Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?

Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?
30 sentyabr 2022
# 12:55

Kulis.az bu gün dünyasını dəyişən müğənni Rəhim Rəhimli haqqında maraqlı faktları təqdim edir.

Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Musiqiyə olan marağı onu televiziyaya gətirir. 12 yaşından efirlərə çıxan Rəhim “Bənövşə” uşaq xorunun solisti olub. Bir müddət uşaq verilişlərində aparıcılıq edir.

***

Rəhim Rəhimli “Qal yana-yana”, “Ay maşallah”, “Başım ağrıyor”, “Quzu kəsərəm”, “Qızlar”, “Basdalama damarımı” kimi hitə çevrilən mahnıların ifaçısı olub. Bəstəkar-müğənni kimi fəaliyyət göstərən Rəhim Rəhimli özünün və sənət dostlarının məşhur mahnılarının çoxunu özü yazıb.

Bir müddət ATV-də yayımlanan “Rəhimli şou” adlı verilişin aparıcısı olub.

***

Azərbaycanlı müğənni məşhurluğunun ən yüksək vaxtında ölkəni tərk edib Moskvaya, ordan isə Türkiyəyə gedir. Müsahibələrinin birində Rəhim bu haqda deyir:

“Mən, Azərbaycandan getmək məcburiyyətində idim. Getməyimə bir çox səbəblər qoşdular. Çox yazılar yazdılar. Amma bunun tamam başqa məqsədi var idi və o yazılanların heç biri düzgün deyildi. Bunun özəl bir səbəbi var idi ki, mən onu heç vaxt açıqlamayacağam. Mən heç vaxt bunun səbəbini deməyəcəyəm. Çünki bir daha bu söhbətə qayıtmaq istəmirəm. Əgər mən bunun səbəbini desəm, yenidən söz-söhbətlər qızışacaq. Mən isə bəzi şeyləri təkrar yaşaya bilmərəm. Bu söhbət əbədi olaraq mənimlə qalacaq. Bu sirri hər zaman saxlayacağam. Əslində mənim imkanım var idi ki, qayıdım, amma qayıtmadım. Onda çoxları elə bildi ki, mən Türkiyədəyəm, amma Moskvada idim. Və orada, Moskvada, interneti açıb baxanda ki, mənim haqqımda nə kimi sözlər yazılır, çox məyus oldum. Yazılmışdı ki, guya mənə vaxt qoyulub, Azərbaycandan çıxıb getməliyəm, mənim böyük bir problemim olub və s. Amma bunların heç biri doğru deyildi. Bax, onda mən iyrəndim və qayıtmaq fikrimdən vaz keçdim. Moskvadan da getdim Türkiyəyə”.

Müğənni Türkiyədə beş illik müqavilə imzalayaraq orada musiqi fəaliyyətinə başlayır. Azərbaycana gizli-gizli gedib-gəlsə də, uzun müddət burada qalmır. Türkiyədə yaşadığı illər ərzində o, yalnız bir sənətçi, aranjemançı dostu Rafiq Hacıyevlə görüşür. Bir gün isə Rafiq Hacıyevin təkidi ilə müğənni Röya ilə "Sən idin" adlı mahnı ifa edir.

***

Rəhimin 5 illik müqaviləsi başa çatandan sonra bir həftəlik Azərbaycana gəlir. Həmin ərəfədə Murad Dadaşov onu israrla "Maşın şou"ya dəvət edir. Çox çətinliklə razı olan Rəhim şou bitəndən sonra elə Murad Dadaşovun israrı ilə Bakıda qalıb yeni layihələr üzərində işləməyə başlayır.

Müğənni Bakıda yaşadığı illər ərzində üzdə olmağı çox xoşlamayıb, təkliyə meyl edib. O, özü bu barədə belə deyir:

“Mənim evim şəhərin ən mərkəzi küçəsindədir. Amma şəhərdən kənarda kirayə ev tutub, gizli yerdə yaşayıram. İnsanlarla təmasda olmaq istəmirəm. Çünki mən gizli həyat tərzi sürürəm. Səhnədə mənə çox enerjili olduğumu deyirlər. Lakin həyatda başqayam, daha ciddiyəm deyirlər. Həyatda çox zarafatı sevmərəm. İnsanlardan qaçmağa çalışıram. Çox nadir hallarda hər hansı bir yığıncaqlarda görünürəm. Gizli həyatı yaşamağı daha çox sevirəm. Bəlkə də bu kompleksdir, mən insanlardan qaçıram. Küçəyə çıxanda çalışıram ki, məni tanımasınlar. Məndə insanlara qarşı qorxu var!”

46 altı yaşı olan müğənni heç vaxt ailə həyatı qurmayıb. Onun azərbaycanlı müğənni Vüsalə Əliyeva ilə üç il sevgili olduğu deyilir. Lakin üç ildən sonra sevgililər ayrılır. Vüsalə 2011-ci ildə Türkiyədə iş adamı Mete adlı şəxslə ailə qurur. Bu barədə Rəhimə sual verəndə belə münasibət bildirib:

"Düzün desəm, bəzi məsələlər mənə tərs gəlir. Xüsusi ilə də ailə olmalıdır, toy olmalıdır, bəy kostyumu, gəlinlik donu geyinilməlidir, evdən çıxarılmalıdır, boşqab sınmalıdır, şam tutulmalıdır. Bunlar mənə tərs gəlir. Bunun axı başqa yolları var. Sən vətəndaş nigahı ilə yaşaya bilərsən. Axı biz müasirliyə, Avropaya doğru gedirik. Mənim həyatımda vaxtı ilə biri olub, indi heç kim yoxdur, ola bilər sabah başqa bir adam olsun. Ola bilər səhər qarşıma çıxan insanla münasibətlərimiz ciddiləşsin və tam olaraq rəsmi olsun. Ancaq hal-hazırda həyatımı istədiyim kimi yaşayıram. Mən kimlərsə üçün yaşamaq istəmirəm. İnsanlar bir-birilərinin çətinliklərinə yardımçı ola bilərlər. Ancaq hər kəsin bir həyatı və ürəyində dərdi var. Heç kim heç kimin əvəzinə yaşamır axı. Həyatımda 3 illik bir münasibətim olub. O da müğənni olub. Bunu bütün Azərbaycan şou-biznesi bilir. Münasibətlərimiz bitib və o vaxtdan bu günə qədər yalnızam. Mən düşünmürəm ki, yaşım ötür və evlənmək lazımdır. Bizim ailəmiz çox modern bir ailədir”.

Rəhim Rəhimli bu gün gecə saatlarında 46 yaşında kəskin ürək və ağciyər çatışmazlığından dünyasını dəyişib. İfaçının prodüseri Həmzə Məmmədlinin sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub.

***
Heç bir fəxri adı olmayan mərhum sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.


# 81709 dəfə oxunub

Müəllifin son yazıları

# # #