Kulis.az İlham Rəhimlinin Azərbaycan Radiosunun tarixi haqqında silsilə yazılarını təqdim edir.
AZƏRBAYCAN RADİOSUNUN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Birinci məqalə
Azərbaycanda radio verilişləri rəsmi şəkildə 1926-cı il noyabr ayının 6-da başlayıb və bu tarix milli radiomuzun təşəkkül günü sayılr. Ancaq qeyd etmək lazımdır ki, radio texnikasından ilk istifadə 1918-ci ilin yayında Gəncə şəhərində olub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Gəncədə yaranıb, çünki həmin dövrdə Bakı daşnak (əldəqayırma komissarların sədri Stepan Şaumyan idi) və bolşevik, sentrokaspi, ingilis işğalçılarının əlində idi. Türk islam ordusunun köməkliyi ilə paytaxt düşmənlərdən azad edildi və AXC Bakıya 1918-ci il sentyabr ayının 15-də köçürüldü. Cümhuriyyətin qurucularının vətənpərvərlk qüdrəti ilə AXC elan edilən gündən Gəncədə radiostansiya yaradıblar. Bu radiostansiya rabitə məqsədilə işləyirdi və milli dövlətimizin çətin siyasi proseslərini istiqamətləndirmək üçün çox səmərəli texniki vasitə idi.
Milli Dövlətimizin qurucu liderləri kövrək addımlarını atan AXC-nin qabaqcıl Avropa ölkələri ilə ciddi siyasi, iqtisadı, mədəni, müxtəlif kommunikasıyalarla bağlı əlaqələr yaratmağa can atırdılar. Xüsusilə özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdəki nüfuzuna görə öndə olan Fransa hökuməti ilə əlaqələr qurmağa inamla və fədakarlıla cəhd göstərirdilər. Nəhayət, ciddi cəhdlərdən sonra 1919-cu ilin payızında (oktyabr ayının ortalarında) Fransa hərbi missiyasının nümayəndələri müstəqil Azərbaycana gəldilər. Onlarla birlikdə Fransa Respublikasının sənaye və ticarət nazirləklərinin nümayəndələri də Bakıya təşrif buyurmuşdular. Qonaqların arasında teleofon və teleqraf kompaniyasının məsul rəhbərləri də vardı. Fransalı peşəkarlar Azərbaycan Respublikasını Avropa radiostansiyasına qoşmaq üçün fəaliyyətə başladılar. Həmin dövrdə Avropa radiostansiyası Parisin mərkəzində ucalan, hündürlüyü 300 metr olan əzəmətli Eyfel qülləsində qurulmuşdu. Mühəndis və memarları Qustav Eyfel, Stefan Sovestr, Emil Nuqye, Moris Köxlendir idi. 1919-cu ildə AXC-nin rəsmi nümayəndələri, başda Əlimərdan bəy Topçubaşov olmaqla, Paisdə işgüzar səfərdə idilər. Fransız firması və mütəxəssisləri onlarla rəsmi danışıqlardan sonra Bakıya ilk mərhələ üçün vacib olan avadanlıq göndərmişdilər, quraşdırma işlərini də fransızlar özləri görürdülər. Həmin ilin noyabr ayında Topçubaşov Eyfel qülləsindəki radiostansiyadan AXC hökumətinin rəhbəri Fətəli xan Xoyskiyə Gəncədəki radiostansiyaya birbaşa xətlə teleqram göndərmişdi. O, teleqramda həm hökuməti, həm də bütün Azərbaycan xalqını radiostansiyanın fəaliyyətə başlaması münasibətliə təbrik edir, xoş arzularını bildirirdi.
1919-cu ildə Topçubaşov Ümumdünya Poçt İttifaqına üzv olmaq üçün cəhd göstərdi. O, iqamətgahı İsveçrənin Bern şəhərində yerləşən Beynəlxaq Büroya diləkcə məktubu vasitəsilə müraciət etmişdi. Təəssüflər olsun ki, Qafqazda, Bütün Rusiyada, eləcə də Azərbaycana havadarlıq etmək istəyən Türkiyədə hərbi-siyasi vəziyyətdə yaranan mürəkkəb gərginlik sayəsində Rusiya Qırmızı ordusunun Azərbaycanı ilhaq etməsi fəaliyyət prosesini dayandırdı və 28 aprel 1920-ci ildə AXC süquta uğradı. Siyasi hakimiyyət dəyişdiyi üçün radio sistemini qurmaq sahəsində başlanmış və görülən uğurlu işlər dayandırıldı. Üç ildən sonra, 1923-cü ilin noyabr ayında SSRİ Xalq Komissarları Soveti “Xüsusi təyinatlı radiostansiyalar” haqqında qərar qəbul etdi. Azərbaycanda da bu istiqamətdə geniş tədbirlər planı hazırlanıb işlər görülməyə başlanıldı. Bu məqsədlə Bakıda AHİŞ-in nəzdində Radio bürosu yaradıldı və bu qurum ölkə ziyalılarının köməkliyi ilə kiçik sınaq verilişləri hazırlamaqla, müəyyən mənada milli radionun ilk kərpiclərini qoydular.
1924-cü il noyabr ayının 22-də Bakıda “Radionun Dostları Cəmiyyəti” yaradıldı. Bununla da Azərbaycanda radio yayımını təşkil etmək istiqamətində fəal işlər görülməyə başlandı. Bu işin icrası Azərbaycan Həmkarlar İttifaqı Şurasına həvalə edildi. Radio həvəskarları işini planlaşdırmaq, radio həvəskarları dərnəklərini yaratmaq, onların fəaliyyətlərini əlaqələndirmək üçün Radio bürosu ciddi işlər görürdüı. Dövrün müasir tələblərinə cavab verən radiostansiya qurulmasını həyata keçirmək üçün vaxtilə Gəncədə qurulmuş radiostansiya texnikasına müraciət olundu. Həmin texniki qurğu AXC-nin hərbi naziri olmuş, general Səməd bəy Mehmandarovun sayəsində Bakıya gətirilmişdi və onu özü hər cür şər qüvvələrin xəyanətindən qoruyub saxlamışdı. Xəzər Hərbi Dəniz Donanmasının Bayılda qurduğu kiçik radiostansiya ilə müəyyən vaxtlarda Moskva radiosunun verilişlərini dinləmək imkanı yaratdı.
Xalq Komissarları Sovetinin 1925-ci il aprelini 22-də keçirilən iclasında Bakıda Respublika ərazisinə xidmət göstərmək məqsədi ilə radio verilişləri stansiyası tikmək qərara alındı. Onun yayım dairəsi 600 kilometri əhatə etməli idi. Bu stansiya vasitəsi ilə bütün Respublikanı əhatə etmək qarşıya məqsəd qoyulmuşdu. Görüləcək işlərə nəzarət üçün xüsusi komissiya yaradılmışdı. Dekabrın 16-da Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə iclasında Azərbaycanda radio verilişləri istiqamətində görülən işlərin vəziyyəti geniş və ciddi şəkildə müzakirə olundu. Bununla da konkret əməli tədbirlər görülməsinə rəvac verildi. Yeni tikilən stansiyanın tam istifadəyə verilməsi ərəfəsində bir neçə sınaq verilişi səsləndi. Komissiya səslənməni qənaətbəxş qiymətləndirdi.
Azərbaycan radiosu 1926-cı il noyabr 6-da “Danışır Bakı” sözləri ilə bugünkü İstiqlaliyyət küçəsi, 10 ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının binasından (milyonçu Ağa Musa Nağıyevin gənc yaşlarında rəhmətə gedən oğlu İsmayılın şərəfinə tikdirdiyi keçmiş “İsmailiyyə” binası) ilk dəfə efirə çıxdı. İlk günlər Bakı studiyası öz verilişlərini 1 saat ərzində yayımlayırdı. Bir neçə aydan sonra efir yayımı 3 saata çatdırıldı. Paytaxtın əhalisinin gur olduğu bir neçə məkanda radio reproduktorları quraşdırılmışdı. Onlardan biri də Bakı Sovetinin binası ilə üzbəüz tikilinin divarından asılmışdı. Qısa müddətdə Bakı əhalisi verilişlərin səslənmə saatlarını bildikləri üçün kütləvi şəkildə radio reproduktorlarının qarşısına toplaşırdılar. Bakı Sovetinin qarşısında camaatın gurluğu daha çox hiss olunurdu. Xüsusilə canlı konsertlərin verildiyi günorta saatlarında, nahar fasiləsi vaxtı dinləyicilərin sayı qat-qat artırdı. Bu dinləmələr həmişə bayram ovqatında olurdu və sakitliyə yüksək dərəcədə əməl edilirdi.
Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
Studiyada rəsmi partiya qəzetlərinin baş məqalələri Azərbaycan türkcəsində və rus dilində diktorlar tərəfindən oxunurdu. Siyasi, ictimai xəbərlər səslənir, xanəndələr oxuyur, şairlər siyasi həyatı, yeni quruluşu vəsf edən, həmçinin təbiət, vətən mövzularında öz şeirlərini oxuyurdular. Ədəbiyyat və incəsənət yenilikləri də radioda öz əksini tapırdı. Xalqımızın ədəbi dilinin qorunması, inkişaf etdirilməsi, təhsil probleminin diqqətdə saxlanması radionun ali məqsədlərindən biri idi. Həftədə bir dəfə, axşam saat 9-da ölkəmizin şair və nasirləri mikrafon qarşısında xalqa müraciət edir, şeirlər oxuyur, müəyyən siyasi-ədəbi hadisələrə qısaca fikir bildirirdilər. Dinləyicilər bu verilişə böyük maraq göstərir, hətta küçələrdə quraşdırılmış səsgücləndiricilər qarşısında onların çıxışlarına alovlu alqışlarla özlərinin minnətdarlıq hisslərini bəyan edirdilər.
Bakı studiyasının ilk diktoru Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov olub. O özü vaxtilə yazdığı xatirələdində bunu belə qeyd edib: “Heç mənim yuxuma da girməzdi ki, doğulduğum Ağdaş rayonundan Bakıya gəlib Politexnik İnstitutunda oxuyanda radio ilə də əməkdaşlıq edəcəm. Amma Tanrının köməyi ilə mənə belə bir xoşbəxtlik nəsib oldu.
Günlərin bir günü institut komsomol təşkilatının katibi Məmmədismayıl Axundov məni yanına çağırıb yeni radio idarəsi yaradıldığını və ora bir nəfər savadlı adam lazım olduğunu xəbər verdi. “Orada axşam işləyərsən, gündüz də oxuyarsan”, – dedi.
O gün çox düşündüm, çox götür-qoy etdim. Savadıma güvənirdim. Amma radio haqqında orta məktəbdə fizika dərslərində keçdiyimiz ibtidai məlumatdan başqa heç bir şey bilmirdim. Ona görə də bu idarədə işin öhdəsindən gələ biləcəyim barədə tərəddüd edirdim. Nəhayət, qəti qərara gəldim. Sabahı günü gedib bu idarəni tapdım. Bura Kommunist küçəsində, indiki Azərbaycan Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, sol guşədə yerləşən üç otaqdan ibarət kiçik bir idarə idi. Birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Bu, şəhər translyasiya şəbəkəsinin mərkəzi məntəqəsi idi. Aparatları bir nəfər növbətçi texnik idarə edirdi.
İkinci otaq studiyaya giriş otağı idi. Efirə çıxmaq üçün dəvət olunanlar studiyaya keçməzdən əvvəl öz növbələrini gözləyirdilər. Bundan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi bir çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Bu aparatı bir nəfər texnik idarə edirdi. Onun adı İzrail Qotlib idi. Beləliklə, studiyanın mikrofon səsi bu aparatda təsvir edilir və nəqledici xəttin vasitəsilə indiki Respublika stadionunun yaxınlığındakı radio stansiyasına verilir və oradan da efirə yayılırdı.
Studiya böyük bir otaq idi. Döşəməsinə türkmən xalıları salınmış, divarları isə hər tərəfdən tünd yaşıl məxmərlə örtülmüşdü. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon qoyulmuşdu. Studiyanın orta hissəsində sol tərəfdə “Stenvay” royalı dururdu. Divarlar boyu stullar düzülmüşdü. Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdı. Burada B-4 tipli bir radioqəbuledici aparat da var idi ki, bunun vasitəsilə müdir radio verilişlərinin keyfiyyətini yoxlayırdı.
Mən həmin gün müdirlə görüşüb burada işləmək üçün gəldiyimi bildirdim. Çox həyəcan keçirirdim. Çünki o zaman bu, qeyri-adi, yeni bir iş idi. Hündürboylu, cüssəli bir adam olan müdiri mən 1921-ci ildə Azərbaycan komsomolunun qurultayında görmüşdüm. Familiyası Verle idi. O mənə: – Səsinizi mikrofonda yoxlayarıq. Əgər veriliş keyfiyyətli çıxsa, qalıb işləyə bilərsiniz, – dedi. Mikrofon qarşısında tələsib çaşmamaq, sakit və adi bir tərzdə danışmaq haqqında məsləhətlər verdi. Sonra məni studiyaya aparıb mikrofon qarşısında oturtdu. Mizin lampasını yandırıb studiyadan çıxdı. Bu dəmdə mən özümü əfsanəvi bir aləmdə hiss edirdim. Nəhayət, iradəmi toplayıb oxumağa başladım. Təxminən 25 dəqiqədən sonra studiyanın qapısı açıldı. Müdir məni diktor vəzifəsinə qəbul etdiyini bildirdi. O gündən – iyun ayından etibarən mən hər gün axşam saat 19.00-dan 23.30-a qədər bu vəzifədə çalışmağa başladım.
Radio verilişləri Azərbaycan və rus dillərində aparılırdı. Bundan əlavə, erməni dilində “Kommunist” radio qəzetəsi verilirdi. Rusca verilişləri çox zaman Verle özü aparırdı. Qotlib və mən ona kömək edirdik. Bir neçə aydan sonra, yəni 1927-ci ilin payızında mən baş diktor vəzifəsinə təyin olundum.
Bədii və musiqi verilişləri o zaman müəyyən bir sistem üzrə qurulmuş proqramla deyil, icraçıların hazırladıqları repertuar əsasında müdirin özü tərəfindən tərtib edilən gündəlik proqramla gedirdi. Sonra radioda Şərq musiqisi rəhbəri kimi Zülfüqar Hacıbəyli, Qərb musiqisi rəhbəri kimi professor Qrossman kollektivimizə daxil oldular. Hərçənd kollektivimiz o zaman kiçik idi, lakin hazırladığımız verilişlər keyfiyyətcə məzmunlu, maraqlı idi. Burada o zamanın məşhur incəsənət xadimləri: Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Qurban Pirimov, Lazar Çernomırdıkov, Saşa Ohanezaşvili, Cahan Talışinskaya, professor Bretanitski, professor Speranski, Vladimir Kozlov, habelə Vyana dirijoru Strassenin rəhbərliyi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.
Ədəbi, ictimai və siyasi mövzularda verilişlərimiz, o cümlədən radio qəzeti, son xəbərlər, gündəlik meteoroloji məlumatlar müvəffəqiyyətlə aparılırdı. Bu materiallar lazımi diqqət və səliqə ilə möhtərəm əməkdaşımız Qubad Qasımovun rəhbərliyi altında xüsusi bir qrup tərəfindən hazırlanırdı.
AZƏRBAYCAN RADİOSUNUN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
İkinci məqalə
1928-ci ildə kollektivimizə Azərbaycan diktoru kimi Raya İmanzadə, daha sonra Ənvər Həsənov daxil oldular. Beləliklə, Azərbaycan radiosunda diktor qrupu bir qədər genişləndi...”. (Bu və sonrakı səhifələrdə verilmş XX əsrdə yazılmış xatirələr “Azərbaycan efiri” kitabından götürülüb).
Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq verilişi efirə vermək üçün 3 gün hazırlıq görülürdü.
1927-ci ilin fevral və mart aylarında Zülfüqar Hacıbəyli radionun Şərq musiqisi, opera teatrının dirijori Qrossman Qərb musiqisi üzrə yenidən rəhbər təyin olundular. Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəy musiqinin səslənmə prinsipuində, proqram tərtibində müəyyən nizam-qayda yaradılmasına nail oldu. İlk diktor İsmayıl Əbilov baş redaktor təyin edildi və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə radioya sıravi diktor götürüldü. Qısa müddətdə işləsələr də, gələcəyin Xalq şairi Mirvarid Dibazi, həkim təhsili alan Səməd Səmədov, yazıçı Hüseyn Natiq, aktyorlar Hüseyn Qafarlı, Ənvər Həsənov, Əməkdar artist Leyla Terequlova, iqtisadçi Rafiq Əliyev də diktor mikrafonu qarşısında fəaliyyət göstəriblər.
Proletar yazıçısı Maksim Qorki 1928-ci ildə Bakıya gəlmişdi. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidumu yerləşən binanın böyük salonunda onunla Azərbaycan yazıçılarının, şairlərinin, ziyalılarının görüşü keçirilirdi. Görüş radio ilə səslənirdi və orada milli ədiblərimizin də çıxışlarına dinləyicilər maraqla qulaq asırdılar. Həmin binanın Sabir bağına baxan hissəsində ikinci mərtəbə yüksəkliyində iri repreduktor quraşdırılmışdı və efir saatında onun ətrafına yüzlərlə dinləyici toplanırdı.
Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən Məmməd Səid Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradıldı. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü oldular. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi və qrupun üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular. Milli Dram Teatrının aparıcı sənətkarlarından olan, Xalq artisti Mustafa Mərdanov həm aktyorluq və rejissorluq edir, həm də truppanın üzvlərinə səhnə dərsləri keçirdi. Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı kiçik həcmli vodevillər, yumoristik və satirik səhnəciklər də yazırdı. Radio əməkdaşlarının ehtiram və məhəbbətlə “Mirzə” deyə müraciət etdiyi istedadlı ədib dəvət olunmuş səhnə ustalarının və həvəskar aktyorların, diktorların ifa edəcəkləri rolları qabaqcadan özü müəyyənləşdirirdi. Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Ordubadinin “Aprel gəlini”, “Istiqraz”, “Çobanlar”, “6 nömrəli otaq”, Soltan Nəcəfovun “Təchizat parazitləri”, “Rot-front”, “Orucunuz qəbul!” və “Din tacirləri” kimi səhnəciklərinə efir həyatı verilirdi. 1921-ci ildən Bakıda fəaliyyət göstərən Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşi Teatrı adlandı) üçün yumoreskalar, satirik lövhələr tarzən Qurban Pirimovun müşaiyəti ilə efirə verilirdi. Süleyman Sani Axundov, Əliağa Vahid də radionun dram dərnəyi ilə əməkdaşlıq edirdilər.
Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlər haqqında məlumatların tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi.
İki il əvvəl – 1925-ci ilin sonunda radiostansiya açmaq üçün görülən tədbirləri sınaqdan keçirməyə, təcrübələr aparmağa başlananda Bakıda bir ədəd 10 kilovat gücü olan qığılcımlı stansiya vardı. Azərbaycan radiosunun bir yaşı tamam olanda 110-dan çox stasionar, 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1927-ci ilin fevral və mart aylarında verişlərin yayım saatını artırmaq məqsədi ilə kollektivə yeni kadrlar toplanışına başlanılmışdı. Fevralın 16-da Azərbaycanın paytaxtında Bakı Şəhər Partiya Komitəsi Radio stansiyasının fəaliyyətini müzakirəyə çıxaran böyük və geniş tərkibli müşavirə keçirdi. Müşavirədə radionun texniki təminat məsələləri müzakirə olundu, perspektiv saat artımı nəzərə alınaraq maliyyə imkanları əsaslı şəkildə araşdırıldı. Mövcud çatışmazlıqları aradan qaldırmaq üçün geniş qərar qəbul olundu. Qərarda göstərilirdi ki, Bakı radiostansiyasının yeni texniki imkanlarının qısa müddətdə istismara buraxılması Xalq Poçt-Teleqraf Komissarlığına tapşırılsın. Eyni zamanda qərara gəlinmişdi ki, komissarlıq radionun verişilərinin səslənməsini hər gün saat 18-dən 24-ə qədər fasiləsiz şəkildə təmin etsin.
Qərarda həmçinin “Bakı rayonlarının radiolaşdırılmasını sürətləndirmək, şəhərdə yardımçı translyasiya məntəqələri quraşdırmaq, müəssisələrdə, camaatın gur olduğu küçələrdə və klublarda, mədəniyyət saraylarında əlavə səsucaldanlar quraşdırmağın zəruriliyi bildirilmişdi. Yaradıcı işçilərin qarşısında isə yaxın dövr üçün forma və məzmunca yeni radioproqramlar tərtib etmək vəzifəsi qoyulurdu” (Y.Əlizadə, Q.Məhərrəmli, “Azərbaycan efiri”. – Bakı: Nurlan, 2006)
Radionun iki yaşının tamamında efirdə “Satira atəşiylə”, “Ədəbiyyatın vəzifələri”, “Yeni həyat uğrunda”, “Radio saatı” verilişləri vardı. Xalq Komissarları Sovetində nəzərdə tutulan Əsasnamənin geniş müzakirəsi oldu. Sonra radionun perspektiv planlar üçün 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Sovetinin “Radio Verilişləri və Radiolaşdırma Komitəsi Haqqında Əsasnamənin Təsdiq Edilməsi” qərarı oldu. Təsdiq edilmiş əsasnamənin birinci bəndində yazılıb: “Azərbaycan SSR hüdudları daxilində radio verilişləri və radolaşdırma işinin birləşdirilməsi məqsədi ilə Azərbaycan SSR Xalq Komissarları yanında Radio Verilişləri və Radiolaşdırma Komitəsi (“Azərradio”) təşkil edilir”. Qərarda həmçinin Radio Verilişləri və Radiolaşdırma Komitəsinin Tərkibi təsdiqləndi, onun vəzifələrinə daxil olan məsələlər, vəsaitinin necə yaranması müəyyənləşdirildi, “Azərradio”nun hüquqi səxs kimi əsas səlahiyyətləri göstərildi, ona özünün dövlət gerbi möhürünə malik olmaq hüququ verildi.
