Beynəlxalq Qurama Festivalına Şuşada yekun vuruldu

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vuruldu
24 iyun 2024
# 19:00

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilən Azərbaycanda ilk Beynəlxalq Qurama Festivalı Şuşada yekunlaşıb.

Kulis.az xəbər verir ki, Beynəlxalq Qurama Festivalının yerli və xarici iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərini ziyarət ediblər. Səfər zamanı quramaçı sənətkarların əl işlərinin və zəfər yolunu tərənnüm edən, üzərində “Xarıbülbül” təsviri olan 44 metrlik quramanın nümayişi, eləcə də Tut bağında ziyarətçilər üçün təşkil olunan ustad dərsi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, üç gün davam edən Beynəlxalq Qurama Festivalının açılışı Şirvanşahlar Sarayında olub. Festival çərçivəsində “Qurama Dayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” adlı beynəlxalq seminar təşkil olunub. Seminarda türk dövlətlərini təmsil edən quramaçı sənətkarlar, tədqiqatçılar və qurama sənətinin həvəskarları bir araya gələrək qurama sənətinin müxtəlif aspektləri, bu sahədə olan yeniliklər və təcrübələrini bölüşüb, gələcəkdə qurama sənətinin inkişafı yollarına dair fikir mübadiləsi aparıblar. Seminar zamanı quramanın qədim mədəni irsi təmsil etməsi ilə yanaşı, onun eko-dost sənət növü kimi də əhəmiyyəti xüsusi vurğulanıb.

Festival çərçivəsində həmçinin, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunub. Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn quramaçı sənətkarlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Qurama Mərkəzi ilə tanış olublar. Qoruq ərazisindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan yerli əhalinin əsrlər boyunca yaşadığı ənənəvi həyat tərzi qonaqların marağına səbəb olub.

# 598 dəfə oxunub

Müəllifin son yazıları

# # #