Baba Vəziroğlu: "Çingiz Abdullayev tərtəmiz Azərbaycan dilində danışır"

Baba Vəziroğlu:  "Çingiz Abdullayev tərtəmiz Azərbaycan dilində danışır"
6 sentyabr 2023
# 14:56

"Çingiz Abdullayevin vətəndən getmək istəməsi əlbəttə ki, bu bir zarafatdır, necə deyərlər, bədii sözdür. Çingiz Abdullayev mən tanıyan Çingiz Abdullayevdirsə, heç vaxt heç yana gedə bilməz. Hətta bir neçə dəfə onunla xaricdə olmuşuq, üç gündən sonra deyib ki, tez yekunlaşdıraq, qayıdaq vətənə. Onu qınayanlara gəldikdə isə, bu çox nahaq qınaqdır".

Kulis.az xəbər verir ki, bu sözləri şair Baba Vəziroğlu faktmedia.az-a açıqlamasında deyib.

"Çingiz Abdullayevin də, mənim də ömrümüzün böyük bir hissəsi sovet dönəminə təsadüf edir. Sovet dönəmində də bilirsiniz ki, prioritet dil Rus dili idi. Bir balaca cəmiyyətdə özünə mövqe qazanmaq istəyənlər bu dili mükəmməl bilməli idi. Bir çox Azərbaycan ailələri kimi, Çingizi də valideynləri rus məktəbinə yazdırıb, eyni zamanda bağçada da, ali məktəbdə də rus dilində təhsil alıb. Mən də ucqar dağ kəndindən gəlmiş, Azərbaycan dilində oxumuş, Bakıda Dövlət Universitetində oxumuş bir adam, sonradan Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm. Onda məni də qınasınlar. Yəni rus dilində təhsil almaq elə bir qınaq obyekti ola bilməz. Həzrət Əli demişkən uaqlar öz valideynlərindən daha çax öz zəmanələrinə bənzəyirlər. O ki, qaldı Çingiz Abdullayevin bu gün Azərbaycan dlində danışa bilməməsi, yumşaq desəm ağ yalandır. Çingiz tərtəmiz Azərbaycan dilində danışır, fikirlərini uzah edir. Bir fərq də ondadır ki, bəzi rusdilli insanlar rus dilində fikirləşir, sonra onu Azərbaycan dilinə tərcümə edib səsləndirir. Amma mən Çingiz Abdullayevin yaxın dostu, qələm yoldaşı kimi düşünürəm ki, o elə Azərbaycanca düşünür, azərbaycanca da fikirlərini izah edir. Çingiz Abdullayev Azərbaycan dilində ləhcə ilə danışır. Bu nə zamandan qəbahət hesab olunub? O zaman biz şəkililəri nə efirə, nə toplantılara, nə seminarlara qoyaq ki, siz Şəki ləhcəsi ilə danışırsız. Azərbaycanın elə gözəlliyi də odur ki, hər bölgə öz ləhcəsi ilə danışır. Bunlar hamısı Azərbaycan dilidir. Azərbaycan dili ləhcələrdən ibarət gözəl buketdir. Yəhudilər, ləzgilər və başqa millətlər Azərbaycan dilində danışır. Çingiz Abddullayevin müharibə dövründə və postmüharibə dövründə Rusiya kanallarına verdiyi müsahibələrə bir də baxın, bir də eşidin onları, görün Çingiz Abdullayevin bu informasiya müharibəsində verdiyi o böyük töhfənin bir zərrəsini bu gün onu qınayanlar edə biliblərmi? Gəlin ziyalılarımızı belə küncə sıxışdırmayaq, dalana dirəməyək. Bu yaxşı iş deyil. İstəyirsiz yenə müharibə olsun, xalq yenə yumruq kimi birləşsin? Xalq pis günündə də yumruq kimi birləşməlidir, yaxşı günündə də. Bu gün yaxşı günümüzdür, ona görə də o yumruğumuzu açmayaq, bir- birimizi ittiham etməkdən, qınaq obyektinə çevirməkdən çəkinək. Çingiz Abdullayev bizim gözəl yazıçımızdır, çox ləyaqətli,vətənpərvər bir insandır. Gəlin bütün ziyalılarımız kimi onun da qədrini bilək".

# 1890 dəfə oxunub

Müəllifin son yazıları

# # #