Komitə Hüququ alan “Azərradio”nun bütün bədii və texniki təminatı, kadr strukturu, fəaliyyət prinsipləri və məqsədləri tamamilə yenidən quruldu. Kollektiv özünün yaxın üç illik üçün yaradıcılıq layihə-planlarının əsas müddəalarını hazırladı və yüksək ruh yüksəkliyi, yaradıcılıq ehtirası ilə işləməyə başladı. SSRİ miqyasında 7 noyabr 1928-ci ildə Moskvda keçirilən radiosəsləşmə tədbirlərində və müzakirələrində beş böyük şəhərlə birlikdə Bakı radiostansiyasının nümayəndələrinin iştirakı böyük hadisəyə çevrildi. Bu hadisə milli radiomuzun böyük uğuru və inkişafı kimi qiymətləndirilib. Həmin il 1 dekabrda Azərbaycan radiostansiyasında ictimai-siyası təbliğatı gücləndirmək məqsədilə fəhlə radiostansiyası təşkil edilib və ora xüsusi təbliğatçılar cəlb olunublar.
Radioda sosial-siyasi, ideoloji-maarifçi işlərin efirə verilməsi aşağıdakı sistemlə aparılırdı:
a) Radioqəzetlər, radio jurnallar, “İşçi günortası”;
b) Müxtəlif mövzularda fəhlə radio universitetləri;
c) Əvvəlcədən hazırlanan və studiyadan yayımlanan müxtəlif mövzularda xüsusi məruzələrin oxunuşu:
ç) Gənclərin siyasi görüşlərini artırmaq üçün təbliğatı gücləndirmək, onlarla sosial-maarifləndirmə işləri aparmaq üçün “Komsomolçular saatı”;
d) Rəsmi Dövlət və Hökumət, müxtəlif komissarlıq yığıncaqlarının translayası. Həmçinin elmə, mədəniyyətə, kənd əməkçilərinə həsr olunan verilişlər şəbəkəsini daim genişləndirmək əvvəlcədən müəyyənləşdirilən vaxt daxilində efirə çıxırdı. Bu materiallar, konsertlər də daxil olmaqla, radioda səslənən verilişlərin yarıdan çox faizini təşkil edirdi.
Təbliğata kütləvi xarakter vermək məqsədilə iri sənaye müəssisələrindən Leytenant Şmidt adına maşınqayırma, Montin və Vorovski zavodlarında, Lenin adın toxuculuq fabrikində, Böyük dəyirmanda, Bakı deposunda radiomitinqlər təşkil olunurdu. Həmin tədbirlərdə yüzlərlə, bəzən mindən çox əmək adam iştirak edirdi.
Ölkədə savadsızlığı ləğv etmək istiqamətində aparılan müxtəlif məzmunlu tədbir və təbliğatı gücləndirmək məqsədilə ilin sonunda, dekabrın ilk günlərində fəhlə radio universitetləri yaradılmışdı. Burada məşhur alimlər, elm, təhsil mütəxəssisləri həm radio ilə mühazirələr oxuyurdular, həm də studiyanın nəzdində əməkdaşlara təcrübi məşğələlər keçirdilər.
1928-ci ildə Raya İmanzadə və Ənvər Həsənov da tam ştatda diktorluq fəaliyyətinə başladılar. Az sonra radionun uzunömürlü diktorlarından olan Soltan Nəcəfov da onlara qoşuldu.
1928 – 1932-ci ildə Azərbaycanda birinci beşillik yarandı. Beşillik ilk növbədə respublikanın iqtisadi, sənaye, aqrar sahələrinin sürətli inkişafının təkanı kimi nəzərdə tutulmuşdu. Beşillik xalq təsərrüfatının dirçəliş və yüksəlişində mühüm amilə çevrildi. Kənd təsərrüfatının, sənayenin, rabitənin, tikintinin, mədəniyyət və incəsənətin, təhsilin inkişafına xüsusi büdcə ayrılmışdı. Bununla bağlı “Neft və pambıq uğrunda” radio qəzeti açıldı. Eyni zamanda “Beşilliyi dörd ildə” radio-qəzeti Dövlət çağrışının qızğın təbliğatçısına çevrildi. “Fəhlə radio qəzeti”nə məsul redaktor Əli Aslanov, ictimai dedaktor Nağı Cəfərov, redaksiya katibi Əyyub Əsədov (Əsəd Əyyubi kimi), bölmə müdiri Abbas Rəcəbov, müxbirlər Məmməd Bağırzadə, şair Müzəffər Nəsirli və Həmdulla Həmidov, qeydiyyatçı İsrafil Həsənov, iqtisadiyyat şöbəsinə Dərabər Məcnunzadə, mədəniyyət, partiya həyatı, kənd təsərrüfatı şöbələrinə Abbas Rəcəbov, “Komsomol-pioner radio qəzeti”nə baş redaktor Ruqiyyə Şirəlizadə, buraxılışa məsul gələcəyin Xalq yazıçısı Qılman İlkin (Musayev), instruktorlar Əhməd Əliyev və Əsgər Əliyev, Əli Əliyev, Muxtar İsmayılov, Hüseyn Bünyadzadə, “Bakı zərbəçiləri” radio qəzeti”nə baş redaktor Bilal İsmayılov rəhbərlik edirdilər.
Dövlət qəzetlərində 1929-cu il iyun ayının 1-də verilən rəsmi məlumata görə radioda 18 radioqəzet və radiojurnal fəaliyyət göstərirdi. Onların əsas ideya hədəfi səs “qəzeti” ilə təbliğat işini yüksəltmək və daha da genişləndirmək məqsədi daşıyırdı. Həmin il oktyabr ayının 11-də Müslüm Maqomayev Bakı radiosuna musiqi rəhbəri təyin olundu. Bəstəkar, dirijor, musiqiçi, ictimai xadim kimi milli mədəniyyətimizdə layiqli yer tutan Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 28.7.1937) Şimali Qafqazın Qroznı şəhərində, əslən Qaxlı olan ailədə doğulub. İlk təhsilini Qroznıda alıb və Gürcüstanın Qori müəllimlər seminariyasında oxuyub. 1905-ci ildə seminariyanı bitirərək müxtəlif yerlərdə pedaqoji fəaliyyət göstərib. 1911-ci ildə Lənkərandan Bakıya köçüb və Sabunçu qəsəbəsində müəllim işləyib. Üzeyir bəy Hacıbəylinin əksər opera və operettalarına dirijorluq edib. “Şah İsmayıl” və “Nərgiz” operalarının müəllifidir. Azərbaycan Xalq Maarif Komissarlığının incəsənət şöbəsində, Opera və Balet Teatrında baş dirijor, bədii rəhbər, direktor işləyib. Yaradıcılığının fəal bir dövrü Dövlət radiosunun musiqi şöbəsi ilə bağlıdır, 1929-cu ildən başlayaraq burada müdir olub.
