Bu nişanda bir adam vardı... - Ülviyyə Heydərova

Bu nişanda bir adam vardı... - Ülviyyə Heydərova
9 iyun 2025
# 12:00

Bu gün mərhum yazıçı Günel Eminlinin həm doğum, həm də anım günüdür...
Kulis.az
Ülviyyə Heydərovanın Günel Eminli haqqında "
Dünya boyda..." yazısını təqdim edir.


Uzun, qara qıvrımsaçlı, qara qaşlı, iri qara gözlü, hündürboylu, dolu bədənli bir qadın təsəvvür edin. Üstəlik yapışqan, suyuşirin. Belə bir insanı təsəvvürünüzdə canlandıra bildinizmi? Bax, dostum, sirdaşım Günel Eminli belə görünürdü. Dünya boyda idi. O qədər nəhəngdi ki, ona baxmaq üçün hər dəfə başımı qaldırırdım. Həyatıma gəlişi ilə təkcə başımı ucaltmadı, elə özümü də göyə qaldırdı. Küçədə görəndə onun sayəsində səmaya da baxırdım. Bizə gələndə onu qucaqlamaq üçün dəhlizə stul gətirirdim. Qalxırdım stula, onu qucaqlayıb yenidən aşağı enirdim. Bu zarafatımızdan elə gülərdik ki, səsimizdən qonşular bloka çıxardı. Günel güləndə qıvrım saçları dolu bədəninə qoşulub yırğalanırdı. Sanki telləri də onunla birgə sevinirdi. Sevinc ona elə çox yaraşırdı ki...

Müxtəlif ölkələrin mətbəxini bilən, şirniyyatları sevən, dostlarını ən ekzotik restoranlara dəvət edən, hesab gələndə özü ödəmək üçün ofisiantın əlindən kitabçanı qapan bir insan təsəvvür edin. Belə bir insan gözləriniz önünə gəldimi? Bax, Günel bu cür adam idi. Necə ki, sözlərini bəzəyirdi, bişirdiyi xörəklərə də ədvalar səpər, dadlı-duzlu edərdi. Şirniyyatsız bir günü olmazdı.
Qəhvəni isə lap çox sevirdi.



Hər dəfə deyirdim ki, Günel, sənin əsərlərindən qəhvə qoxusu gəlir. O, Bakıdakı “Gloria Jean’s Coffees” şəbəkəsinin daimi müştərisi idi. İlk dəfə bu kafeyə də elə onunla getmişəm. Bütün qəhvələrin adını, dadını bilirdi. Latteni ilk dəfə onunla içmişəm. Heç cür adını yadımda saxlaya bilmirdim. “Lote”, “lotte” deyəndə şaqqanaq çəkib gülürdü.

2019-cu ilin nəfəskəsən yayı idi. Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində kinodramaturq Rüstəm İbrahimbəyovun bərpa elədiyi Kino Məktəbinə qəbul olunmaq üçün ittifaqa getmişdik. Hər ikimiz ayrılıqda ustad Rüstəm İbrahimbəyovla görüşdük, ssenarilərimizi ona təqdim elədik. Görüşdən o qədər gözəl təəssüratla ayrıldıq ki, oradan çıxanda İçərişəhərə piyada düşdük. Sabir bağı ilə üzbəüz yerləşən “Gloria Jean’s”ə getdik, sifarişimizi verib iri şüşəli pəncərənin önündə oturduq. İndi hər o küçədən keçəndə, özümdən asılı olmayaraq, pəncərəyə baxıram. Elə bilirəm, Günel orada kiminləsə oturub qəhvə içir. Ondan sonra daha latte içmirəm, heç “Gloria Jean’s”ə də getmirəm...

Gecənin bir aləmi zəng edib ədəbiyyatdan, sənətdən danışan bir insan təsəvvür edin. Belə bir insan gözləriniz önünə gəldimi? Bax, Günel belə idi. Sevdiyimiz rejissorlardan, aktyorlardan, filmlərdən danışırdıq, oxuduğumuz kitabları, yazdığımız əsərləri müzakirə edirdik. Bir də xəbər tuturduq ki, gecəni yarı eləmişik. Günelin zəngini eşidim deyə gecələr telefonumun səsini almırdım. İndi telefonum səssiz rejimdədir. Gecələr zəng edənim yoxdur axı. Amma Günellə söhbətimiz davam edir. Ürəyimdə...

Kirayə qalan dostunun evi olsun deyə onun üçün pul yığan bir insan təsəvvür edin. Belə bir insan gözləriniz önünə gəldimi? Məncə, yox. Çünki beləsi daha yoxdur.
2016-cı il idi. Bir kirayə evdən başqa bir kirayə evə köçmüşdüm. Həmişəki kimi mənə ilk baş çəkən Günel oldu. Evə baxdı. Sıxıldı. Çünki birinci mərtəbədə yerləşən birotaqlı ev daha çox ofisə oxşayırdı. Dedi, gəl, səninlə bir oyun oynayaq. Dedim, nə oyun? “Növbəti dəfə gələndə səni başqa evdə görüm” - dedi. Elə bunu söyləmişdi ki, qapı döyüldü. Evin sahibi salamsız-kəlamsız birbaşa mətləbə keçdi. İki günə əşyalarımı toplamalı idim. Ev sahibi məni yaxınlıqdakı digər evinə köçürəcək, buranı isə mağaza edəcəkdi. Təəccüblə Günelə baxdım. Ev sahibi gedəndən sonra qəhqəhəmiz açıq pəncərədən ətrafa yayıldı. Evsizliyim təkcə mənim yox, elə onun da ağrısı idi.


Bir gün dedi ki, sənin üçün pul yığıram. Nə qədər etiraz eləsəm də, sözümə baxmadı. Azərbaycan Yazıçılar Birliyi tərəfindən mənə mənzil veriləndə ilk Güneli düşündüm. Əmin idim ki, tort alıb bizə gələr, sevindiyindən hoppanıb-düşərdi.
Sevinc ona elə çox yaraşırdı ki...

# 335 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #