Çingiz Aytmatovun kitabı təqdim olundu

Çingiz Aytmatovun kitabı təqdim olundu
20 sentyabr 2023
# 18:17

Qırğızıstan Respublikasının Bakıdakı Səfirliyində böyük qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi münasibəti ilə Azərbaycan dilində yenicə çapdan çıxmış “Dağlar yıxılanda” adlı nəsr toplusunun təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində yazıçının oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov, Qazaxıstan Respublikasının Bakıdakı səfiri Alim Bayel, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı və Azərbaycan mədəniyyətinin tanınmış simaları iştirak ediblər.

Qırğızıstan Respublikasını Bakıdakı Səfiri Kayrat Osmanaliyev tədbiri açaraq, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin fasiləsiz inkişafından və mədəni əlaqələrin möhkəmlənməsindən söz açıb. O, böyük ədibin yaradıcılığına Azərbaycanda göstərilən marağı yüksək qiymətləndirib, nəşr olunan toplunun mədəni əlaqələrin daha da zənginləşdirilməsinə sanballı töhfə olduğunu qeyd edib.

Kitabı Azərbaycan dilinə çevirmiş yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı böyük yazıçıya həsr olunmuş tədbirin torpaqlarımızda anti-terror əməliyyatının aparıldığı həyəcanlı günlərə təsadüf etdiyini, ölkə rəhbərliyinin və Azərbaycan
Ordusunun sarsılmaz iradəsi ilə separatçılara və onların havadarlarına layiqli cavab veriləcəyinə inandığını bildirib. O, Çingiz Aytmatovun Azərbaycanı özünün ikinci vətəni saydığını, ölkəmizdə böyük ədibin yaradıcılığının çox sevildiyini,
Qırğızıstanın Bakıdakı Səfirliyinin dəstəyi ilə işıq üzü görən yeni nəşrin də maraqla qarşılanacağına əmin olduğunu bildirib.

Ədibin oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov da atasının Azərbaycana böyük sevgi bəslədiyini, yeni nəşrin onun xatirəsinə sonsuz hörmət nişanəsi olduğunu bildirdi, tərcüməçiyə və səfir K.Osmanaliyevə təşəkkürünü bildirib. Hər ikisinə Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun xatirə medalını təqdim edib. O, gələcəkdə Azərbaycanda ədibin yaradıcılığı ilə bağlı tədbirlər keçiriləcəyini vurğulayıb.

TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı Çingiz Aytmatovun 95 illik yubileyinin Azərbaycanda keçirilməsini və kitabın nəşrini türk xalqlarının mənəvi birliyinə verilən böyük töhfə adlandırıb.

Qeyd edək ki, “Qanun” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitaba yazıçının sonuncu “Dağlar yıxılanda” romanı, “Üz-üzə” povesti və hekayələri daxil edilib. Kitabın rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan
Əhmədli, mətndəki şeirlərin tərcüməçisi Nurafiz, redaktoru isə İlqar İlkindir.


# 1194 dəfə oxunub

Müəllifin son yazıları

# # #