Cem Yılmazın sevgilisi oldu, keşiş onu dünya gözəli seçdi, içki və qumara qurşanıb həyatını məhv etdi

Cem Yılmazın sevgilisi oldu, keşiş onu dünya gözəli seçdi, içki və qumara qurşanıb həyatını məhv etdi
3 fevral 2022
# 12:05

Kulis.az 1989-cu ildə dünya gözəli seçilən Meltem Hakarar haqqında maraqlı faktları təqdim edir.

Meltem Hakarar 1970-ci ildə Türkiyədə anadan olub. Orta məktəbi başa vurandan sonra İstanbul Universitetində Memarlıq fakültəsində təhsil alır. Sonralar o, Moskvada keçirilən dünya gözəli yarışmasına qatılmaq üçün universitet təhsilini dondurmalı olur.

***

1989-cu il yanvarın 22-də Moskvanın “Kosmos” mehmanxanasının konsert zalında SSRİ-da ilk dəfə gözəllik müsabiqəsi keçirilir. Müsabiqəyə 21 ölkədən 28 iştirakçı qatılır.

Nigeriya, Malta, Sinqapur, Yunanıstan, Bolqarıstan, Türkiyə kimi ölkələrin ən gözəl qızları bu müsabiqəyə qoşulur.

***

SSRİ kimi qapalı bir ölkədə belə müsabiqənin keçirilməsi bütün dünyanın marağına səbəb olur.

***

Türkiyəni həmin müsabiqədə 19 yaşlı Meltem Hakarar təmsil edir. Meltem həmin dönəmdə "Kanal D"də şöbə müdiri vəzifəsində çalışır, basketbolla məşğul olurmuş.

Moskvaya təşrif buyuran Meltem, elə həmin gecə “Xalq gözəli” seçilir. Salonda əyləşən 1056 nəfərdən 1022 nəfəri ona səs verir.

***

Gözəllərin qaldığı mehmanxanada hər gözəlin otağının qarşısında bir mühafizəçi və otel əməkdaşı olur. Gözəllik yarışmasına qatılan hər bir iştirakçı otaqlarının açarını həmin adamlara verirmişlər. Otelə jurnalist buraxılmır. İstisna olaraq foto-çəkiliş qəti şəkildə qadağan olunur.

***

Qızının Moskvadan qayıtmasını iş adamları ilə birgə hava limanında gözləyən Fügen Hakarar Meltemi görərkən ona sarılıb ağlayaraq deyir:


”Mənim qızım gözəldir”.

Bu yarışmada ən qəribə məqamlardan biri də bu idi ki, münsiflər heyətində Moskvada yaşayan fransız keşiş Mixail Potyoskim vardı. Müsabiqədə keçirilən səsvermədə Potyoskim də Melteme səs verir.

***

Yarışmaya qatılan gözəllərin sayında qeyri-bərabərlik olur. Bir çox ölkələrdən iki, üç nəfər, Rusiyadan isə doqquz gözəl müsabiqəyə qatılır. Təkcə türkiyəni Meltem təmsil edir. Buna baxmayaraq müsabiqənin qalib Meltem Hakarar olur. O həmin gecə dünya gözəli kimi ona təqdim olunan tacı qəbul edir. Bundan başqa, Meltem həm də “Zərif gözəl” nominasiyasında qalib olur. Həmin günləri xatırlayan Meltem müsahibələrinin birində deyir:

“Hər kəs məğlub olmuşdu, salonda məzar səssizliyi vardı. Son mərhələyə iki nəfər qalmışdıq. Mən və İsrail gözəli Şirey. Aparıcı ikinci yerin qalibini elan etməliydi. Mən isə donub qalmışdım. Birinci olduğumu biləndə sevincdən ağladım. Müsabiqə bitən günün gecəsi səhərə qədər yatmadım. Tacımı qarşıdakı dolabın üzərinə qoyub, onun qaşlarının divara düşən işıqlarına baxdım. Ertəsi gün küçəyə çıxanda, hər kəs məni tanıyırdı, ətrafıma toplanıb mənimlə şəkil çəkdirmək istəyən minlərlə insan vardı”.

Daha sonra meyvə bazarına gedən Meltem apelsin, mandarin, limon satılan piştaxtanın arxasına keçib, pərəstişkarlarına pulsuz meyvə paylayır.

***

Meltemin sahib olduğu tac 357 qiymətli daşla bəzədilibmiş. Həmin tacı Türkiyəyə aparmaq üçün xüsusi icazə alınır. Bəzi mənbələr tacın qiymətinin 30 min dollar olduğunu bildirsələr də, sovet ittifaqından olan təşkilatçılar tacın 18 min rubl dəyərində olduğunu bildiriblər. Tacdan əlavə Melteme 3 min dollarlıq kürk manto da hədiyyə olunur.

Sovet ittifaqının ən məşhur kosmonavtlarından biri olan Anatoli Berezov dünya gözəli ilə tanış olmaq imkanını qazanandan sonra belə deyir:

“Melteme heyran oldum”.

***

"Kosmos" otelində qalan Meltem Hakarar orada fəaliyyət göstərən qumar makinəsində bəxtini sınayıb səhər saat dördə qədər qumar oynayır və cəmi səkkiz dollar pul qazanır.

Qəribədir ki, həmin gün ABŞ yarışmaya qatılmasa da, Moskvaya müsabiqəni çəkmək üçün xüsusi çəkiliş qrupu göndərir. Yarışma ABŞ, Böyül Britaniya və Fransada canlı izlənilir.

***

Türkiyə yayım etmədiyi üçün Türkiyədə xalq Meltemin qələbəsindən gec, iki gün sonra xəbər tutur.

Meltem Hakarar bir müddət tanınmış stendapçı Cem Yılmazla sevgili olur. Ancaq onların münasibətləri uzun çəkmir və sevgililər ayrılırlar.

***

2000-ci ildə dünya gözəli Ali Behar adlı şəxslə ailə qurur. Toy günü Meltem gəlinlik fatasının üstündən ona dünya şöhrəti gətirən tacını qoyur. Ancaq bu tac ona ailə səadəti gətirmir. Beş il sonra Meltem həyat yoldaşından ayrılır.

***

Ailəsi dağılandan sonra o, alkoqol içkilər qəbul edir. Hətta uzun illər alkoqolizmdən əziyyət çəkir. Bundan sonra onun həyatı qaydasına düşmür, işləri düz gətirmir.

***

Meltem Hakarar iki dəfə Azərbaycana səfər edib. İlk dəfə 1991-ci ildə Bakıya gələn dünya gözəli 2018-ci ilin aprel ayında bu səfərini yeniləyir. O, aktrisa Məlahət Abbasovanın “Məlahətli söhbətlər” verilişində qonaq olarkən bu sözləri deyir: "Azərbaycanlılar çox vəfalıdırlar. Keçən bu illər ərzində məni heç unutmadılar, hətta övladlarına mənim adımı qoyanlar da oldu”.

# 16468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #