Bakıda "Ana, mən müharibə istəmirəm" adlı sərgi keçirilir

Bakıda "Ana, mən müharibə istəmirəm" adlı sərgi keçirilir
19 sentyabr 2022
# 18:30

Polşa və Ukraynanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə Bakıda "Ana, mən müharibə istəmirəm" adlı sərgi açılıb.

APA xəbər verir ki, sərginin açılışında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Polşa səfiri Rafal Poborski, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri iştirak edib.

Açılışda çıxış edən Polşa səfiri deyib ki, bu sərgidə nümayiş olunan, uşaqların çəkdiyi rəsmlərdə həm İkinci Dünya müharibəsi zamanı polşalı uşaqların yaşadığı travmanın, həm də Rusiyanın Ukraynaya hücumu nəticəsində ukraynalı uşaqların əzablarının izi var.

Diplomat deyib ki, müharibənin ilk günündən Polşa Ukraynanın yanında olub və olmağa davam edəcək: "Müharibə başlayanda 6 milyona qədər ukraynalı Polşaya pənah gətirdi, hazırda 1.8 milyona qədər Ukrayna vətəndaşı Polşadadır, bu müharibədə yüz minlərlə uşaq zərər görüb, onlar öz evlərini tərk etmək məcburiyyətində qalıb, yüzlərlə uşaq həlak olub, yaralanıb".

Ukrayna səfiri Vladislav Kanevski isə çıxışında xalqının hazırda mövcudluğu üçün mübarizə apardığını vurğulayıb: "24 fevralda Rusiya hücum edəndə çoxu gözləyirdi ki, Ukrayna, sadəcə, bir neçə günə məğlub ediləcək. Amma biz reallığı dəyişdirdik”. Diplomat bu müharibədə Ukraynaya hərbi yardım edən müttəfiqlərin də rolunu vurğulayaraq bu yardımın davam etməli olduğunu deyib.

Qeyd edək ki, layihə 1946-cı ildə polyak uşaqları tərəfindən yaradılmış, İkinci Dünya müharibəsi, Alman və Sovet işğalı (1939-1945) təcrübələrini əks etdirən tarixi rəsmlər və ukraynalı uşaqların gözü ilə Rusiyanın Ukraynaya hücumunu təqdim edən müasir rəsmlərdən ibarətdir.

Sərgidə nümayiş olunan rəsmlər və mətnlər Polşa Mərkəzi Arxivindən gətirilib.

Sərgi 29 sentyabr 2022-ci il tarixinədək Bakıda “Landmark”da ziyarətçilər üçün açıq olacaq.

# 1274 dəfə oxunub

Müəllifin son yazıları

# # #