AZƏRBAYCAN RADİOSUNUN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Üçüncü məqalə
Əsasən 1927-ci ildən başlayaraq uzun illər radioda Şərq və Qərb musiqi şöbələri vardı və hərəsinin də rəhbəri başqa-başqa idi. Qərb bölməsinə bir qayda olaraq əcnəbi millətlərin nümayəndələri başçılıq edirdilər. Şərq bölməsində isə vəziyyət, xatırlamaq nə qədər ürəkgöynədən olsa da, acınacaqlı idi. Əsas qüsur da intizamsızlıq və məsuliyyətsizlik idi. Radio tədqiqatçıları yazırlar ki, kimsə canlı ifaya gəlməyəndə başqası oxuduğu mahnını muğamla, tarzən əlavə rənglər, dəramətlər çalmaqla vaxtı doldurmaq məcburiyyətində qalırdılar. Müslüm Maqomayev ilk gündən bu qüsurlara qarşı kəskin və barışmaz mövqe nümayiş etdirdi. Milli ansambl yaratmaq barədə radionun əcnəbi millətdən olan rəhbərinə dəfələrlə müraciət etsə də nəticəsi yox idi. Çox yazışmadan, təkidli inaddan, dönməz isrardan sonra Maqomayev 12 nəfərdən ibarət ansambl yaratdı. Əlvan və ciddi repertuarla fəaliyyət göstərən ansamblın heyəti 1933-cü ildə 24 nəfərə çatdırıldı. Üzeyir Hacıbəyli ilə birlikdə 1931 – 1932-ci illərdə uzun çəkən proses nəticəsində notlu Şərq alətləri orkestri yaratdılar. 1933-cü ilin ilk aylarına kimi radioda işlədiyi müddətdə rəhbərlik etdiyi musiqi kollektivi üçün “Çahargah dəraməti” fantaziyasını, “Pioner marşı”nı, “Şəlalə” simfonik pyesini, “Azərbaycan çöllərində”, “Ceyran”, “Turac” melodik rəqslərini, “Bizim kənd”, “Bahar”, “Tarla” mahnılarını, “Şüştər dəramədi”ni bəstələyib. O, dövrün zəhmətinin romantik vüsətini, halallığa çağırışını tərənnüm edən “RV – 8” marşını yazıb. Ciddi və əlvan, zəngin və çoxçalarlı repertuar qurmağa nail olub. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həm ictimai-siyasi, həm ədəbi-bədii, həm də incəsənət verilişlərinə xüsusi musiqi tərtibatı verilirdi. Radionun musiqi şöbəsi uzun illər Müslüm Maqomayevin yaratdığı konsepsiya əsasında fəaliyyət göstərib. Bəstəkar özü radionun ştatından çıxsa da, musiqi məsələlrində yaranan çətinliklərin aradan qaldırılmasında yaxından iştirak edib. Çətin və gərgin işlərinə baxmayaraq, “Nərgiz” operası üzərində də coşqunluqla işləyirdi. 24 dekabr 1935-ci ildə operanın ilk tamaşası göstərilib. Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” və Cəfər Cabbarlının “1905-ci ildə” dramlarının tamaşalarına musiqi bəstələyib. Bəstəkar 28 iyul 1937-ci ildə vəfat edib, məzarı Bakıda Fəxri xiyabandadır.
Bakı radiostansiyasını idarə edən studiya 1929-cu il noyabr ayının 6-da paytaxtın Baş Poçt-Teleqraf binasına köçürüldü. Yeni geniş və əlverişli binada əməkdaşların daha səmərəli fəaliyyətləri üçün imkan yarandı. Efirdə patefondan istifadə edilməyə başlanıldı, mikrofonların, səsgücləndirici aparatların təkmilləşdirilməsi prosesi başlandı. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verildi. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda yüksəlişə doğru əsaslı dəyişikliklər baş verməyə başladı.
Ölkənin radiolaşmasını genişləndirmək və gücləndirmək məqsədilə Xalq Komissarları Soveti beşillik plan hazırlamışdı. Bu planda 40 min radio nöqtəsi qurmaq nəzərdə tutulurdu. Həmin dövrdə respublikamızda 270-ə yaxın radiostansiya mövcud idi. Görülən ciddi texniki və quraşdırma tədbirləri nəticəsində beşilliyin sonunda radiostansiyaların sayı 20 min 400-ü keçmişdi. Radiotexnikanın belə sürətlə və geniş şəkildə yüksəlməsi nəticəində “canlı səs qəzeti” kimi dəyərləndirilən radio yüzlərlə, minlərlə mənzillərə, fəhlə klublarına, mədəniyyət ocaqlarına, kütləvi tədbirlər keçirilən qiraət evlərinə ayaq açdıqca radionun şüurlara müsbət maarifçi təsiri də artırdı. Radionun fəaliyyəti təbliğat funksiyasını saxlamaqla yanaşı, insanların mədəni dünyagörüşlərini formalaşdıran, mənəvi-əxlaqi dəyərlərimizin yayılmasını genişləndirən maarifçilik məbədi kimi də qavranılırdı.
1931-ci il aprel ayının 10-da Bakı radiosunda ilk dəfə canlı reportaj efirdə səsləndi. Bununla da nəhəng sənaye mərkəzləri ilə əlaqələrin genişlənməsi yeni vüsət aldı. Xudat balıqçılarının əmək fəaliyyətindən bəhs edən reportaj Moskva radiosunun “Proletarlar” radioqəzeti ilə birgə hazırlanmışdı və efir səslənməsi 50 dəqiqədən çox çəkirdi.
Bugünkü Akademik Milli Dram Teatrının şöhrətli aktyorlarından və radioda çalışan diktorların səyi ilə 1931-ci il sentyabr ayının 8-də türk “Radioteatr” qrupu yaradılaraq fəaliyyətə başladı. Diktorlar Həsən Ağayev (gələcəyin rejissoru, Əməkdar incəsənət xadimi), Leyla Terequlova, Soltan Nəcəfov (gələcəyin Əməkdar artisti), Əsgər Mövsümzadə (Bakı Türk İşçi Teatrının aktyoru), Səməd Səmədov, Hüseyn Əliyev, Məryəm Xudaverdizadə, Raya İmanova, Ənvər Həsənov bu heyətə qəbul edildilər. Bir müddət sonra Milli Dram Teatrının aktyoru, Xalq artisti Mustafa Mərdanov bu heyətdə rejissor-aktyor kimi çalışıb. Milli Dram Teatrı Hüseyn Cavidin “Şeyx Sənan” məhəbbət faciəsini 1929-cu ildə növbəti dəfə rejissor Əlihüseyn Rzayevin quruluşunda tamaşaya qoydu. Bu tamaşa 1931-ci ildə radioda səsləndirildi. Əsas rollarda teatrın aktyorları Abbasmirzə Şərifazadə (Şeyx Sənan), Mırziyə Davudova (Xumar), Sona Hacıyeva (Nina), Mirzağa Ağayev (Şeyx Kəbir), Əli Qurbanov (Platon), Möhsün Sənani (Anton) ilə yanaşı radionun diktorlar Həsən Ağayev (Özdəmir), Əsgər Mövsümzadə (Şeyx Abuzər), Səməd Səmədov (Uruz), Soltan Dadaşov (Dərviş) çıxış ediblər.
Həmin ildə ictimai-siyasi verilişlər üstünlük təşkil etsə də, dinləyicilər ədəbi-dram verilişlərinə daha ciddi maraq göstərirdilər və buna görə də radionun bu qurumu keyfiyyətli, səmərəli yüksəlişi ilə diqqəti cəlb edirdi. Dövrün tanınmış ədiblərinin və incəsənət xadimlərinin bu sahədə səmərəli fəaliyyətləri, radionun tərəqqisinə göstərdikləri mənəvi və yaradıcı yardımlar prosesi daha da gücləndirirdi. Uzun illər radioda bədii-siyasi verilişlər bölməsinə və ədəbi-dram verilişləri redaksiyasına rəsmən rəhbərlik edən yazıçı Məmməd Səid Ordubadinin yorulmaz fəaliyyəti xüsusi qeyd eilməlidir. O, həm ədəbi-dram redaksiyasının rəhbəri olanda verilişlərin əlvanlığına və məzmun dərinliyinə, forma müxtəlifliyinə, janr əlvanlığına təcrübəli və zövqlü radio işçisi, vətənpərvər ziyalı kimi ciddi köməklik göstərib.
Nasir, dramaturq, şair, jurnalist, publisist Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24.3.1872 – 1.5.1950) Ordubadda doğulub. Mədrəsədə, sonar şair Məhəmməd Tağı Sidqinin açdığı yeni tipli üsuli-cədid məktəbində təhsil alıb. İmkansızlıq ucbatında təhsilini davam etdirə bilməyib, öz çalışqanlığı, səyi ilə ərəb və fars dillərini öyrənib, ciddi mütailə edib. “Qılınc və Qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər” monumental romanların, xeyli pyesin müəllifidir. Fikrət Əmirovun “Ürəkçalanlar”, Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyalarının librettosunu yazıb. 4 noyabr 1938-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1 may 1950-ci ildə Bakıda fəfat edib, məzarı Fəxri xiyabandadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Məmməd Səid Ordubadinin əsərləri Dövlət varidatı elan edilib.
Radionun inkişafında xüsusi əməyi və zəhməti olan Ordubadi işlədiyi müddətdə “Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, xüsusən folklorun və xalq sənətinin təbliği üçün formalar düşünür, bu mövzuda proqramların sistemli təqdimatını hazırlayır, digər tərəfdən isə günün tələbi ilə bağlı mövzularda oçerklər, felyetonlar və səhnəciklər yazırdı. Artıq tarixə çevrilmiş həmin illərdə efirə gedən “Satira atəşiylə”, “Ədəbiyyatın vəzifələri”, “Yeni həyat uğrunda” və s. verilişlərin çoxunun müəllifi Məmməd Səid Ordubadi idi. Radionun veteranlarından biri, qocaman diktor Soltan Nəcəfov xatırlayırdı ki, radioda hamının hörmətlə “Mirzə” deyə çağırdığı Ordubadi olduqca məhsuldar işləyirdi. Elə olurdu ki, o, bir gecəyə müxtəlif mövzularda bir neçə səhnəcik yazıb gətirirdi” (Y.Əlizadə, Q.Məhərrəmli, “Azərbaycan efiri”. – Bakı: Nurlan, 2006).
Məhz Məmməd Səid Ordubadinin fəallığı sayəsində radioda öz səsləri ilə, yaxud aktyorların və radio diktorlarının ifasında Hüseyn Cavidin, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Rəsul Rzanın, Süleyman Rüstəmin, Məmməd Rahimin şeirləri, Mehdi Hüseynin, Mir Cəlalın hekayələri, irihəcmli nəsr əsərlərindən parçalar səslənirdi. Dinləyicilər vaxtaşırı bu ədiblərin yeni əsərləri barədə məlumatlar alırdılar.
Radioda musiqi kollektivlərinin çoxluğuna xüsusi səy göstərilirdi, çünki onun kütləviliyi, dinləyici dairəsinin gündən-günə artan genişliyi göz qabağında idi. 1 yanvar 1932-ci ildə Pyotr Protasovun rəhbərliyi ilə 34 nəfərdən ibarət avropa musiqi alətlərindən ibarət orkestr yaradılıb. İfaçıların tərkibi belə idi: skripka – 8 nəfər, violençel – 3 nəfər, fleyta – 3 nəfər, voltorna – 3 nəfər, truba – 3 nəfər, kontrabas – 2 nəfər, faqot – 2 nəfər, trambon – 2 nəfər, alt – 1 nəfər, qaboy – 1 nəfər, zərb aləti – 1 nəfər, konsertmeyster – 2 nəfər. Vokal ifaçıları iki tələbə-praktikant ilə birlikdə 12 nəfər idi.
Həmin tarixli əmrlə radionun musiqi bölməsi üzrə də yeni əmr verilib. Həmin əmrə əsasən Üzeyir bəy Hacıbəli kollektiv direktoru, Müslüm Maqomayev musiqi rəhbəri, Əhməd Əliyev musiqi rəhbərinin müavini, Məmməd Səid Ordubadi bədii redaktor (həmçinin radio qəzetinin ədəbiyyat qrupuna rəhbər), Leyla Terequlova rejissor təyin olunublar. Leyla xanım diktor kimi fəaliyyətini davam etdirirdi. 1 yanvar 1933-cü ildə bu heyətin tərkibi olduğu kimi yenə təsdiqlənib.
Şərq xalq musiqisi orkestrində 12 tarzən, 5 kamançaçalan, 5 tütəkçalan, 1 qarmonçalan və 1 balabançalan vardı.
28 sentyabr 1932-ci il tarixli əmrlə radionun yoxlama sınağından sonra türk bölməsinin diktorluğuna yenidən Soltan Nəcəfov, Səməd Səmədov, Leyla Terequlova, Əsgər Mövsümov, Hacı Hacıyev təsdiq ediliblər. 1932-ci il noyabrın 1-də Əşrəf Həsənov musiqi şöbəsinin vokal qrupuna rəhbər təyin edilib.
1900 – 1919-cu illərdə “Müsəlman artistləri şirkəti”ndə, “Nicat”, “Səfa”, “Müdriyyət” truppalarında, Azərbaycan artistləri ittifaqında, 1919 – 1925-ci illərdə artıq dövlət statusu almış Milli Dram Teatrında rejissorluq və aktyorluq etmiş, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” (Məcnun), “Şeyx Sənan” (Şeyx Sənan), “Əsli və Kərəm” (Kərəm), “Şah Abbas və Xurşudbanu” (Şah Abbas), “Söhrab və Rüstəm” (Rüstəm) muğam operalarında və “Ər və arvad” (Mərcan bəy), “Məşədi İbad” (Sərvər), “Arşın mal alan” (Əsgər) operettalarında baş qəhrəmanların partiyalarını ifa edən Xalq artisti Hüseynqulu Sarabski Opera və Balet Teatrının aparıcı solisti olmaqla bərabər, 1932-ci il mart ayının 15-də radioya solist götürüldü. Uzun müddət burada, demək olar, günaşırı müxtəlif kollektivlərin, üçlüyün müşaiyyəti ilə muğamlar, təsniflər, xalq mahnıları, muğam operalarından partiyalar oxudu. Gələcəyin dramaturqu və nasiri, “İliç buxtası” “Ayrılan yollar”, “İldırım”, “Məhəbbətin hökmü”, “Yanar dərə” pyeslərinin müəllifi, 20 yaşlı Cabbar Məcnunbəyov isə ədəbi-dram şöbəsinə ədəbi işçi qəbul olundu. Radionun ilk redaktorlarından olan Abbas Abdullayev və Həmid Zeynalov Azərbaycan türkcəsinin zərifliyi, lətafəti, sözlərin düzgün və ahəng dürüstlüyü ilə tələffüz olunması uğrunda yorulmadan çalışırdılar.
AZƏRBAYCAN RADİOSUNUN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Dördüncü məqalə
Radio yayımı orqanı 1932-ci il aprel ayının 7-də Mərkəzi İcraiyyə Komitəsindən (MİK) alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi. Komissarlıq qurumun maliyyə xərclərini artırmaq haqqında qərar verdi və bunun sayəsində kadr tərkibinin əlavə qüvvələrlə möhkəmləndirilməsinə imkan yarandı. Əməkdaşlara və kənar müəlliflərə qonorar verilməsi üçün də maliyyə imkanları artırıldı. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi iyul ayının 5-də Radio yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi. Avqust ayının 8-dən etibarən efirdə səslənən müxtəlif yardıcılıq istiqaməti olan radioqəzetlər tədricən azalmağa başladı. Yeni yaradılan “Son xəbərlər” efirdə ümumən onu əvəz etmək ağırlığını öz üzərinə götürdü və fəaliyyətini aybay genişləndirməyə başladı. “Son xəbərlər”də müxtəlif janrlı radioinformasiyalar, operativ jurnalistlər qrupu formalaşırdı. Bu prosesi genişləndirmək və gücləndirmək məqsədi ilə oktyabr ayının 25-də Radio yayımının nəzdində İnformasiya redaksiyası yaradıldı.
