Brilliant Dadaşova ilə danışmadı, təhsil haqqını ödəmədiyi üçün toylara getməyə məcbur oldu, gizli eşq yaşaması barədə şayiələr yayıldı...

Brilliant Dadaşova ilə danışmadı, təhsil haqqını ödəmədiyi üçün toylara getməyə məcbur oldu, gizli eşq yaşaması barədə şayiələr yayıldı...
7 mart 2023
# 15:00

Kulis.az müğənni, Əməkdar artist Lalə Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Lalə Məmmədova 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası professor, anası isə orta məktəb müəlliməsi olub. Ailədə beş bacı olublar. Lalənin atası muğamları çox sevib. O, hər dəfə muğamata qulaq asanda, Lalə də onunla birgə dinləyirmiş. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutur.

***

Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə gedib. 8 yaşında qəzetlərin birində Bülbül adına musiqi məktəbinə uşaqların qəbulu haqqında elan oxuyur. Lalə ailəsindən ehtiyat edərək musiqi üzrə təhsil almaq istəyini ailəvi dostları olan Kifayət Gəncəliyə deyir. Kifayət xanım Lalənin valideynləri ilə danışandan sonra Lalə Bülbül adına musiqi məktəbinə gedir.

İmtahanda onu dinləyənlər arasında Şövkət Ələkbərova da olur. Lalə muğam sinfinə daxil olur. Şövkət Ələkbərova Laləni dinləyəndən sonra ona deyir ki, səsin yaxşı səsin var, amma hələ çiydir. İmkan olanda, mənim dərslərimə gəl. İki ay Lalə Şövkət xanımın dərslərinə gedir, ancaq sonra orta məktəb dərslərində gerilədiyi üçün valideynləri onu yenidən təhsil aldığı 172 saylı orta məktəbə qaytarırlar.

***

Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olur. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkir. 1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayır.

2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burda Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. 2011-ci il Sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Məmmədova "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülür.

***

2012-ci il Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur.

Ona ən böyük uğuru isə “Məktəb illəri” mahnısı gətirir. Bu mahnı Lalənin vizit kartı hesab olunur. Bu günə qədər də məktəblərin ilk tədris ilində və “Son zəng” lərdə bu mahnı ifa olunur.

***

Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adını alıb.

***

Estrada müğənnilərindən Flora Kərimovadan sonra Lalə Məmmədova Opera teatrında Leyli obrazını canlandıran ilk müğənni olub.

Müğənni həmkarı Samirə Allahverdiyeva ilə bilinməyən səbəblərdən iki ildən çox küsülü olub, amma hər iki musiqiçi bunu mediaya sızdırmayıblar. Hətta eyni verilişlərə, konsertlərə birgə çıxıblar, ancaq bir-birlərini danışdırmayıblar.

***

Müğənninin anası onu heç vaxt dinləməyib. Hətta bəzən başqa müğənnilərlə qızının səsini səhv salırmış. Lalənin atası isə uzun illərdir alzheimer xəstəliyindən əziyyət çəkir. Bu barədə Lalə xanım müsahibələrinin birində deyir:

“Əvvəllər yaddaşı gedib gəlirdi. Sonra daha da kəskinləşdi. İndi mənim üçün çox ağrılıdır ki, sevdiyim bir insan məni tanımır. Mən valideynlərimlə bir evdə yaşayıram. Onların bütün yükü mənim üzərimdədir. Bəzən atam gecələr oyanır, mən onu ayaq səslərindən tanıyıram. Bilirəm ki, odur oyanan. Hərdən o, unudub öz otağına yox, başqa otaqlara girir. Anam da, mən də elə bilirik ki, bizim bir övladımız var. Onun ardınca gəzirik. Onun öz iş otağına girib rəfdəki kitabları dərk edə bilməməsi çox ağırdı. Halbuki o kitabların arasında atamın öz yazdığı kitablar da var. Bircə Sara Qədimovanın musiqilərini dinləyəndə başını yelləməyindən bilirəm ki, onun musiqilərini xatırlayır”.

Müğənni ilkin tələbəlik illərində təhsil haqqını ödəyə bilmədiyi üçün toya getməyə məcbur olur. O, bacısı ilə birgə toylara gedir, ailəsinin çətin günündə onlara dəstək olur. Anası buna qəti etiraz edir, mən səni bunun üçün böyütməmişdim deyir. Ancaq Lalənin atası onun yanında olur.

***

Lalənin həyat yoldaşı onların otuz illik ailə dostlarının oğlu olur. Lalə onunla bir həftə telefonla danışandan sonra görüşməyə razılıq verir. Bir müddət sonra onlar ailə qurur. Müğənninin iki qız övladı dünyaya gəlir.

Lalə xanım “Çağdaş ədəbiyyatımızda Füzuli təsirinin əlaqəsi” adı ilə elmi iş müdafiə edib. Milli Konservatoriyada İngilis dilindən dərs deyib.

***

Bir müddət sonra Lalə Məmmədova həyat yoldaşı ilə yollarını ayırır. Bu barədə müsahibələrinin birində deyir:

“Mənim qızım hələ bizim onun atası ilə ayrılıq səbəbini bilmir. Böyüyəndə onu başa salacam. Mən ataları ilə görüşə qadağa qoymamışam, amma qarşı tərəf maraqlı deyil bu məsələdə. O, övladlarını dolandırmaq üçün aliment verməlidir, amma vermir. Əksinə efirlərə çıxıb danışır. Düşünmür ki, sabah onun qızlarına elçi gələcək”.

Boşanmadan sonra isə müğənni haqqında ən çox yayılan şayiələrdən biri onun gizli eşqinin olması və bunu hamıdan gizlətməsi olub. Bu haqda o, özü deyir:

“Özəl şeylərdir. Arada olur elə paylaşımlar. Bu mənim özəl həyatımın bir hissəsidir. Arada hekayə bölümündə müəyyən bir qığılcımlar olanda paylaşıram. Şükürlər olsun ki, hər şey gözəldir. Gözmuncuğum olsaydı, yanında düzərdim”.

# 3453 dəfə oxunub

Müəllifin son yazıları

# # #