Azərbaycanda belə bir hekayə oxumamışdım – Hekayə müzakirəsi

Azərbaycanda belə bir hekayə oxumamışdım – Hekayə müzakirəsi
6 iyul 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xəyal Rzanın “Salavat” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Seyran Səxavət

Seyran Səxavət: “Yağlıvənddən Şuşaya 45 km-dir, meşə, dağ, cırcıramaların  müşayiəti ilə gedib çıxırsan. Adı da tarixidir, özü də..."

İki gün qabaq Xəyal Rza “Salavat” adlı hekayəsini oxumaq üçün mənə verdi. Bəri başdan deyim ki, Xəyal Rza bir yaradıcı insan kimi mənə maraqlı olduğuna görə elə o saat oxudum. Və yaxşı mənada sarsıldım. Çünki mən bu günə qədər Azərbaycanda belə bir hekayə oxumamışdım. O gücdə, o gərginlikdə, o psixoloji dərinlikdə. Orda bir yer var, insan özünü turbanın içindəki kimi hiss edir. Bax mən onda özümü turbanın içində hiss elədim. Nəfəsim tıncıxdı, ürəyim darıxdı. Yuxarıya doğru dartınırdım ki, o turba uzunluğu qurtarsın, axır ki, mən o turbanın başından çıxıb bu dünyaya baxım. Baxım görüm, bu dünyada nə var, nə yox. Bu nə məsələdir? O turba darlığı və turba ucalığı – ucalıq da deyəndə həmişə insanın yadında, əlbəttə ki, Allah düşür. Elə bil ki, insan o dar turbanın, lülənin içindən Allaha doğru can atır. Və səbəb də mənim aləmimdə bundan ibarətdir ki, bu turbanın içində özünü hiss etməyənə qədər hələ, demək olar, bu dünyada heç nə bilmirmiş. Bu qəribə bir şeydi. Bu mənə sevdiyim yazıçıları, bir-iki filmi assosiativ şəkildə yadıma saldı. Bax, həyat odur. Və mən turbanın o başından çıxdım. Açığı, bilmirəm, hekayənin qəhrəmanı turbanın başından zirvəyə çıxdımı, çıxmadımı. Ancaq mən çıxdım və ordan dünyanı gördüm. Və bu dünya haqqında 5 ömür danışsam, qurtarmaz. Mən sadəcə Xəyalı təbrik edir, bağrıma basıram. Fəxr edirəm ki, belə bir əsər Azərbaycanda yazılıb. Və ikiqat fəxr edirəm ki, o əsəri hər gün salamlaşdığım iş yoldaşım Xəyal Rza yazıb. Uğurlar arzulayıram. Çox sevindim, çox sevindim! Və hələ o hekayənin təsiri altındayam. Yəni o bir başqa yazıdı, onu hər adam yaza bilməz. Əlbəttə, hərə öz bacardığı kimi yazsa, daha yaxşıdır.

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı: “Onlar bu mənasız söhbətlərə görə...” – Müsahibə


Xəyal Rzanın “Salavat” hekayəsi yuxu və reallıq, həqiqət və xəyal, doğum və ölüm arasında bir yaşantının – anın təsviridir. Əslində, bir çox insanlar bu anı (məsələn, mən!) hansısa bir formada olsa da, yaşayıblar (əməliyyat anı, kliniki ölüm, yuxu!!!). Bəlkə də, elə bu səbəbdəndir ki, yazıçı qəhrəmanının yaşantılarını, çaşqınlığını, sıxıntısını, suallara cavab arayışını, bu cavabları tapdığı və tapmadığı məqamlarda duyduğu həyəcanı, qorxunu, qeyri-müəyyənliyi... bu qədər dəqiqliklə və dolğun təsvir edə bilib. Müəllif, eyni zamanda, darlıqda olan insanın hiss etdiklərini, “əgər qurtularsam” düşüncəsinin təsiri ilə duyduğu ümidi (“Ayağım yerə dəysəydi, bütün günah işlərdən qaçardım, işim-gücüm ancaq zikr eləmək, salavat çevirmək olardı”) bu qədər səmimiyyətlə, içdənliklə əks etdirir. Əhval dəyişikliyi, haldan-hala adlama bu qədər uğurlu alınır; o həyəcanı, sıxılmanı, ruhun daralmasını qəhrəmanla birlikdə oxucu da yaşayır; təsvir edilən vəziyyət ona bu qədər doğma, yaşanmış və yaxın görünür. Və... oxucu özünü qəhrəmanla birlikdə o ağlığa, təmizliyə, salavata – sona təslim etməyə hazır hiss edir (susmaq da, yəni səssizlik də, yəni sükut da çarəsizlikdi). Çünki bu təslimolmadan başqa bir çarə olmadığını hiss edirlər (dərk deyil, hiss!). Və bu təslimolma insanın ruhuna rahatlıq gətirən bir seçimdir.

Müəllif oxucunu suallar qarşısında qoyaraq (Əzrayılmı? Allahmı?) variantlar aramağa vadar edir. Mətnin sual-cavab dinamikası maraqlı və təsirlidir. Bu lakoniklik oxu prosesinin də rahatlığını (təmiz dil, rəvan təhkiyə ilə bərabər!) və rəvanlığını təmin edir, eyni zamanda da əhvaldan-əhvala, müəmmadan-çaşqınlığa, qeyri-müəyyənlikdən tapılan cavablara “tullanmalara” şərait yaradır. (Bu qədər dırmaşmaq olar? Bu nə iş idi mən düşdüm? Bəlkə, bu kişi Əzrayıldı? Ola bilər? Hə, niyə olmur?!) Hətta bu adlamalar bəzən ümumi “axın”dan sapmalara səbəb olsa da, ona heç aidiyyəti olmayan məqamlara – müstəvilərə adlasa da (Lap “Sizif əməyinə” oxşayır. Atana rəhmət, Kamyu! Qeyri-ixtiyari salavat çevirdim. Və gülmək məni tutdu. İşimə-gücümə bax e, sən Allah!), “ciddiyyəti”ni itirsə də, yenə də mətnə, ovqata, vəziyyətə yad görünmür.

Bu doğuluş həm də yaddaşın doğuluşudur (Gözlərimdən yaş süzülməyə başladı. Bu kəndin adı uşaqlıqdan bu yana ilk dəfədir yadıma düşürdü). Özünə, yaddaşına, keçmişinə qayıdışın doğuluşudur (Gedib tapacam o kəndi. Lap adını da dəyişsələr də). Yolunu itirmiş insanın tapdığı, onun üçün mümkün ola biləcək yolun doğuluşudur.

Amma müəllif “gözlənilən” ölüm anını oxucu üçün gözlənilmədəm “doğum” anına çevirə bilir. “Bütün reallıqlar yuxudu, bütün yuxular reallıq”, “Xatırlamaq istədiklərin yuxudu, xatırlaya bildiklərin reallıq” kimi ciddi, ağır “mətləblərin” sonunda “Tez ol çıx görək” sədalı doğuluş nə qədər ironik və qəribə görünsə də, oxucudan (qəhrəmanla birgə) bir “şükür” nidası qopara bilir: “Ölüm deyilmiş!” deyə.

Rəşad Məcid

Rəşad Məcid cavab verdi: "Seymurla rastlaşsaq..."

Hekayənin ilk oxucularından oldum. Müəllifin yanında oxudum. Təəssüratımı, yəqin ki, sifətimdən gördü. Təbrik etdim. Hekayə insanın dünyaya gəlməsi haqqındadır. Maraqlı detallar, təsvirlər var. Ən əsası isə Xəyalın yazmaq şövqüdür. Davamlı olsun.

Əyyub Qiyas

Tənha qadın üçün serenada - Əyyub QİYAS | Edebiyyatqazeti.az

Xəyal Rzanın hər təzə hekayəsi məni yaxşı mənada heyrətləndirir. Demək olar, onun yazdığı bütün hekayələrin ilk oxucularından biri mən olmuşam. Hələ ki, son yazdığı "Salavat"ı da maraqla oxudum. Xoşuma gələn bir məqam var idi, az qala finala qədər söhbətin nədən getdiyini, hadisələrin harada baş verdiyini anlamaq mümkün deyil. Amma finalda, az qala qısa bir hekayə ilə bütöv bir insan ömrünün xülasəsi öz əksini tapır. İnsanın yenidən doğuluşu mistik də olsa, mübahisəli də olsa, artıq müəyyən mənada qəbul olunmuş fikirdir. Xəyal qısa hekayədə insan əsarətindən başlayaraq azadlığa çıxan insanın yaşantılarını obrazılı şəkildə verməyə çalışır və buna nail ola bilib. Bəlkə də, ana bətni insan əsarətinin ən hüzurlu yeridir?! Bütün əzablar doğuluşla eyni andamı başlayır?! Allah obrazını yaratmaq da müəllifdən cəsarət istəyir. Əlbəttə, bəri başdan deyim ki, hekayə birmənalı qarşılanmayacaq, bəyənənlər və bəyənməyənlər olacaq, bu həm də zövq məsələsidir. Amma oxucu ilk sətirlərdən müəllifin məqsədli şəkildə ortaya atdığı sehrə düşür və sona qədər səbrlə gedir. Uğurlar və eşqlər...

Cavid Zeynallı

Cavid Zeynallı Dram Teatrının mətbuat xidmətinin rəhbəri təyin olunub

Xəyal Rzanın “Salavat” hekayəsi hər şeydən əvvəl çoxqatlı, mənalandırıla bilən hekayədir. Ədəbiyyatın ən vacib məqamı, nəsrin ən məxsusi keyfiyyəti, məncə, budur. Xəyal müəllif kimi öz mətnində buna nail ola bilib. Xüsusən, son cümlə mənim dediyim bu məqamı, yaxud mətnin özündə daşıdığı məna yükünü ifadə edir. Hekayənin dili təmizdir, rahat oxunur. Bizim çağdaş ədəbiyyatda bu məqam, xüsusən, problemlidir. Hekayəni oxuyanda ağlımdan keçirdim ki, daha fərqli cümlələr qurmaq, daha koloritli mətn yaratmaq olardı, amma görünür, bu mövzu – insanın yaradılışı, insanın mahiyyəti, bu dünyadakı öhdəlikləri, Allah-bəndə münasibətləri və s. elə bu dildə yazılsa yaxşıdır.

Xəyal Rzanı təbrik edir, ona daha gözəl mətnlərlə bizi sevindirməyi arzu edirəm.

# 5184 dəfə oxunub

Müəllifin son yazıları

# # #