Bakıda ilk dəfə Beynəlxalq Fortepiano Günü qeyd edildi

Bakıda ilk dəfə Beynəlxalq Fortepiano Günü  qeyd edildi
30 mart 2024
# 11:40

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında (Kirxa) Səidə Tağızadənin Beynəlxalq Fortepiano Gününə həsr olunmuş konserti keçirilib.

Kulis.az xəbər verir ki, martın 28-də keçirilən konsert Azərbaycan, Rusiya, Böyük Britaniya və digər Avropa ölkələrindəki qədim və şamla işıqlandırılan malikanələrdə, çardaqlarda, istixanalarda, planetariyalarda və digər müvafiq yerlərdə mədəni tədbirlərin təqdim edilməsini həyata keçirən “RED EVENTS & Distribution ltd.” yaradıcılıq agentliyi tərəfindən təşkil olunub.

Beynəlxalq Fortepiano Günü 2015-ci ildə alman bəstəkarı Nils Framın rəhbərlik etdiyi və bu sahədə həmfikir olan insanların təsis etdiyi qrup tərəfindən yaradılan, hər il dünyada qeyd olunan beynəlxalq musiqi bayramıdır. Bu bayram fortepianodakı klavişlərin sayına görə hər ilin 88-ci günü dünyanın hər yerində qeyd olunur. Bu gün dünyanın müxtəlif yerlərində bu münasibətlə festivallar, konsertlər, ustad dərsləri və digər tədbirlər keçirilir.

Konsert proqramına dünyanın müxtəlif məkanlarında - “Carnegie Hall”dan Seul Filarmoniyasına qədər böyük səhnələrdə çıxış etmiş istedadlı azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında Şopen, Bax, Ravelin əsərləri daxil edilib.

Səidə Tağızadə musiqi ilə beş yaşından ciddi məşğul olur. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib, daha sonra isə gözəl pianoçu, musiqi sənəti və fəlsəfə elmləri doktoru Nikita Yujaninin ustad dərslərində iştirak edib.

Bu gün S.Tağızadə dünyaşöhrətli ifaçıdır, nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. O, demək olar ki, dünya ölkələrinin yarısında keçirilən qastrollarda olub, Nyu-Yorkdakı “Carnegie Hall”un səhnəsində iki dəfə çıxış edib, habelə Yaponiyada solo konsertlər verən ilk azərbaycanlı pianoçu kimi məşhurlaşıb.

S.Tağızadə “Simurq” Uşaq Musiqi Festivalının təşkilatçısıdır. İkinci Qarabağ müharibəsi zamanı dünyanı Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış etmək üçün başqa ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin bir sıra onlayn konsertlərini təşkil edib.

Martın 28-də Kamera və Orqan Musiqisi Zalında toplaşanlar musiqi əsərlərinin ifasının möhtəşəm ab-havasına qərq olublar. Proqramda Buzoninin aranjimanında Baxın “Çakona”sının əzəmətli polifoniyası, Şopenin “Balladalar tsikli”, Ravelin zərif “Sonatina”sı səsləndirilib. Azərbaycan muğamlarını caz musiqisi ilə sintez edən görkəmli pianoçu, muğam-caz musiqi janrının banisi Vaqif Mustafazadənin konsert proqramına ahəngdar şəkildə uyğun gələn “Mart”, “Qızıl Üzük” və “Düşüncə” adlı pyesləri fortepiano musiqisinin sərhədlərinin olmadığını və onun dinləyicilərlə hər kəsin tərcümə etmədən başa düşdüyü universal dildə “danışdığını” əyani şəkildə sübuta yetirib.

Qeyd edək ki, Bakı bu il ilk dəfə Beynəlxalq Fortepiano Musiqisi bayramına qoşulub.

# 978 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #