, xüsusən azərbaycandilli detektivsevərlər arasında populyardır.

Varis və Qaraqanın yaradıcılığı ilə tanış olsam da, təhlil etməmişəm. Bu cür populyar, kitabları kifayət qədər satılan müəlliflərin yaradıcılığı, xüsusilə əsərləri haqqında fikir bildirməyə ehtiyac görmürəm. Məncə heç birinin buna ehtiyacı yoxdur. İstənilən fikri qərəzli qəbul edə bilərlər. Ona görə də əgər xahiş etsələr, ciddi qonorar qarşılığında onların yazdıqları haqqında fikirlərimi yaza, əsərlərini təhlil edə bilərəm. Kitaba əmtəə, qazanc yeri kimi baxan, reklamına və PR-na pul xərcləyən yazıçılar haqqında qonorarsız yazmağı özümə rəva bilmirəm. Satılırlar, populyardırlar - çox gözəl. İş təhlilə, fikir bildirməyə, bu kampaniyaya qoşulmağa gəldikdə isə vəziyyət dəyişir. Düşünürəm ki, enerjimi şəxsi yaradıcılığıma xərcləməliyəm.

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu: “Kərbəladan roman yazmaq istəyirəm, qorxuram ...

- Ayxanla razıyam. Adları çəkilən bu imzaların diqqət çəkən əsərlərini görməmişəm. Hətta bir neçə dəfə məsələn, Elxan Elatlının, Rövşənin kitabı qabağıma çıxıb, oxumaq istəmişəm, vərəqləmişəm, görmüşəm ki, getmir. Əsər yapışmır ki, oturub oxuyasan. Cümlələr heysizdir, "hu" edirsən uçub-dağılır, enerji ötürmür. Təəccüb edirsən ki, oxucular belə əsəri necə sevə bilər? Mən şəxsən Rövşəni sevən oxucunun ciddiyyətinə şübhə ilə yanaşıram.

Fərid Hüseyn

Gallery

- Onların seçdikləri janrın tələbatları və əsərlərin ünvanı tələb edir ki, umduqları maraqları təmin etsinlər.

Dünyanın hər yerində o tipli ədəbiyyatın mahiyyəti aşağı-yuxarı eyni olur. Hər halda mən vaxt-bivaxt həmin insanların əsərlərinin gözdən salınmasının əleyhinəyəm və düşünmürəm ki, onlar digər janrda yazanların oxucuların əllərindən alırlar. Ədəbiyyat adamlarının bir-birinə qənim nəzəri ilə baxmasını arzulamazdım. Olanımız budur. Hər sahədə olduğu kimi. Hər birinə uğurlar arzu edirəm...

Sevinc Elsevər

Prezident olsaydım, təhsil nazirini işdən çıxarardım” (Sevinc ...

- Bu müəlliflərdən yalnız Qaraqandan bir roman oxumuşam: "Bir milyon dollarım olsaydı", idi deyəsən adı. Başlanğıc üçün də ümidverici kitab idi. Sonra məncə müəllif özünü inkişaf etdirmədi. Deyəsən daha yazmadı da. Digər müəllifləri oxumamışam. Yalan deyə bilmərəm. Ancaq zövqünə güvəndiyim adamların sözlərinə inanıram. Adını çəkdiyin müəlliflərin kifayət qədər oxucusu var. Macərapərəst, hazırlıqsız oxucular bəyənir o əsərləri. Əvvəllər, 16, 17 yaşlarımda qarşıma nə çıxsa oxuyurdum. O zamanlar ki, hələ oxucu kimi bədii zövqüm yox idi. Hətta "Oxu məni " qəzetində seriallar çap olunurdu. Onları da oxuyurdum. Anam o qəzetin oxucusu idi. Mənim də oxumağıma etirazı yox idi. Təsəvvür elə, həm Tolstoyu , Dostoyevskini oxuyursan, həm də "Oxu məni" qəzetini. Güman ki, sözügedən müəllifləri də məhz hələ bədii zövqü tam formalaşmamış oxucular oxuyur. Yaxud da onlar ağır romanlar arasında nəfəs dərmək üçün bu yüngül kitablara baş vururlar. Mən özüm ixtisasca kinoşünasam. Qodara, Triyerə, Berqmana, Tryuffoya, Fasbinderə baxan adam, bir də görürsən Şəmi ilə Şöşüyə baxıram. Bəlkə həmin o müəlliflər də olmalıdır. Olmalıdır ki, ağır romanların arasında oxucu nəfəs dərsin. Ancaq fərqi mütləq nəzərə almaq lazımdı. Oxucu bilməlidir tutaq ki, Şərif Ağayarın, Aqşin Yeniseyin, Sabir Əhmədlinin yeri hardadır, bu müəlliflərin yeri harda.

Aqşin Evrən

Aqşin Evrənin böyük yazıçımıza göndərdiyi silah

- Bu siyahıdan bircə Rövşən Abdullaoğludan nəsə oxumamışam. Digər üçünün 5-10 il əvvəl oxuduğum və öz ədəbi istiqamətlərinə görə bəyəndiyim mətni olub. Tutaq ki, Elxan Elatlı maraqlı detektiv əsər yazıb və s. Ümumiyyətlə, mən bu kəsim yazarları hansısa böyük ədəbi kriteriyalar baxımdan qiymətləndirməyin yanlış olduğunu düşünürəm. Adı çəkilən müəlliflərin hər birinin öz oxucu kütləsi var. Bu adamlar insanları kitaba bağlayır, insanlarda kitab oxumaq vərdişi yaradır. Məncə, bu müsbət haldır. Amma bəzən mənfi tərəfləri də olur.

Tutaq ki, bəzən çox oxunan müəlliflərimizin mətnini qoyduq kənara, cümlə yaza bilmədiyinin şahidi oluruq. Kitab satmaq üçün dili təhqir etmək olmaz.

Bir də görürsən ki, hansısa oxucu əsərdən bayağı bir abzası paylaşıb, şedevr kimi təqdim edib. Halbuki adam həmin abzası statusa yazmağa belə utanar, nəinki romana.

Dünya o bayağı mövzuları, yanaşmaları tik-tokda həll edib tükədir, bizdə isə onları ədəbiyyata gətirməyə çalışırlar.

Yekun olaraq deyim ki, Azərbaycan tənqidini dirçəltmək, canlandırmaq lazımdır. Bunun üçün isə aidiyyəti qurumlar konkret təkliflər irəli sürməli, layihə başlatmalıdırlar.

Emin Piri

Emin Piri: Müharibə şeirləri

- Buna Azərbaycan ədəbiyyatı baxımından bir neçə yöndən baxa bilərik. O baxımdan ki, kim kimləsə dost olmaq, əlaqələr qurmaq, onun resurslarından istifadə etmək üçün öncə o adamı vururlar. Ayxanın da onlarla dost olmayacağı, sabah qol-qola şəkillər paylaşmayacağı məlum deyil.

Adamlar yazıçılığa iddia etmədiklərini söyləyirlər. Bu baxımdan Ayxanı qınayanlara haqq verirəm. O baxımdan ki, bizdə kim iddiam yoxdursa deyirsə qiraətçisindən, oxucusundan üzü belə sonradan görürük ki, ən böyük iddia əslində onların içində yatır. İstedadlı şair və yazıçıların bütün istifadə edəcəyi resurslardan onlar istifadə edir. İddiam yoxdur açıqlamaları özünü qorumaq və gizlətmək instinktidir.

Dil baxımdan Ayxanla həm razıyam, həm də fikirlərimiz bir qədər haçalanır. Dil ədəbiyyat məsələsi olsa da mətndə birinci məsələ ideyadır. Onsuz da bərbad dilli yaxşı tərcüməçi vasitəsilə tərcümə edilərkən o xətalar itə bilir. O zaman ortaya gözəl bir əsər çıxır. Təbii ki, ideya varsa. Azərbaycanda o qədər gözəl dili olan yazıçı var ki, amma köhnəlikdə ilişib qalıb, ya da ümumiyyətlə normal ideya xətti belə yoxdur. O cür mətnlər uzaq başı universitetə hazırlaşan tələbələrçün testlərdə istifadə olunan vasitədir.

Rəvan Cavid

Bizsə hələ də küçədə öpüşə bilmirik...

- Onların yazdıqları nəinki bədii təfəkkürdən, ümumiyyətlə, təfəkkürdən uzaqdır.

Ancaq ədəbiyyat elə yerdi ki, kiməsə yaz, kiməsə yazma deyə bilməzsən.

"Bulvar ədəbiyyatıdı, sarı ədəbiyyatdı, qoy olsun..." demək də olmur. Bu cür yazılar, kitablar zövq terrorudur.

# 6189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #