Bir də baxdım ki, qış qapıdadı - Allahverdi Təkləlinin yeni şeiri

Bir də baxdım ki, qış qapıdadı - Allahverdi Təkləlinin yeni şeiri
14 oktyabr 2023
# 11:30

Kulis.az Allahverdi Təkləlinin yeni şeirini təqdim edir.

Eh, bir də baxdım ki qış qapıdadı,
Eh, bir də baxdım ki yön qara çıxıb.
Qəddənə-qəddənə qələm ömrümün
Yarıdan çoxusu yonqara çıxıb.

Yarıdan çoxusu yonqara çıxıb...
Ta yer də qalmayıb qəddənməyinə.
...Bir bar budağında lalıxlandısa,
İnanmam təzədən mətdənməyinə.

İnanmam mətdənsin lalıxlanan bar,
İstər ümid verin quş ağzı ilə.
Bu qələm ömrümün yaz öynü getdi,
Durmuşam üz-üzə qış ağzı ilə.

Yetmişəm yaşımın bələn yerinə,
Arxadan uşaqlıq puçurum baxır.
Eh, bir də baxdım ki qış qapıdadı,
Qarşıdan devağız uçurum baxır.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

# # #