Kulis.az dramaturq Cəfər Cabbarlı və ailəsinin nadir fotosunu təqdim edir.
Xatırladaq ki, Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul bir kəndli ailəsində dünyaya gəlib. O, 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlayıb. Bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan əsərlərini yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə çeşidli mətbuat orqanlarında çıxışlar edib.
1920–1923-cü illər Cəfər Cabbarlı yaradıcılığının ikinci dövrü olaraq sayılır. Bu dövrdə qələəmə aldığı “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri ən tanınmış əsərlərdir. Hər iki əsər 1921–1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə yazar pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini təsvir edib.
Cəfər Cabbarlı 1922–1923-cü illər ərzində iki dəfə həbs olunaraq işgəncələrə məruz qalıb.
Cəfər Cabbarlı 1920–1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu hesab olunub. 1928-ci ildən etibarən şairin yaradıcılığının üçüncü dövrü başlayıb. Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra bir müddət dram yaradıcılığına ara verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazıb. Əsər qadın azadlığı mövzusunda yazılıb.
Get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət veməyən Cəfər Cabbarlı çox zəifləyib və 1934-cü il dekabrın 31-də vəfat edib.