"Burada yaşamaq mümkün deyil!" - Məşhurlar Rusiyanı tərk edir

"Burada yaşamaq mümkün deyil!" - Məşhurlar Rusiyanı tərk edir
8 mart 2022
# 16:00

Fevralın 24-dən etibarən Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatlardan sonra Rusiyanın ölkə daxilində sanksiyalar tətbiq etməsi bir çox məşhurun buranı tərk etməsinə səbəb olub.

Siyahıya bu dəfə rusiyalı kino tənqidçi Anton Dolin, aktrisa Çulpan Xamatova və şair, aktrisa Vera Polozkova əlavə olunub. Onlar Rusiyadan çıxdıqlarını sosial media hesabları vasitəsi ilə bildiriblər.

Anton hazırda Latviyada olduğunu açıqlayıb. O, teleqram hesabında bu sözləri yazıb:

"Ağzını bağladıqları bir məmləkət, doğma olsa da yaşamaq mümkün deyil. Xüsusən də yeganə vasitəsi söz olan insan üçün. Ukraynada insanların öldürüldüyü bir vaxtda insanların planlarını müzakirə etməyə, filmlərə baxmağa, premyeralara getməyə davam etdiyi Moskvanın havasında nəfəs ala bilmədim".

Müharibə əleyhinə olanlardan biri də aktrisa Çulpan Xamatovadır. O, hətta Rusiya prezidentinə məktub ünvanlayaraq bu müharibənin sonlandırılmasını xahiş edib. “Zakuliska” teleqram kanalı aktrisa Çulpan Xamatovanın da ölkədən getməsi barədə məlumat yayıb.

Aktrisa Vera Polozkova isə Rusiyanı tərk etdiyini bu sözlərlə elan edib:

"Uçduq. Çox acı bir həftə idi. Doğum günündə dostlarımı yığıb onlarla vidalaşmaq çox ağrılı idi, çünki seçim qalmamışdı. Mənim ölkəmdə nə siyasət, nə jurnalistika, nə də fəaliyyət göstərən hüquqi institut var. Amma dövlət xalqla bərabər deyil. Mənim xalqım üçün qərar verən insanlar qanunsuz hakimiyyətdədirlər: on ildir ki, ədalətli seçkilər keçirilmir. Ona görə də onların yeganə silahı yalandır. İnanıram ki, bu həmişə belə olmayacaq".

Qeyd edək ki, bundan əvvəl bir neçə teleqram kanalı Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinovanın Rusiyanı tərk etdiyi barədə məlumat yayıb. Həmçinin rejissor Kantemir Balaqov da Rusiyanı tərk etdiyini bildirib./Axşam.az

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #