Boş qəbir - Elxan Əzizov

Elxan Əzizov

Elxan Əzizov

29 noyabr 2022
# 16:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elxan Əzizovun "Boş qəbir" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Boş qəbir

(Ötən əsrin əhvalatları silsiləsindən)

Qaş qaralırdı. Çərkəz atası Pünhan kişi ilə eyvanda otur¬muş¬du. Həyətin o başında darvaza açıldı, kiminsə tanış səsi eşidildi:
- Ay ev yiyəsi, qonaq istəmirsiniz?
Pünhan kişi gözlərini qıyaraq dilləndi:
- Qonağa lap canımız da qurban.
Eyvanın işığında Kamandar göründü. Çərkəz tez həyətə düşüb, köhnə dostunu qucaqladı.
- Ba..., qardaş, xoş gəlmisən. Sən də bizi yada salarsanmış.
Pünhan kişi incimiş kimi:
- Bala, bir il olar, səsin-sorağın da eşidilmir, - dedi.
Kamandar eyvana qalxıb, onunla görüşdü.
- Pünhan dayı, vallah, vaxt tapa bilmirəm. Bu tərəflərə də bir ezamiyyətim düşmür. İndi elə qonşu rayondaydım. İşimi qurtardım. Fikirləşdim ki, sabah da bazar günüdür, sizə bir baş çəkim.
- Lap yaxşı eləmisən. Nə olar, bir dəfə külfətini bizim tərəflərə gətirsənə. Özgə ki, deyilik. Allaha şükür, həyət-bacamız da genişdir.
Çərkəz atasını sakitləşdirdi:
- Ay dədə, qoy bir kişi nəfəsini dərsin də. Axı, yoldan gəlib. Amma Kamandar, qayınanan səni yaman çox istəyirmiş. Bu gün dədəmin könlünə döşəmə plov düşmüşdü. Özün bilirsən anam da onun ustası.
Kamandar Çərkəzlə Jurnalistika fakültəsində bir yerdə oxumuş¬du. İndi mərkəzi qəzetdə müxbir idi.
Bir azdan süfrə açıldı. Şamdan sonra çay içə-içə söhbət əsnasında Pünhan kişi oğlu Çərkəzdən soruşdu:
- Sən o Şəmşirli əhvalatını eşitdinmi?
- Nə bilim, dədə, hərə bir şey danışır.
- O gorbagora bu da azdır.
Çərkəz söhbəti dəyişdirmək istədi.
- Ay dədə, nəyimizə gərək. Başımıza söz qəhətdir?
- Bala, adam rayon qəzet redaktoru olanda hər şeydən ehtiyat etməz.
Çərkəz incik halda dilləndi:
- Nə ehtiyatbazlıqdır ey... Ondansa, Kamandarla beş-on kəlmə kəssək yaxşıdır.
Kamandar isə peşəsindən doğan maraqla soruşdu:
- Nə əhvalatdır ki?
Pünhan kişi başı ilə Çərkəzə işarə edərək dedi:
- Qardaşağan macal versə, danışaram.
Çərkəz atasının xətrinə dəydiyini duydu.
- Ay dədə, o nə sözdür. Özün bilərsən.
Pünhah kişi qəlyanına tütün doldurub alışdırdı. Bir-iki qullab vurduqdan sonra söhbətinə başladı:
- Əhvalat belədi. Yç gün bundan qabaq rayonumuzda Şəmşirli deyilən bir ilan, axırı ki, gəbərdi. Onu basdırmağa təkcə iki oğlu, bir də qohum-əqrəbası getmişdi. Mollanı da kənardan gətirmişdilər. Bizim mollalar hamısı boyun qaçırmışdılar. Ertəsi gün oğlanları gedib görərlər ki, gecəliklə gəlib atalarının qəbrini murdarlayıb, baş daşı yerinə də, o tok olan yerlərdəki kəllə-sümük şəkli var ha, ondan qoyublar. Qəbrin üstünü bir təhər təmizləyərlər. İkinci gün yenə həmin şeyi görərlər. Axırı, hava qaralandan sonra oğlanları Şəmşirlini qəbirdən çıxarıb, aparıblar öz xaraba yurduna. Camaat danışır ki, gedəndə deyiblər, bu biabırçılıqdan sonra bir də bura qayıtma¬yacaqlar. Düzdür, o gədələr pis uşaq deyillər. Amma dədələrinə görə onlarla yaxınlıq eləyən yoxdur.
Kamandar heyrət içində soruşdu:
- Pünhan dayı, axı, bu Şəmşirli kim olub? O, neyləyib ki, ondan belə hayıf çıxıblar? Heç adamın inanmağı gəlmir.
- Bala, o əclaf bizim rayonda o qədər evlər yıxıb ki, hələ bu da azdır o gorbagora. Mən onun elədiklərindən birini danışım sənə. Bu, Lətif bəylə bağlıdır. Allah ona rəhmət eləsin.
Pünhan kişi qəlyanının külünü boşaldıb, yenidən tütünlə doldurdu. Yandırıb dərindən sümürdü.
- Kamandar, yoldan gəlmisən. Bəlkə yatasan, sabah danışaram. Əhvalat uzundur.
Kamandar etiraz etdi.
- Siz Allah, yox. Səhərə qədər də olsa, qulaq asmağa hazıram. Təki siz yorulmayasınız.
- Bala, mən qoca kişiyəm. Onsuz da yuxum ərşə çəkilib. Nə isə. Bu Lətif bəy dediyim Hacı Muxtar bəyin oğlu idi. Hacı Muxtar bəy çox rəhmdil adammış. Kəndlərində öz rəiyyəti ilə yaxşı davranırmış. Ona görə də camaat onu özünə ağsaqqal bilirmiş. Hacı Muxtar bəy özü mollaxanada oxuyubmuş. Amma deyib ki, dünya dəyişib, gərək yeganə oğlumu savadlı adam edim. Ona görə uşağa dayə tutub, rus, fransız dilləri öyrətdirib. Əvvəlcə aparıb qoyub onu Qori seminari¬yasına. Oranı qurtarandan sonra soruşub ki, oğlum, kim olmaq istəyirsən? Lətif bəy də deyib ki, həkim. Hacı Muxtar bəy göndərib oğlunu Peter¬burqa oxumağa. Lətif bəy həkimliyi bitirəndə Birinci cahan müharibəsi başlayar. Onu hərbi həkim kimi göndərərlər cəbhəyə. İki ilin içində Lətif bəy qəhqrəmanlığına, yaxşı həkimliyinə görə qısa müddətdə polkovnik olar. Ona ordenlər, medallar verərlər. Bu arada rayonumuza xəbər gəlib çatar ki, Lətif bəy ağır yaralanıb, ölüm ayağındadır. Hacı Muxtar bəy başı lovlu gedər oğlunun dalınca. Bir də yarım ildən son¬ra qayıdar. Lətif bəy yavaş-yavaş özünə gəlirmiş. Sonra onu hörmətlə dörd əsgər evlərinə gətirər. Bir-iki aya Lətif bəy sağalır. Amma ömrünün axırına kimi əl əsası ilə gəzirdi. Hacı Muxtar bəy oğluna yaxşı toy elədir. Qarabağdan bir bəyin qızı Gülsüm xanımla evləndirir. Gülsüm xanımın da atası elm həvəskarı olubmuş. Qızını Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi məktəbdə oxudubmuş. Toydan heç bir az keçməmiş Hacı Muxtar bəy rəhmətə gedir. Lətif bəy kəndlərdəki torpaq¬larını vermişdi kəndlilərin ixtiya¬rına. Atası kimi onlara dəyib-toxunmazdı. Bir dəfə eşidər ki, kəndlərindən birində kəndxuda özbaşınalıq edib. Elə həmin gün onu kənddən qovub. Lətif bəy yenə həkimliyini edirdi. Camaata həyan idi. Özü dərman alıb, xəstələrə paylayardı. Gülsüm xanım da evdə məktəb açmışdı. Kasıb-kusubun uşağına dərs verirdi. Lətif bəyin rayon əhli içərisində hörməti atasınınkından da böyük idi. Ona görə başqa bəylərin ondan zəhləsi gedirdi. İmkanları olsaydı, onu didərdilər. Lətif bəy enlikürək, qəşəng, şux qamətli bir adamdı. Qara cins atının belində küçəyə çıxanda hamı onun tamaşasına durardı. Belə ad-san qazanan vaxtında onun heç otuz yaşı olmazdı.
Lətif bəyin Səməndər adlı bir mehtəri vardı. Onun xətrini çox istəyirdi. Cins atlarından birini də ona bağışlamışdı. Bir dəfə rayonumuza qəza pristavı gələr. Səməndər də atına minib harasa gedirmiş. Küçənin tinində pristavla rastlaşar. Pristavın atı ürküb az qalıb onu belindən sala. Pristav qeyzlənib, qorodovoylara əmr verib ki, Səməndərin atını alıb, özünü də şallaqlasınlar. Bunu tez Lətif bəyə çatdırarlar. Bir azdan o, polkovnik formasında, sinəsində ordenləri, qara atının belində gəlib pristavı tapar. Ütünə qışqırar ki, ay filan olmuş, sən, deməli, həddini elə aşmısan ki, polkovnik Lətif bəyin mehtərinin atını əlindən alıb, özünü də döydürürsən. Pristav and-aman eləyər ki, bilməmişəm. Tez Səməndəri buraxdırar. Bu hadisədən sonra pristav bir də bizim tərəflərdə görünmədi. Bax, bala, Lətif bəy beləydi.
Sonra Bakıda Şura hökuməti quruldu, komissarlar güllələndi, hakimiyyətə müsavat gəldi. Lətif bəy isə həkimliyini edirdi. İyirminci ildə Şura hökuməti yenidən qurulanda Lətif bəyin hörməti daha da artdı. Sən demə, o, Nərimanovla, başqa bolşeviklərlə yaxınmış. Lətif bəyin evi həmişə qonaq-qaralı olardı. Elə həmin qonaqların da çoxusu bolşeviklər imiş. Jandarmadan gizlənmək istəyəndə, qəzetlərini, sənədlərini saxlamaq üçün Lətif bəygilə sığınarlarmş. Ona görə də Lətif bəyi Nərimanov Bakıya çağırtdırıb, böyük vəzifə təklif edər. O isə cavab verər ki, indi camaatın həkimlərə böyük ehtiyacı var. Mənə imkan verin öz rayonumuzda xəstəxana açım. Razılaşıblar.
Bala, Şura hökumətinin xəbəri bizə çatanda kəndlərin çoxunda camaat zalım bəylərin evlərini yandırıb dağıtdılar, əllərinə keçənləri də öldürdülər. Amma Lətif bəyin qapısından heç vaxt köhnə rəiyyəti əl çəkmirdi. Hərə öz dərdini danışmağa, məsləhət almağa gəlirdi. İmkanında olanı da xurcununa atıb, onun evinə gətirirdi. Lə¬tif bəy nə qədər onlara acıqlanırdısa da ki, ay balam, daha mən si¬zin ağanız deyiləm, aldığım məvacib mənim bəsimdir. Amma nə xeyri. Lətif bəy də evinə gətirilən şeyləri kasıblara, xəstələrə payladardı. Gülsüm xanım isə əməlli-başlı məktəb açmışdı. Bala, bu ər-arvad eyni xasiyyətli idilər. Öz aralarında da çox mehribanmışlar. Həmişə can deyib, can eşidiblərmiş.
Bir neçə il belə keçdi. Rayonumuza o əclaf Şəmşirli gəlib çıxdı. Onu enkevedenin naçalniki qoymuşdular. Düzdür, təzə-təzə Şəmşirli banditləri əzməkdə özünü pis göstərməmişdi. Amma iki-uç il sonra yaman quduzlaşdı. Kimə baxırdısa, düşmən görürdü onu. Kimdən xoşu gəlmirdisə, “qolçomaq” damğası vurub dama basdırırdı. Rayonumuzda işə başlayanda sısqa bir şeydi. Bir neçə ilin içində qarnı az qala burnuna dəyirdi. Arvad kimi buxaq bağlamışdı. Camaatı gözü qıpıq eləmişdi. Qılıncının dalı da kəsirdi, qabağı da. Ətrafına beş-on nəfər özü kimiləri toplamışdı. Gündə kefdə-damaqda idi. Kimə nə buyursaydı, gərək axşama onun hüzurunda hazır olaydı. Yoxsa, o adam əlli-ayaqlı yoxa çıxardı. Neçələrini tanıyıram ki, uşaqlarının çörək puluna qoyun alıb aparıb Şəmşirlinin həyətinə. Nə var, nə var bu yekəqarının qonağı olacaq.
Şəmşirli rayona gələndən Lətif bəyi gözü götürmürdü. Kişinin camaat arasında, Bakıda böyüklərin yanında hörməti əclafa rahatlıq vermirdi. Bir dəfə aktivin iclasında deyər ki, bizim raykom işçiləri inqilabi sayıqlıqlarını itiriblər. Hələ də keçmiş kəndlilərindən vergi yığan bir bəyi o boyda xəstəxananın baş həkimi qoyublar. Yerdən camaat qışqırışıb. Raykom katibi hamını sakitləşdirəndən sonra cavab verib ki, Lətif bəyi sizin Bakıdakı rəisləriniz lap yaxşı tanıyırlar və mənə onun haqqında çox danışıblar. Siz isə, yoldaş Şəmşirli, ak¬tivin iclasında artıq-əskik sözlər işlətməyin.
Bundan sonra Şəmşirli Lətif bəyin əleyhinə daha da qızışıb. Sonra da belə bir iş olmuşdu. Lətif bəyin keçmiş mehtəri Səməndərin gözəl-göyçək bir qızı vardı. Şəmşirli hardasa onu görər. Öyrənib atasını tapar. Deyər ki, qızını verəcəksən mənə. Kişi onun ayaqlarına düşər ki, qızım necə ildir nişanlıdır, iki gündən sonra toyu ola¬caq, hamıya da xəbər çatdırılıb. Şəmşirli Səməndərin xirtdəyindən yapışıb ki, qızı bu axşam evimə gətirməsən, səni güllələdəcəyəm, ku¬lak köpək oğlu. Səməndər də hər yerdən əli üzülüb qaçar Lətif bəyin üstünə. Danışar ki, bəs hal-qəziyyə belədir. Lətif bəy də lap hövsələdən çıxıb gedər düz Şəmşirlinin kabinetinə. Onun kabinetində başqa adamlar da varmış. Lətif bəy təmkinlə deyər: “Ay yoldaş Şəmşirli, səni bura göndəriblər ki, Şura hökumətinin düşmənləri ilə mübarizə aparasan, xalqın mənafeyini güdəsən. Sən banditlərə, qolçomaqlara divan tutursan, lap yaxşı. Afərin, daha yerdə qalanlardan nə istəyirsən? Xalq indi-indi adam kimi yaşamağa başlayıb, azadlığa çıxıb. Niyə qoymursan camaat rahat nəfəs ala? Niyə özünü köhnə pristavlar kimi aparırsan? Yəni fikirləşirsən ki, səninlə heç kəs bacara bilməz? Hamıya hədə-qorxu gəldiyin, haq-nahaq tutub dama basdığın, bəzilərinin malına yiyə durduğun bəs deyil, hələ kişilərin namus-qeyrətinə də sataşmaq istəyirsən? Heç səndə yəni azərbaycanlı qanı yoxdur? Bax, sənə xəbərdarlıq edirəm, Səməndərin qızından əl çəkməsən, bu işin axırı pis qurtaracaq”.
Lətif bəyin zəhmindən özünü itirən Şəmşirli əvvəlcə danışmağa söz tapmaz. Sonra başlayar qışqırmağa: “Sən kimsən ki, mənim kabinetimdə özünü belə aparırsan? İşə bax, köhnə bəy inqilab yolunda qan tökmüş bolşevikə hərbə-zorba gəlir”. Lətif bəy heç halını pozmadan çıxar eşiyə.
Düzdür, Şəmşirli Səməndərin qızından əl çəkdi. Amma rayon əhli səksəkədə idi ki, bu əclaf Lətif bəyi güdaza verə bilər. Bir-iki nəfər kişiyə deyib ki, bəlkə Bakıdakı vəzifəli tanışlarınıza xəbər çatdırasınız. Lətif bəy cavab verib ki, mən hələ ömrümdə xəbərçilik etməmişəm, bu, kişiyə yaraşmaz.
Otuzuncu illər idi. Rayonumuzun kəndlərində kolxozlar qurul¬muşdu. Camaatın vəziyyəti yaxşılaşırdı. Amma nə olsun. Nərimanov kimi şəxsin adı heç yerdə çəkilmirdi, kitabları yoxa çıxmışdı. Xırda bir şeydən ötrü Şəmşirli kimi alçaqlar adamları gecəykən evindən çıxarıb, məhkəməsiz-filansız Sibirə göndərt¬dirir¬dilər. Bala, elə şərait yaran¬mışdı ki, işdə adamlar bir-birilə ehtiyatla salamlaşırdılar. Bir də görürdün, səhərisi gün filankəsi “xalq düşməni” kimi dama basıblar, sən də cavab verməlisən ki, onunla nə haqda xısınlaşırdın. Bir tərəfdən də bəzi mahallarda banditlər baş qaldırmışdılar. Dəmir yol stansiyası ilə rayonumuz arasındakı o on kilometrlik yol var ha, orda nə qədər adamı soyub-talamışdılar. Elə həftə səkkiz, mən doqquz, atışma zamanı öldürülmüş banditləri bazarın ortasındakı çinar ağacının altına qoyurdular. Gedib-gələnlər də tüpürürdü onların cəmdəklərinə.
Bax, belə bir zəmanədə Şəmşirli fikirləşər ki, əlinə girəvə keçib. Bir gün neçə milisionerlə gedər Lətif bəyin evinə, deyər ki, bir məktub almışam sənin haqqında. Evini yoxlamalıyam. Yazıblar ki, qohum¬ların Kəlbəcərdə banditlik eləyirlər. Soyub-taladıqlarını da gizlədiblər sənin evində. Lətif bəy özünü saxlaya bilməyib qışqırar onun üstünə: “Ay alçaq, sən indi mənə şər atırsan? Mənim Kəlbəcər¬də qohumlarım nə gəzir ki, hələ banditlik də eləsinlər. Lap varsa da, bunun mənə nə dəxli? Rədd ol mənim evimdən. Taqsır məndədir ki, indiyədək sənin nələr etdiklərinə göz yummuşam”. Şəmşirli tez milisionerlərə əmr edər ki, Lətif bəyi aparsınlar türməyə. Özü isə bir-iki nəfərlə ələk-vələk eləyər evi. Kişinin ata-babasından qalma xalçaları, qiymətli şeyləri də bir arabaya yığdırıb göndərər idarəsinə, guya onlar talan olunmuş mallardır. Gülsüm xanım nə qədər o əclafa başa salar ki, bunlar bizim öz şeylərimizdir, inanmırsınız, bizim evdə olanlardan soruşun, Şəmşirli deyib, aydınlaşdırarıq. Həmin gün bu xəbər rayon əhlini vurdu bir-birinə. Raykom katibi işə qarışdı. Şəmşirli ona da qulaq asmadı. Bəhanə gətirib ki, məktubdakı faktları tamam yoxlamayınca Lətif bəyi buraxdıran deyiləm. Bu mənim partiyanın, hökumətin qarşısında borcumdur.
Düz iki gün Şəmşirli Lətif bəyi türmədə saxladı. Üçüncu gün səhər xəbər yayıldı ki, guya Lətif bəy gecə türmədən qaçmaq istəyəndə milisioner Adışirin güllə ilə vurub onu. Səhərisi Bakıdan Şəmirli teleqram alıbmış ki, Lətif bəyi azad etsin. Məktubda olan faktları isə komissiya gəlib yoxlayar.
Lətif bəyin ölümü bütün rayonu ayağa qaldırdı. Gecə milisioner Adışirinin evinə od vurdular. Özü arvad-uşağı ilə harasa yoxa çıxmışdı. O gün Şəmşirli rayonda görünsəydi, yəqin onu öldürərdilər. Ertəsi gün Bakıdan təcili komissiya gəldi. Məlum oldu ki, Lətif bəyə şər yaxıblar. Evindən aparılan şeylər qaytarıldı ailəsinə. Ara yerdə Lətif bəy getdi.
Hamı yaxşı bilirdi ki, bütün bunlar Şəmşirlinin işidir. Axı, bizim rayonda məmə deyəndən pəpə deyənədək Lətif bəyi yaxşı tanıyırdı. Uşaqlardan soruşanda ki, böyüyəndə kim olacaqsan, deyirdilər, Lətif bəy. Adışirin də burda doğulub, böyüyüb. O, Lətif bəyə əl qaldırammazdı. Amma Adışirin nadürüst komissiyaya danışıb ki, guya gecə keşikdə dayananda, görüb bir nəfər türmənin hasarından aşır. Qışqırıb, dayan atacam. O dayanmayıb, Adışirin də atəş açıb. Yaxınlaşıb görüb Lətif bəydir.
Pünhan kişi çoxdan sönmüş qəlyanını sümürdü. Sonra külünü boşaldıb, yenidən doldurdu. Soyumuş çayından bir neçə qurtum içdi. Onun alnındakı qırışlar daha da artmışdı. Gözləri yaşarmışdı. Boğazını arıtlayıb:
- Bala, - dedi - daha gecdir. Qalanını sabah danışa¬ram.
Kamandar uşaq sadəlöhvlüyü ilə dilləndi:
- Pünhan dayı, yorulmamısansa, söhbətini davam elə. Mənim indidən belə gözümə yuxu getməz.
Punhan kişi köksünü ötürdü:
- Eh, nə deyirəm. Hə, Lətif bəyi basdırmağa bütün rayon əhli çıxmışdı. Onun cənazəsini evindən qəbiristana qədər camaat çiynində apardı. Qəbrinin üstünə o qədər gül qoymuşdular ki.
Lətif bəy rəhmətə gedəndə oğlu Fərdilin on üç-on dörd yaşı olardı. Atasını qəbirə qoyanda qışqırmışdı ki, dədəmin qanını yerdə qoymayacam. Gülsüm xanımla böyük qızı Sənəm nə qədər çalışmış¬dılar ki, uşağı sakitləşdirsinlər, bacarmamışdılar. O gündən Şəmşirli də rayona çıxanda o yan, bu yana boylanardı.
Bu hadisədən üç il sonra Fərdili əsgərliyə çağırdılar. Gülsüm xanım voyenkomata gedib deyər ki, axı, uşağın hələ yaşı çatmır. Hardansa Şəmşirli peyda olub, voyenkomun əvəzinə cavab verər ki, niyə, kasıbların uşağı əsgər gedə bilər, deməli, bəy oğluna gələndə yaşı çatmır. Gülsüm xanım kor-peşman qayıdar evə. Nə isə, uşağı əsgər aparandan heç bir il keçməmişdi, fin müharibəsi başladı, sonra da ikinci dünya müharibəsi.
Bala, bu ağır illərdə Şəmşirli daha da vəhşiləşmişdi. Hamı aclıq çəkəndə onun həyətindən kabab iyi gəlirdi. Danışırdılar ki, camaatın cəbhə üçün topladığı pulun, qızılın bir hissəsini bu alçaq özünə götürür. Neçə-neçə ac-yalavac əsgər arvadını o, yoldan çıxarmışdı. Bir bəla idi, düşmüşdü bizim rayona. Dinməyə də bir adamın cəsarəti çatmırdı.
Belə keçdi neçə illər. Qırx dördüncü il idi. Raykomun katibi aktivin iclasını çağırıbmış. O, təzə gəlmişdi rayonumuza. Ayağa durub deyər: “Burda Muxtarbəyov Fərdil Lətif oğlunun qohumlarından, ya da tanışlarından var?” heç kimdən səs çıxmaz. Raykom katibi təəccüblənər: “Gör ha, bu rayondan bir nəfər Sovet İttifaqı qəhrəmanı çıxıb, onu da tanıyan yoxdur”. Onda hamı cürətlənib: “Tanıyırıq, Lətif bəyin oğludur. Anası da Gülsüm xanım, məktəbin müdiri”.
Raykom katibi tez adam göndərib Gülsüm xanımı çağırtdırar. Təbrik edib deyər: “Gözləyirik, bu yaxınlarda qəhrəmanımız rayona gələcək”. Gülsüm xanım danışmaq istəyər, bacarmaz. Hıçqırıb ağla¬yar. Zaldakıların alqış səsindən az qalıb pəncərələrin şüşələri çiliklənə.
Heç bir ay keçmədi, rayonda bir dəsgah keçirildi, gəl görəsən. Neçə il idi, camaat belə şadyanaqlıq etməmişdi. Mərkəzi parkda böyük mitinq oldu. Həmin gün evdə oturan yox idi. Kəndlərdən də çox adam gəlmişdi. Bu, təkcə qəhrəmanımız Fərdilə görə deyildi. Bu, həm də Lətif bəyin əziz xatirinə görəydi. Fərdilimiz də, elə bil, atasıydı dururdu. Baxışları, enli kürəyi, şux qaməti eyniydi. Fərdilin rayonda olduğu bir həftə ərzində Şəmşirli itmişdi harasa. Ondan sonra da küçədə az körünərdi. Əvvəlki mənəm-mənəm deməyindən bir şey qalmamışdı.
Axırı, müharibə də qurtardı. O, çox adamları qoymuşdu gözü yaşlı. Bizdə tək-tük ev vardı ki, qara xəbər almasın. Hələ də itkin düşənlər tapılmayıb.
Bir gün eşitdik ki, Bakıdan Şəmşirlinin dalınca gəliblər. Elə kabinetində tapançasını alıb basıblar “em adinə”. O gedən getdi. Sonralar xəbər tutduq ki, rayondan Mərkəzi Komitəyə çox yazıblar onun əməllərindən. Sübutlarla, dəlillərlə. Bir tərəfdən də Adışirin orden-medallarla qayıdar müharibədən. Gedib lazımi yerlərə çıxıb, cöyləyər ki, o vaxt növbətçiydim idarədə. Bakıdan teleqram gətirdilər Lətif bəyin buraxılması haqqında. Zəng eləyib Şəmşirliyə xəbər verdim, Tez gəldi. Kameranı açıb Lətif bəyə dedi: “Hələlik azadsan”. Kişi türmə¬nin həyətindən çıxar-çıxmaz cəld mənim tapançamı qoburundan çıxardıb arxadan vurdu onu. Mən, elə bil, yuxu görürdüm. Əlim-ayağım qurumuşdu. Şəmşirli üstümə qışqırdı: “Nə durmusan key kimi. Bax, Adışirin, indi hamıya deməlisən ki, Lətif bəy türmədən qaçanda atdım onu. Onsuz da güllə sənin tapançanındır. Joxsa bas¬dıra¬cam səni dama. Türmədə də eşitsələr ki, sən Lətif bəyi öldür¬müsən, ordan salamat çıxmayacan. İndi özün bil”. Mən də qorxumdan onun dediklərini yazdım raportda.
Şəmşirliyə on beş il verdilər. Gərək güllələyəydilər kafiri.
Bir neçə il sonra Fərdil Bakıda evləndi. Toyuna rayondan da çox adam çağırmışdı. Jaxşı ev vermişdilər ona. Hərbi akademiyanı qurtarmışdı. Vəzifəsi də böyükdü. Amma çox yaşamadı yazıq uşaq. Kabinetin¬də ürəyi partlamışdı. Onun çəkdiklərinə ürək dözərdi ki. Bakıda fəxri xiyabanda basdırmaq istəyirdilər. Amma seyfindən vəsiyyətnaməsi tapılar. Yazıbmış ki, məni rayonda atamın ayağı altında basdırın. Ölümünü hiss edibmiş uşaq.
Onu rayonda çox təntənəli basdırdılar. Qəbirə qoyanda əsgərlər havaya atəş açdılar. Adam əlindən iynə atsaydın, yerə düşməzdi. Fər¬dil atası kimi çavan getdi dünyadan. Amma ad qoyub getdi Lətif bəy kimi. Bir oğlu qalıb hərdən gəlib-gedir.
Gülsüm xanımın beli qırılmışdı. Adam arvadın üzünə baxa bilmirdi. Başı yaşına görə çox tez ağarmışdı.
Hə, bala, illər ötüşdü. Mir Cəfərin məhkəməsindən nə qədər keçmişdi, Şəmşirli təzədən peyda oldu rayonumuzda. O zaman şəxsiyyətəpərəstiş dövründə tutulanlar buraxılırdı həbsdən. Doğrudan da, nahaq gedənlər çox olmuşdu. Amma bu iblisin “reabilitirovannı” kimi, özü də partbileti cibində qayıtmasına hamımız mat-məəttəl qalmışdıq. O vicdansıza da deyən gərəkdi ki, ay filan olmuş, səhvən taqsırsızların siyahısına düşmüsən, barı qayıtma bura. Çıx get başqa yerə. Yox, o, camaata göstərmək istəyirdi ki, mən hələ dururam. Düzdür, onu sistemə qaytarmadılar, qoydular bazarkom. Əvvəllər tanıyanlar açıq-aşkar Şəmşirliyə pis üz göstərir¬dilər. Amma o, gələndən sonra ayrı-ayrı adamlar haqqında anonimlər yazılmağa başlayanda çoxlarının dalağı sancdı. İndi yenə Şəmşirlidən ehtiyat edirdilər. Onunla üzbəüz gəlməməyə çalışırdılar. Rastlaşanda da ədəb-ərkanla ondan hal-əhval tuturdular. Dünyanın işinə bax, bazarda semiçka satandan da pul alan bu nadürüst hər yerdə sözünü “mən bir köhnə bolşevik kimi” deyə başlayardı. Aktivin bir iclası olmazdı ki, Şəmşirli tri¬bunaya çıxmasın. Nəhayət, axır zamanlar rayona komissiyaların dalbadal gəlməsindən, anonimlərin çoxundakı faktların düz çıxmamasından, camaatın işindən-gücündən avara qalmasından bezikən raykom katibi göstəriş vermişdi ki, təcili anonimşik tapılmalıdır. Tapdılar da. Özü də dəlillərlə. Əslində onu axtarmaq lazım deyildi. Onsuz da hamı bunu yaxşı bilirdi. Raykomun bürosuna çağırmışdılar Şəmşirlini. Deyəsən, bu dəfə canını qurtara bilməyə¬cəkdi. Vurdu özünü xəstəliyə.
Eşitmişdi ki, bir tərəfdən də halal mallarını bazarda satanlar şikayət yazıb, nə qədər onlardan pul qopardığını bildiriblər. Allah üzünə baxdı, xəstəliyi düz çıxdı. Gecə yarı bağrı çatlamışdı. Yəqin yuxusuna Lətif bəy giribmiş. Hayıf, Gülsüm xanım bu günü görmədi. Biçarə qadın neçə ildir rəhmətə gedib. Onu necə hörmətlə götürdülər yerdən. Xalq heç zaman yaxşılığı unutmur. Qızı Sənəm Lətif bəyin adı qoyulmuş xəstəxanada həkimdir. Özü də atasına layiq. Hə, bala, belə işlər. Dedim sənə, söhbətim uzun çəkəcək.
Kamandar hələ də eşitdiklərinin təsiri altında idi.
- Pünhan dayı, nə yaxşı ki, yolumu bu gün sizdən saldım. Yoxsa bu söhbətdən məhrum olacaqdım.
Pünhan kişi gülümsədi.
- Xətrinə dəyməsin, siz o Bakıda eşidən kimi ki, filan dağın kəlləsində savadsız bir çoban söz verib, yüz qoyundan yüz on beş quzu alacaq, o saat cumursunuz onun yanına. Haqqında yazıb doldurur¬su¬nuz qəzetləri. Şəklini də verirsiniz nə boyda. Daha bir maraqlanmır¬sınız ki, görəsən, bu savadsız çoban nə təhər elə yüz on beş quzu da təhvil verir. Ay bala, qoyun zakaznan-zadnan əkiz doğur. Onda qoyun-quzu hər yeri basardı ki. Bəs bilmirsiniz, çoban çatmayan quzuları öz sürüsünün hesabına düzəldir. Sözümün canı var. Fırıldaqla şöhrət axtaranlar barədə yazmaqdansa, Lətif bəy kimi xalqımıza xidmət etmiş kişiləri tapıb, üzə çıxardın.
- Düz sözə nə demək olar, Pünhan dayı.
- Yaxşı, gecə yarı olub. Durun, heç olmasa, gözümüzün acısını alaq.
Səhər Kamandar yeməkdən sonra Çərkəzlə qəbiristana getdi. Yolüstü məktəbin yanından keçdilər. Yaxınlaşdılar. Girəcəkdə mərmər lövhə vurulmuşdu. Kamandar onun üzərindəki yazıları oxudu:
“Azərb. SSR Əməkdar müəllimi
Gülsüm xanım Muxtarbəyova
1920-ci ildən 1968-ci ilədək
bu məktəbin müdiri olmuşdur."
Sonra onlar qəbiristana tərəf addımladılar. Qəbiristanın kənarında bir boş qəbir gördülər. Çərkəz başı ilə işarə etdi.
- Dədəm demiş, o gorbagorunkudur.
Boş qəbrin yanında ayaq saxladılar. Kamandarın əti urpəşdi. Çərkəzin qoluna girib, kənara çəkdi. Qəbiristanın ortasında hələ uzaqdan dəmir şəbəkəli bir sahə göründü. Ətrafına sərv ağacları, onların arasında isə həmişəyaşıl kolları əkilmişdi. Yaxınlaşıb qapını açdı¬lar. İçəri keçdilər. Burada üç qəbir vardı; başda Lətif bəylə Gülsüm xanımın, Lətif bəyin qəbrinin aşağı tərəfində isə Fərdilin. Kamandar özündən asılı olmayaraq, onların qarşısında baş əydi.


# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #