Çağır, uşaq kimi yüyürüb gəlim - Günün şeiri

Çağır, uşaq kimi yüyürüb gəlim - Günün şeiri
16 oktyabr 2023
# 14:10

Bu gün tanınmış şair Nüsrət Kəsəmənlinin anım günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsindən şairin "Ona" təqdim edir.

Yollar darlıq edir ayaqlarıma,
Ürəyim uşaqtək kövrələcəkdir,
Toxundur əlini barmaqlarıma,
Əllərin çiçəyə çevriləcəkdir.

Məndən istəsəydin əgər eşqini,
Dünyamı bir həzin nəğmə edərdim.
Bir gün Puşkin kimi, Lermontov kimi.
Səninçün dueldə ölsəm, nə dərdim.

Təsadüf qəribə işlər görürmüş,
Bir səhər bir eşqin əvvəli imiş,
Ürək sevməz dedim, demə sevirmiş,
Məhəbbət ağılda qüvvəli imiş.

Dənizəm səndədir sahilim mənim,
Bilirəm, sahillər qayasız olmaz.
Çağır, uşaq kimi yüyürüb gəlim
İstəsən həsrətdən nişanə qalmaz.

Od idim, gözümə sovruldu külüm,
Ömrüm niyə belə düşdü çətinə?
Keçmiş həyatımı bağışla, gülüm,
Sənə sonsuz olan məhəbbətimə.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #