Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi
8 iyul 2025
# 17:18

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli Sərəncamının icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.

Kulis.az xəbər verir ki, yeni Qaydalar, Azərbaycan ərazisində yerli və xarici istehsalçılar tərəfindən kinematoqrafiya əsərləri və digər audiovizual məhsulların istehsalının təşviqinə, sahəyə investisiya cəlbediciliyinin artırılmasına və kino sənayesinin davamlı inkişafına yönəlib.

Qaydaların əsas məqsədləri Azərbaycanda istehsal olunan filmlər üzrə çəkilmiş xərclərin müəyyən hissəsinin geri qaytarılması mexanizmini tənzimləmək, xarici prodüserlərin ölkəmizdə film istehsalına marağını artırmaq və beynəlxalq əməkdaşlıqları stimullaşdırmaq, kinematoqrafiya sahəsində şəffaf, səmərəli və əlçatan dəstək mexanizmi formalaşdırmaq, yerli istehsalçıların rəqabətqabiliyyətini və texniki potensialını gücləndirməkdən ibarətdir.

Qaydalara əsasən, geri ödəniş yalnız müəyyən edilmiş meyarlara uyğun gələn və auditdən keçmiş layihələrə şamil ediləcək. Mexanizm şəffaflıq, effektivlik və beynəlxalq təcrübəyə uyğunluq prinsipləri əsasında həyata keçiriləcək.

Bu təşəbbüs Azərbaycanın kino sənayesinə dövlət dəstəyinin institusional əsasda qurulmasına və ölkəmizin regional audiovizual mərkəzə çevrilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı, Azərbaycanın təbii çəkiliş məkanlarının dünyaya təqdim olunması üçün də nadir bir imkandır.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #