Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsif seçildi

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsif seçildi
28 mart 2024
# 16:30

Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalının direktoru, kinoprodüser Fehruz Şamıyev martın 29-dan aprelin 1-dək Qırğızıstanda keçiriləcək “Umut” XI Beynəlxalq Gənc Kino Forumunda münsiflər heyətinin tərkibinə daxil edilib.

Kulis.az xəbər verir ki, kino forumu çərçivəsində Çingiz Aytmatov adına Kino evində azərbaycanlı kinoprodüser Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalı haqqında məlumat verəcək və laureat filmlərin proqramını təqdim edəcək. Bu ekran əsərlərinin arasında Türkan Hüseynin “Son fotoşəkil”, Qulu Əsgərovun “Hasar”, Amil Məmibəylinin “Titrəmə” filmləri var.

“Umut” Gənc Kino Forumu 2013-cü ildən keçirilən beynəlxalq kinematoqrafiya tədbiridir. Bu, gənc və yaşlı nəsillərə mənsub rejissorlar arasında ünsiyyət üçün yaradıcı və təhsil platformasıdır. Forumun məqsədi istedadlı gənclərin yaradıcılığını dəstəkləmək, yeni adları ortaya çıxarmaq, gənc kinorejissorların peşəkar inkişafını təşviq etməkdir.

Bu il forum Qırğız Respublikasının xalq artisti, sənədli filmlər rejissoru Bekeş Abdıldayevin 90 illik yubileyinə həsr olunub və “Tələb olunan nəslə sevgi ilə” şüarı altında keçiriləcək. Proqrama qısametrajlı filmlərin, dünya kinofestivallarının qaliblərinin və iştirakçılarının filmlərinin nümayişi, kino layihələrinin qısa ictimai təqdimatları, kino mütəxəssislərinin ustad dərsləri və mühazirələri daxildir.

Qeyd edək ki, forum çərçivəsində, həmçinin beynəlxalq kinofestivalların yarmarkası da keçiriləcək, burada MDB ölkələrindən olan prodüserlər və proqram rejissorları öz tədbirləri, habelə onlarda iştirak şərtləri barədə danışacaqlar.

# 889 dəfə oxunub

Müəllifin son yazıları

# # #