Bu layihə niyə tendersiz verilib? - Mədəniyyət Nazirliyinə sərt tənqid

Bu layihə niyə tendersiz verilib? - Mədəniyyət Nazirliyinə sərt tənqid
10 may 2022
# 15:40

Kulis.az Balta Animasiyasının Prodüseri və NME şirkətinin direktoru Nicat Manafovun tənqidi yazısını təqdim edir.

Mədəni tariximiz vacib və bir o qədər çətin dövrlərdən keçib. Lakin hər zaman deyildiyi kimi inkişafımızı bizi tənqid edənlərə borcluyuq. Bu dəfəki məsələ tendersiz sifariş olunan “Qarınqulu” adlı tammetrajlı animasiya filmidir. Reallıqda və praktikada dünya dövlətləri öz intellektual kimliklərini və bacarıqlarını xüsusilə siyasi, iqtisadi və mədəni tarixini videomateriallar halında cəmiyyətə və digər dünya dövlətlərinə əks etdirir. Hazırda ictimaiyyətə təsirin ən vacib subyektləri məhz sosial və video platformalarıdır. Mədəni irsimizin bu platformalarda qorunması və yayılması başlıca hədəflərimizdən olmalıdır, elə bu səbəbdən dövlət siyasətində belə bu məsələyə toxunularaq yaxşı təşəbbüs göstərilmişdir. Mədəniyyət Naziri Anar Kərimov çıxışında 2022-ci ilin sonunadək tammetrajlı animasiya hazırlanacağını bildirib. Əlbəttə bu çox sevindirici haldır. Amma… “Kino” elə bundan sonra başlayır. Başı bəlalı mədəniyyət sahəmiz gün keçmir ki, daha bir haqsızlığa şahid olmasın.

Mədəniyyət Nazirliyindən sifarişli animasiya layihəsi hazırlanılması qərarına gəlinir. Amma… layihə icrası üçün verilir “AzanFilm”-ə. “AzanFilm”-in sifarişi ilə animasiya layihəsinin ssenarisi xidməti müqavilə ilə dörd nəfər tərəfindən yazılır. Ssenari təsdiqindən sonra layihənin komandası və büdcəsi müzakirələri başlayır. Müzakirə zamanı “AzanFilm” rəhbərliyi layihədən imtina edir. Layihənin büdcəsi də 300.000 AZN və üzəri, hansı ki, bu məbləğlər üçün tender keçirilməsi lazım idi. Ortada qalan animasiya layihəsinə yeni şirkət axtarışı başlayır. Layihə bu dəfə icrası üçün əsas arxiv studiyası olan “Salnamə” filmə verilir. Ancaq “Salnamə” filmdə animasiya layihəsini icra edəcək nə animator var, nə də animasiya sahəsində ixtisaslaşmış hər hansı bir kadr. “Salnamə” də başlayır bu layihəni icra edəcək şəxsləri xidməti müqavilə ilə toplamağa.

Tendersiz və müsabiqəsiz sifarişi verilən “Qarınqulu” adlı animasiya layihəsinə görə haqlı olaraq kino ictimaiyyətindən bir neçə suallar çıxır ortaya?

300.000 AZN üzəri büdcəsi olan layihə niyə tendersiz verilib?

“Salnamə” filmin bunu icra edəcək komandası yoxdursa niyə seçilib?

Animasiya studiyası “AzanFilm” bu layihədən niyə imtina edib?

Daha uyğun qiymətə edə biləcək şirkət axtarışı niyə olunmayıb?

Mən əminəm ki, bu hadisə mədəniyyət sektorumuz üçün nə ilkdir, nə də son. Amma keyfiyyətli ekran əsərləri rəqabət olmadan ərsəyə gəlməsi mümkün deyil. Xüsusilə Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin rəhbəri Rüfət Həsənovun bu layihə ilə əlaqəli mənimlə bir neçə dəfə kofeşopda qeyri-rəsmi görüşü olub. Amma ona ünvanladığım suallar arasında niyə bu layihə tendersiz verilib, niyə başqa animatorlar və şirkətlər dəvət olunmadığına dəqiq cavablar ala bilməmişəm. Digər cavabını tapa bilmədiyim sual isə Rüfət Həsənovun bu layihədəki marağıdır. Əgər keyfiyyətli iş olunmasını istəsəydi müsabiqəyə və ya tenderə maraqlı olardı, burada isə gərəksiz dost-tanışlıqdan başqa heç nə yoxdur.

Nəzərə alınnması vacib olan məsələ bu yaradiciliq işini ortaya gətirən layihə iştirakçıları və sifarişçilər bilməlidirlər ki, aldıqlari ödənişin hər bir manatında xalqın əziyyəti və zəhməti var. Yaratdıqları və ya yaratmağa çalışdıqları layihə bizim üçün cəmiyyətə çatdıra biləcəyimiz ilkin başlanğıcdır. Əsl mədəni irsimizi dünyaya çatdirmaq üçün bir vasitədir və bu şansı doğru dəyərləndirmək lazım idi. Niyə şans? Çünki bu eyni zamanda gənclərə də verilmiş bir fürsət idi və fürsətlər hər zaman olmur. Lakin əsl yaradıcı insanlar özlüyündə və işlərində daima ləyaqət və vicdan ortaya qoyurlar Heç nə, özünüzü qoruyun. Layihədə işçi qismində iştirak edən köhnə “Balta” komandasından yoldaşlara da uğurlar arzulayıram. Əminəm bir gün nə demək istədiyimi yaxşı başa düşəcəksiniz.

# 2806 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #