Braziliyada 28 May - Respublika Günü caz konserti keçirildi

Braziliyada 28 May - Respublika Günü caz konserti keçirildi
26 may 2023
# 18:26

Mayın 24-də Braziliyanın paytaxt şəhərində Azərbaycan Respublikasının Müstəqillik (Respublika) Günü münasibətilə diplomatik ziyafət və Xalq artisti, ustad musiqiçi Ənvər Sadıxov ilə pianoçu bəstəkar, Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, səfirlikdən APA-ya verilən məlumata görə, tədbir, Braziliyanın milli ordusunun “Corpo De Bombeiros Militar” orkestrinin təntənəli ifasında hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı. Daha sonra tədbirdə səfir Rəşad Novruz çıxış edib. O, ölkəmizin qədim adət-ənənələrə, zəngin təbii və insan sərvətlərinə, əzəmətli tarixə və möhkəm müstəqillik təməlinə malik olduğu barədə tədbir iştirakçılarına məlumat verib. Bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin praqmatik xarici siyasəti və şəffaf dövlət idarəçiliyi nəticəsində ölkənin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, cəmiyyətinin ildən-ilə gücləndiyini bildirən səfir, bu müdrik siyasi xəttin təməlində bir güclü iradənin, bir tarixi şəxsiyyətin durduğunu qeyd edib. O, bu xüsusda Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq səviyyədə mövqeyinin tanınması və xalqımızın rifahının təmin edilməsində əvəzsiz rol oynadığını vurğulayıb. Bu il, Prezident İlham Əliyevin ali qərarı ilə “Heydər Əliyev İli” kimi qeyd edildiyini bildirən səfir, bir çox ölkələrdə olduğu kimi Braziliyada da silsilə tədbirlərin təşkili və onların hər birisinin onun adı ilə bağlanması, onun şərəfinə həsr ediləcəyini vurğulayıb.

Daha sonra Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri senator Nelsinyo Trace və Braziliya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi çıxış ediblər. Onlar öz çıxışlarında, Azərbaycanın Braziliya üçün regionda əhəmiyyətli tərəfdaş olduğunu, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün kifayət qədər siyasi iradə, resurs və imkanların olduğunu qeyd ediblər. Hər iki natiq, 28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikasının elan olunmasını ölkəmizin ilk müstəqillik addımı kimi dilə gətirdilər. Azərbaycan ilə bütün sahələrdə cari müsbət dinamikanın qorunması və xüsusilə parlamentlər arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir Azərbaycanın ən gözəl caz ənənələri ilə davam edib. İfaçılarımız tərəfindən “Yenilməz batalyon”, “İki dünya”, “Əhməd haradadır - popurri”, “Uzundərə rəqsi”, “Şərq və Qərb”, “Nueva” və Ulu Öndərin əbədi adı şərəfinə “Ataya məktub - ithaf” əsərləri ifa olunub. Əməkdar artist Emil Əfrasiyab “Ataya məktub” musiqisinin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Bu əsərin Ulu Öndər Heydər Əliyevin şanlı xatirəsinə həsr etdiyini vurğulayıb.

Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və çox sayda alqışlarla qarşılanıb.

Tədbirdə Prezident Lula da Silvanın nazir səlahiyyətli müşaviri, Braziliya Hökumətindən 2 nəfər nazir müavini, Braziliyada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, federal və bəzi ştatların yerli hökumət nümayəndələri, senatorlar və federal deputatlar, KİV nümayəndələri və tələbələr iştirak ediblər.

# 782 dəfə oxunub

Müəllifin son yazıları

# # #