Azərbaycanlı skripkaçı-virtuoz Polşada müsabiqənin laureatı oldu

Azərbaycanlı skripkaçı-virtuoz Polşada müsabiqənin laureatı oldu
16 sentyabr 2023
# 15:17

Azərbaycanlı skripkaçı-virtuoz Polşada müsabiqənin laureatı olub.

Kulis.az xəbər verir ki, azərbaycanlı virtuoz, Əməkdar artist Elvin Hoca Qəniyev Polşanın Katovise şəhərində keçirilən Karol Şimanovski adına mötəbər beynəlxalq müsabiqənin qalibi olub.

Karol Şimanovski adına Beynəlxalq Musiqi Müsabiqəsi beş ildən bir Katovise (Polşa) şəhərində keçirilir. Qaliblər dörd fənn - fortepiano, skripka, simli kvartet və vokal üzrə müəyyən edilir. Onlar nüfuzlu mükafat, karyera yardımı, təxminən 300 min avroluq fonddan pul mükafatı, habelə əfsanəvi Marin Alsop və Polşa Radiosunun Milli Simfonik Orkestri ilə eyni səhnədə qala-konsertdə çıxış etmək imkanı əldə edirlər.

Nüfuzlu “A” müsabiqəsinin laureatı adı Elvinə ən yaxşı konsert məkanlarına, dünyanın məşhur musiqiçiləri və qrupları ilə əməkdaşlığa yol açır.

Elvin Hoca Qəniyev K.Lipinski və Q.Venyavski, P.İ.Çaykovski, D.Oistrax və başqalarının adına olan beynəlxalq skripka müsabiqələrinin laureatıdır. Azərbaycanlı virtuoz Berlində (Almaniya) keçirilən II Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

# # #