Başı çalmalı qadın - Bayram Soylu

Başı çalmalı qadın - Bayram Soylu
11 mart 2024
# 15:00

Kulis.az Bayram Soylunun "Başı çalmalı qadın" hekayəsini təqdim edir.

Elə içəri girən kimi fərqli bir qoxu hiss etdim. Təndirdən təzə çıxmış çörəyin qoxusu idi. Hər təndir çörəyinin ətri belə olmur. Bu tamam başqa qoxu idi...

Tez-tez alış-veriş etdiyim marketin girəcəyinin sol tərəfində alçaq arakəsmə ilə ayrılmış hissədə iki təndir quraşdırmışdılar. Başına çalma bağlamış, ağ bənizli, ucaboylu, düz qaməti ilə uzun sifətinin qəribə bir harmoniya yaratdığı orta yaşlı qadın təndirin birinə çörək yapırdı. Sonuncu kündəsini yapıb tələsik ikinci təndirə yan aldı. Əvvəlcə diqqətlə təndirin içinə nəzər saldı, kənardakı masaya söykənmiş ucu şiş dəmir maşanı götürüb bir-bir çörəkləri çıxarmağa başladı. Çörəklər çıxdıqca əyninə ağ xalat geymiş gənc oğlan onları növbədə gözləyənlərə verirdi. Sonucu çörəyi mən aldım. Marketin çıxışında bir tanışımla rastlaşdım:
- Deyəsən təzə çörəyin iyinə gəlmisən?
- Səni verənə şükür, – tanışımın mənə tərəf uzatdığı əlini sıxdım. Tanışımla əvvəllər bir idarədə işləmişik. Həmsöhbətlərinə tez-tez “səni verənə şükür” deyə xitab edərdi. İndi bu kəlmələri salamına cavab kimi qəbul etdiyinə əmin idim, - Mən bura hər gün gəlirəm. Amma haqlısan, tək elə bu çörəyə görə də gəlməyə dəyər, - dedim.
- Yaxşı çörəkdi. Lap kənd çörəyini xatırladır, - tanışım razılaşdı.
- Bu çörəkdən fərqli qoxu gəlir, məncə...
- Əşşi, adi kənd çörəyinin iyidi də, başqa nə qoxu olacaq, - tanışım sözümü ağzımda qoydu.
- Yox, bu çörəkdən həm də sevgi iyi gəlir, amma tək bu da deyil..., - deyib tanışıma əl uzadıb ayrıldım. Tanışımın şaqqanaq çəkib dediyi sözlərin ancaq əvvəlini eşidə bildim:
- Səni verənə şükür, kefin olsun. Bir bunu eşitməmişdik, sevginin də iyi olurmuş, özü də çörəkdən..., - sonrakı sözlərini anlamasam da tanışımın gülüşü məni xeyli müşayiət etdi...

Həmin gündən etibarən mən heç nə almasam da marketə tanışımın dediyi kimi “çörəyin iyinə” gəlirdim. Bəzən çörəyin təndirdən çıxmasını on beş-iyirmi dəqiqə gözləmək lazım gəlirdi. Bu müddətdə başı çalmalı qadını gözümdən qoymurdum. Ona baxdıqca qəribə rahatlıq tapırdım. Hətta bir dəfə qadın mənim bu diqqətimi sezmiş, xoş təbəssümlə mənə qarşılıq da vermişdi. Qadına qarşı bu doğmalığın nədən qaynaqlandığını heç özüm də bilmirdim. Bir onu bilirdim ki, onun bişirdiyi çörək sevgi dadır, sevgi qoxuyur. Mənə elə gəlirdi ki, başı çalmalı qadının bişirdiyi çörəyin xamırı sevgi, halallıq və mərhəmətlə yoğrulub deyə belə dadlıdır.

Marketə hər gəlişimdə eyni səhnəylə qarşılaşırdım - başı çalmalı qadın gah bir təndirə çörək yapır, gah da o biri təndirdən bişmiş çörəkləri çıxarır. Beləcə, səhərdən axşamacan usanmadan eyni həvəs və şövqlə. Qəribədir – mən bazar günləri də həmin qadını iş başında görürdüm. Yorulmurdumu, bezmirdimi bu qadın? Necə olur ki, bir gün də olsun belə çörəyin dadı dəyişmir? Suallar qadına marağımı günü-gündən artırmaqdaydı...

Mənə elə gəlir ki, gözlər insan xarakterinin bütün cizgilərini xırda detallarınadək əks etdirən ən etibarlı “casus”dur. Kimi tanımaq istəyirsinizsə gözlərinə baxın – gözlər saxtakarlığı bacarmırlar. Tanrı gözləri bu qabiliyyətdən məhrum edib. Başı çalmalı qadını da gözləri “ələ verdi”. “Çörəyin iyinə” getdiyim günlərin birində ilk dəfə idi ki, o, qadının gözlərinə baxırdım. Büllur kimi saf, saflığına zərrə qədər də ləkə düşməmiş o gözlərdən nələri oxumadım ki...
İşimlə bağlı iki günlük ezamiyyətdən sonra şəhərə döndüm. Evə çatdığımda şam süfrəsi artıq hazır idi. Oğlumun yenicə alıb gətirdiyi, hələ buxarı soyumamış təndir çörəyindən bir parça qoparıb aclığın narahat etməyə başladığı mədəmi azca ovutmağa çalışdım. Nə həmin qoxu vardı, nə də dad! Tez qalxıb qapıya tərəf getdim.
- Hara belə, niyə süfrədən yarımçıq durdun? - xanımım soruşdu.
- İndi gəlirəm, - deyib qapıdan çıxdım.

Yüyrək addımlarla marketə girdim. Təndir başında iki qadın vurnuxurdu. O - başı çalmalı qadın gözə dəymirdi. Hövlang halda ağ xalatlı oğlana yaxınlaşdım:
- Bağışlayın, çörək bişirən o qadın hanı, başı çalmalı qadını deyirəm.
- Xəstədir, iki gündür işə çıxmır.
- Onun yaşadığı ünvanı deyə bilərsiniz? – Ərkyana soruşdum.
- Siz kimsiniz ki?

Bir qədər duruxdum. Sonra həmsöhbətimi inandırmaq üçün əminlik ifadə edən tonla:

- Tanışıyam, onunla bu gün təcili görüşməliydim, ona bir işdə kömək etməliyəm, - dedim.
- Bağışlayın onun dəqiq ünvanını bilmirəm. Onu bilirəm ki, mərkəzi xəstəxananın arxasındakı doqquzmərtəbəli binada yaşayır.
- Təşəkkür edirəm, - deyib marketdən çıxdım.

Taksi mərkəzi xəstəxananın yanına cəmi on beş dəqiqəyə çatdı. Taksidən düşüb doqquzmərtəbəli binaya tərəf getdim. Artıq şər qarışsa da binanın həyətində xeyli adam vardı. Onlara yaxınlaşıb başı çalmalı qadının yaşadığı mənzili soruşmaq istədim. Amma nə soruşacaqdım, heç o qadının adını belə bilmirdim. Lap bilim, kiməm deyəcəkdim? Yad birnin tanımadığı qadını soruşması problemlər yaratmayacaqdımı? Suallar bir-birini əvəzlədikcə ünvanı öyrənmək istəyim də əriyib yox olurdu.

Nəhayət, ümidsiz halda həyətdəki skamyalardan birində oturdum. Görəsən, ciddi bir şeyi yoxdur ki? Bəlkə köməyə ehtiyacı var?

Bəlkə, artıq... Qollarımı qucaqlayıb gözlərimi yumdum...

Başı çalmalı qadının gözləri mənə dikilmişdi. Həmin gözlər idi - büllur kimi saf, saflığına zərrə qədər də ləkə düşməmiş gözlər. O gözlər deyirdi ki, onun sahibi çörəyi başqa cür bişirə bilməz, çünki öhdəsinə götürdüyü işi sevə-sevə görmək tərzi onun mahiyyətindədir. O gözlər deyirdi ki, onun sahibi yorula bilməz, çünki...

Qonşu skamyaya yeni əyləşmiş qadınların səsi məni düşüncələrimdən ayırdı:
- Ay qız, lap məəttəl qalmışam. Bu Güllünü deyirəm e... Evi-eşiyi, qapılarında iki maşın, əri biznesmen, bu qədər imkanları ola-ola gedib marketdə çörək bişirir.
- Əşşi, acgözlükdəndi. Mənim ərimin o qədər pulu olsaydı, kefnən yaşayardım. Dee, indi düşüb yorğan-döşəyə. Hərənin başı bir cür xarabdı, bunukunun da belə.
- Qonşular hərəsi bir şey danışır. O gün qapı qonşularından soruşdum. Deyir vallah baş açmıram, evlərindən dava-dalaş səsi də gəlmir ki, deyəm baş götürüb evdən çıxır.
- Nəfs, ay qız, nəfs. Əvvəllər uşaq xəstə idi, c evdən çıxa bilmirdi. İndi...

Artıq binadan xeyli uzaqlaşmışdım. Taksi saxlatdım. Çevrilib binaya tərəf baxdım. Qonşu skamyadakı qadınların danışdıqları marağımı bir az da artırmışdı. Qarışıq düşüncələr içində dönüb taksiyə oturdum...

Təndir çörəyindən sevgi qoxusunun yoxa çıxdığı gündən ötən bir həftə ərzində hər gün gözümün qarşısında eyni səhnə canlanırdı - başına çalma bağlamış, ağ bənizli, ucaboylu, düz qaməti ilə uzun sifətinin qəribə bir harmoniya yaratdığı orta yaşlı qadın təndirə çörək yapır... Əfsuslar! Bu xoş xəyal səhnəsini gerçəklik amansızlıqla alt-üst edirdi. Hər gün marketin təndir quraşdırıldığı hissəsini ayıran arakəsməyə söykənib uzun-uzadı müşahidə etdiyim səhnə başqaydı - təndir başında iki qadın vurnuxur. Ancaq undan yoğrulmuş kündələr təndirə yapılır, çıxan çörəklər xoş ətir saçır, adi çörək ətri. O - başı çalmalı qadınsa gözə dəymir...

Artıq heç bir səbəb olmadan marketə getməyim adət halını almışdı sanki. Mənə elə gəlirdi ki, hər gün getməliyəm, niyə getdiyimisə tam anlamırdım. Amma gedirdim, hər gün gedirdim.

Başı çalmalı qadının bizi sevgi qoxulu (təkcə sevgimi?) çörəyə həsrət qoyduğunun on beşinci günü idi. Marketə girdim. Təndir ətrafında ağ xalatlı oğlandan başqa kimsə yox idi. O da harasa tələsirdi. Məni görcək bir anlıq susdu. Sonra:
- O, bir daha gəlməyəcək, - deyib çıxdı.

Məni soyuq tər basdı. Marketdən çıxmaq istədim. Başım hərləndi. Geri dönüb çörək bişirilən tərəfə baxdım: aha, odur, başına çalma bağlamış, ağ bənizli, ucaboylu, düz qaməti ilə uzun sifətinin qəribə bir harmoniya yaratdığı orta yaşlı qadın təndirə çörək yapır...
- Xahiş edirik, çıxın, bu gün təndir çörəyi olmayacaq, - market işçisi olan xanımın səsindən diksindim.

Bir daha nəzər saldım. Çörək bişirilən yerdə heç kim yox idi...

Özümə gələ bilmirdim. Anlamaq istədiyim çox şey vardı. Suallar rahat buraxmırdı məni: o qadını belə fədakarlığa vadar edən nə idi, pulamı ehtiyacı var idi, axı qonşuların danışığından belə çıxırdı ki, belə bir ehtiyacı olmayıb. Ünsiyyətəmi ehtiyacı vardı, axı onun bunun üçün daha çox imkanları vardı? Bəs səbəb nə idi?..
Başı çalmalı qadının – Güllünün həyat yoldaşına görüşmək istəyimin səbəbini izah etmək o qədər də çətin olmadı. Çox anlayışlı, alicənab birisiymiş. Güllünün vəfatı çox sarsıtmışdı onu:

- Güllü ilə sevib evlənmişik. Çox xoşbəxt idik. Oğlumuzun dünyaya gəlişi xoşbəxtliyimizə xoşbəxtlik qatmışdı. Amma çox keçmədi uşağın ürəyində qüsur aşkarlandı. Mütləq əməliyyat olunmalı idi. Bir uğursuz əməliyyat bütün həyatımızı alt-üst edə bilərdi. Təsəvvür edirsiniz də, valideyn üçün bu nə deməkdir. Güllü ana idi, analar daha dərin iztirab çəkirlər. Mən bu iztiraba son qoymaq üçün hər şeyə hazır idim. Onunsa gücü gecə-gündüz dua etməyə çatırdı. Allaha şükür ki, əməliyyat uğurla keçdi. İndi oğlumuzun həyatı üçün heç bir təhlükə yoxdur. Həkimlər hər şeyin yaxşı olacağına, oğlumuzun tam sağalacağına təminat verəndən sonra Güllü israrla işləmək istədiyini, marketlərin birində təndirə çörək bişirmək üçün razılıq verdiyini dedi. O, təndirə çörək yapmağı kənddə nənəsindən öyrənmişdi. Mən Güllünün bu istəyinə çox təəccüblənmişdim. Axı onun işləməsinə bizim ehtiyacımız yox idi. Mən onun bu istəyinə israrla etiraz elədim. Bax onda Güllü mənə elə elə bir şey dedi ki, bundan sonra etiraz etməyə gücüm çatmadı. Doğrudur, sonradan dəfələrlə onu bu fədakarlıqdan, bəlkə də mənasız olan bu inaddan döndərməyə çalışdım, amma bacarmadım. Ona elə gəlirdi ki, başqa cür davransa dəhşətli kabus qayıda bilər.
- Axı nə idi onu vadar edən, - səbrsizlənərək soruşdum.
- Oğlumuz xəstə olanda Güllü əhd edibmiş ki, uşaq sağalsın – bir gün belə fasilə vermədən, səhərdən axşamacan təndirə çörək yapacaq, aldığı pulu ürək xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün bağışlayacaq. O, əhdinə sonadək sadiq qaldı...

Mən bir daha o marketə getmədim. Amma yuxularımda tez-tez həmin səhnəni görürəm – başına çalma bağlamış, ağ bənizli, ucaboylu, düz qaməti ilə uzun sifətinin qəribə bir harmoniya yaratdığı orta yaşlı qadın təndirə çörək yapır...

# 1961 dəfə oxunub

Müəllifin son yazıları

# # #