“Barokko Günləri” festivalı başa çatdı

“Barokko Günləri” festivalı başa çatdı
28 aprel 2022
# 15:40

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dörd gün davam edən “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov olan festivalda, azərbaycanlı sənətçilərlə yanaşı Türkiyə, İtaliya, Gürcüstan, Ukraynadan olan kollektiv və solistlər də iştirak edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilən K.V.Qlyukun “Orfey və Evridika” operası qazanılan uğura aparan yolun başlanğıcına çevrildi. Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi, rejissor Mikola Tretyak, quruluşçu xoreoqrafı Azərbaycan Respublikasının Xalq artisti Kamilla Hüseynova, xormeysteri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Orfey obrazını Əməkdar artist İlham Nəzərov, Evridikanı Anastasiya Povajna (Ukrayna), Amurun partiyasını isə Əməkdar artist İnarə Babayeva ifa edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tarixində ilk dəfə idi ki, opera və balet artistləri eyni tamaşada solist qismində iştirak edirdilər.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

# # #