Radionun inkişafına əyani sübut üçün bir fakta nəzər yetirək. 28 dekabr 1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi vardısa, 1932-ci ilin yekununda – dekabr ayının 27-də onların sayı 20 min 409-a çatmışdı. Radio artıq mənzillərə, fəhlə klublarına, hətta iri sənaye müəssisələrinə, fabriklərə ayaq açmışdı. Nahar fasiləsində kənd zəhmətkeşləri üçün verilən konsert proqramlarının əlvan və maraqlı tərtibi işçilərin əmək yorğunluğunu çıxarır, onlara daha coşqun həvəslə çalışmaq üçün yeni ruh və enerji verirdi. Bununla da radio respublikada mədəniyyətin inkişafında da özünəməxsus rol oynamağa başladı.
Zülfüqar Hacıbəyli 1 yanvar 1933-cü ildə musiqi redaksiyası instruktor şöbəsinə, Hüseyn Abbasov bədən tərbiyəsi qrupuna, Əsəd Zeynalov xalq maarif şöbəsinə bölmə rəhbəri, Səid Rüstəmov konsertmeyster (eyni zamanda Xalq çalğı alətləri orkestrində bu vəzifəni daşıyıb), İsmayıl Abdullayev, Fatma Zeynalova, Səməd Səmədov “Son xəbərlər”ə təyin olunublar. Opera teatrının işçiləri Əli Sadıqov, Zülfüqar Sarıyev, Qəmbər Zülalov, Yavər Kələntərli, Münəvvər Kələntərli, Bikə Səmədzadə, həmçinin Leyla Terequlova (həm diktor, həm rejissor ştatında qalmaqla) müğənni-xanəndə ştatına götürülüblər.
Müslüm Maqomayevin təşəbbüsü və təşkilatçılığı ilə 1933-cü il mart ayının 25-də radioda “Çahargah” gecəsi adlı bədii konsert proqramı təşkil edildi. Konsertə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, Zülfü Adıgözəlov, opera teatrının solistləri Hüseynqulu Sarabski, Yavər Kləntərli, Zülfüqar Sarıyev, çalğıçılardan tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçalanlar Qılman Salahov, Hafiz Mirzəliyev iştirak ediblər. İki saata yaxın davam edən konsertdə “Çahargah” muğamnın ayrı-ayrı şöbələrini səs imkanlarına uyğun olaraq başqa-başqa xanəndələr ifa ediblər.
1933-cü ildə “Azərradio”nun səlahiyyətləri bir qədər də genişləndi. May ayının 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı. Bununla bağlı Mərkəzi İcraiyyə Komitəsi nəzdində olan “Azərradio” ləğv edildi və yeni Komitə məhz onun bazasında quruldu, onun əmlak və kreditlərinin, eləcə də işçi ştatının Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Radio Komitəsinə verilməsi haqında qərar çıxarıldı. Komitə sədrliyinə S.Manutsyan təyin olundu. Qərarın ikinci bəndində göstərilirdi: “Radiolaşdırma və radio verilişləri məsələlərinin hazırlanması və həyata keçirilməsi, radio aparatları istehsalına köməyin təşkili, radio yayımının təşkili və bilavasitə operativ rəhbərliyi, radiorabitənin inkişafında Xalq Rabitə Komissarlığı orqanlarına kömək, radiolaşdırma və radioyayım sahəsində elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi bu Komitəyə tapşırılsın”. Bu, Radiolaşdırma və Radio Verilişləri Komitəsinin səlahiyyətlərini artırmış oldu, qurum müəyyən tədqiqatların elmi əsaslarla aparılması işində ilk addımlarını atdı.
Komitənin yeni yaradıcılıq yönünün, fəaliyyət prinsipinin müyyənləşdirilməsi əsasında öz işini görmüş radioqəzetlər ləğv edildi və daha operativ şəkildə işləyən, siyası, təbliğat xarakterli materialları əhatə edən büllütenlər toplusu formasına üstünlük verildi. Efirdə “Son xəbərlər” səslənməyə başladı. Azərbaycan radiosu xəbərlərin əhatə dairəsini genişləndirmək, xarici ölkələrin mühüm siyasi hadisələrini səsləndirmək məqsədilə Moskva radiosunun tərkibində yaradılmış Mərkəzi İnformasiya Redaksiyası ilə sıx yaradıcılıq əlaqəsi yaratdı. Payızda Moskva radiosunda radiosəsləşmə keçirildi. “Pravda” qəzetinin təşəbbüsü və Ümumittifaq radiosunun təşkilatçılığı ilə keçirilən tədbirə möhtəşəm, nəhəng, iri, müxtəlif məhsullar istehsal edən sənaye müəssisələri olan Moskva, Peterburq, Xarkov, Sverdlovsk şəhərləri ilə yanaşı, neft Bakısı da qoşulmuşdu. Şöhrəti bütün SSRİ-yə yayılmış buruq ustası Ağa Nemətulla da həmin tədbirdə çıxış etmişdi. Ölkəmizin neftçıxarmadakı əzəmətli uğurlarından danışan əmək qəhrəmanı adları çəkilən şəhərlərin zavod kollektivlərindən Bakı neftçilərinin müxtəlif avadanlıq sifarişlərini vaxtında çatdırıb yollamalarını rica etmişdi.
İl ərzində Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdırılmışdı və bu, kollektivin böyük nailiyyəti sayılırdı. Həmin dövrdə radionun inkişaf etmiş yeni texniki vasitələri ilə təmin edilməsi və onların istismara buraxılması sayəsində Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaradılmışdı. Belə fəaliyyət göztəriciləri uğrunda qızğın işlər səngimədən davam edirdi.
Beş il əvvəl radioda səslənən verilişlərin yarıdan çoxu kütləvi təbliğat istiqamətində idi. Radioqəzetlər öz səmərəli işlərini görüb forma və məzmunca “köhnəldiyinə” görə radio jurnalistələri yeni-yeni ifadə vasitələrinə, radio janrlarına ciddi maraq göstərirdilər. Bununla da vaxtı keçmiş ictimai-siyasi buraxılışları mədəniyyət, ədəbi-bədii proqramda birləşən incəsənət, ədəbiyyat verilişlərinin sayı və efir saatı artırdı. 1934-cü ilin sonlarında artıq ədəbi-bədii verilişlər radio proqramının 60 faizdən çoxunu təşkil edirdi. Verilişlərin xüsusi çəkisi artdıqca paralel olaraq radio jurnalistlərinin forma və məzmun, mövzu, janr əlvanlıqları da çoxalır, peşəkarlıqları artır, ümumilikdə radio jurnalistikası təkmilləşib formalaşırdı.
Xalq musiqisi ilə yanaşı, klassik msiqinin də təbliğinin genişlənməsinə ciddi səy göstərilirdi. Bu məqsədlə simfonik orkestrin heyəti istedadlı çalğıçılarla gücləndirilirdi. Radionun Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarlar Sovetinin sərəncamına keşməsi ümumi yaradıcılıq prosesini gücləndirdi, texniki təchizat və təminatda yeniləşmə sürətləndi. Təcrübəli kamançaçalan Qılman Salahov türk musiqi redaksiyası üzrə müavin, Abdulla Əzizadə kütləvi tədbirlər rəhbəri təyin olundular. Mustafa Mərdanov bir illik müqavilə ilə Radio teatrına rejissor götürüldü. Sonralar bir müddət Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri olmuş gənc musiqiçi, Krım türkü Asan Rufatov, təcrübəli musiqiçi Xosrov Məlikov Gənc Tamaşaçılar Teatrının rus bölməsində rejissor kimi çalışan Qabriel Kornelli, Milli Dram Teatrının aktyor və rejissoru Rza Təhmasib Radio teatrının ətrafında birləşib səmərəli yaradıcılıq uğurları qazanırdılar. Mustafa Mərdanov və Rza Təhmasib rus və dünya ədəbiyyatından dramlar, komediyalar, vodevillər, dramatik səciyyəli hekayələr tərcümə edib Radio teatrında tamaşaya hazırlayırdılr. Ancaq ümumilikdə radionun işində ciddi qüsurlar da vardı, çünki qurumun rəhbəri Arutunyan və işlər idarəsinin müdiri Çavçavadze, elləcə də əcnəbi millətlərdən olan kadrlara, mühasibətə, texniki təchizata rəhbərlik edənlər azərbaycanlı işçilərə müxtəlif yollarla mane olurdular, diqqəti daha çox rus verilişlərinin inkişafına və təbliğinə yönəldirdilər.
Radionun strukturunda davam edən yeniləşmə (bir müddət Radio Verilişləri Komitəsi adlanıb) və genişlənmə ilə bağlı “Qızıl əsgər”, “Kolxoz radiosu”, “Ədəbi dram”, “Gənclər” redaksiyaları təşkil edilib. Artıq radioda peşəkarlıq vərdişlərinə yiyələnmiş və durmadan sənət səriştələrini artıran rejissorlar fəallaşmışdılar. Təbii ki, bu fəallıq ilk növbədə verilişlərin bədii-estetik dəyərlərini gücləndirirdi. Üzeyir bəy Hacıbəyli konservatoriyada, Bakı Musiqi məktəbində tutduğu vəzifələrdə qalmaqla 1935-ci il oktyabr ayının 1-də notlu Şərq orkestrinə baş dirijor təyin edildi. Bununla da orkestrin repertuar siyasində yaxşılığa doğru ciddi dəyişikliklər baş verdi. Digər tərəfdən də Məmməd Səid Ordubadi Kolxoz və Qırmızı ordu bölməsinin rəhbəri vəzifəsindən çıxaraq yenidən radioya qayıtdı və Ədəbi-dram redaksiyasına direktor təyin olundu. Onun bu vəzifəyə təyinatı ədəbi verilişlərin çoxalması, yaradıcılıq keyfiyyətinin yüksəlməsi ilə yanaşı, Radio teatrının işinə də əsaslı təkan verdi. Artıq əcnəbi “rəhbərlər” repertuar seçiminə qarışmağa, yersiz və mənasız müdaxiləyə o qədər də ciddi cəhd göstərmirdilər. Radio Komitəsinin sədri Nikbin də respublikada böyük nüfuz sahibi qazanmış Üzeyir bəylə, Ordubadiylə hesablaşmalı olurdu. Soltan Nəcəfov diktorluqdan əlavə, buraxılış şöbəsinə rəhbərliyə başladı və uzun illər həmin vəzifədə çalışdı. Fədakar diktor, qiraətçi eyni zamanda Radio teatrında çıxış edib, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Anton Çexovun hekayələrini səsləndirib, iri həcmli tamaşalarda aparıcılıq edib, yəni müəllif remarkalarını oxuyub. hadisələrin baş verdiyi məkan və zamanlar, obrazların fikir toqquşmaları barədə məlumatlar verib.
25 ildən artıq səhnə təcrübəsi olan, 1922 – 1924-cü illərdə Moskvada ali aktyorluq təhsili alan Mustafa Mərdanovun rəhbərliyi ilə ədəbi-dram redaksiyasında çalışanların, dövlət teatrında işləyən digər sənətçilərin qayğı və yardımı sayəsində Radio teatrının repertuarı tədricən peşəkarlıq səviyyəsində ciddıləşir, zənginləşir və əlvanıaşırdı.
SSRİ-nin müxtəlif respublikalarında radionun inkişafı sayəsindəki uğurları geniş ictimaiyyətə nümayiş etdirmək məqsədi ilə 1936-cı ildə SSRİ-də birinci dəfə Ümumittifaq radio festifalı keçirildi. Əsas qayəsi sovet ideologiyasının təbliği olsa da, festival müəyyə mənada Azərbaycan radiosunun on illik yaradıcılıq hesabatı xarakterini daşıyırdı. Festivalın açılışı mart ayının 23-də oldu və aprel ayımın 6-da sənət bayramını xatırladan təntənəyə yekun vuruldu. Möhtəşəm yaradıcılıq nümunələrindən ibarət festivalda 28 dildə səslənən mahnılar, musiqi nömrələri dinləyicilərin böyük marağına səbəb oldu. Festivalın təntənəli keçən günlərində respublika radioları Moskvadakı Ümumittifaq radiosuna qoşularaq müəyyən proqramla çıxış edirdilər. Bakı radiosu üçün də ayrıca gün ayrılmışdı və o gündə Azərbaycanın incəsənət ustaları, qabaqcıl jurnalistləri, sənət fədailəri üç saata yaxın proqramla çıxış etdilər. Həmvətənlərimiz Üzeyir bəy Hacıbəylinin rəhbərliyi ilə xüsusi proqram hazırlamışdılar. Bu işdə bəstəkar və pedaqoq Səid Rüstəmov, ssenari tərtibində Məmməd Səid Ordubadi ona yardımçı olmuşdular. Proqramda Üzeyir bəylə yanaşı, Müslüm Maqomayevin də əsərləri vardı. “Azad olunmuş türk qadınlar sarayı” nəzdindəki qadınlardan ibarət Şərq alətləri orkestrinin çıxışları maraqla qarşılandı. Tarzən Qurban Pirimovun və kamançaçalan Qılman Salahovun müşayiəti ilə Opera və Balet Teatrının solisti Hüseynağa Hacıbabayev “Şahnaz” muğamını coşqun şövqlə, yüksək məharətlə ifa etdi. Proqrama opera solistləri Hüseynqulu Sarabskinın, Həqiqət Rzayevanın, Bülbülün, Şövkət Məmmədovanın, xalq çalğı alətləri ansamblının, xalq çalğı alətləri orkestrinin, opera teatrı rus truppasının, simfonik qrupun çıxışları da daxil idi.
AZƏRBAYCAN RADİOSUNUN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Beşinci məqalə
On yaşını qeyd edən Azərbaycan radiosuna 1936-cı ildə yeni töhfə verildi. İlin əvvəllərində Bakıda qurulmsına başlanmış yeni 35 kilovat gücündə radiostansiya noyabr ayının 6-da istismara buraxıldı. Bu texniki nailiyyətin işə başlaması sayəsində milli radiomuzun səsi Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində də eşidildi. Bu, təkcə radiomuzun uğuru deyildi, ümümilikdə Azərbaycan Respublikasının mədəniyyətinin, folklorunun, ədəbiyyatının, incəsənətinin, tarxi irsinin təbliği və tanınması üçün geniş imkanlar açmışdı. Radio işçiləri böyük yaradıcılıq eşqi ilə bu istiqamətdə yorulmadan möhtəşəm işlər görürdülər.
Uşaq bölməsinə 1935-ci il may ayının 27-də redaktor təyin olunmuş Milli Dram Teatrının aktyoru Mustafa Mərdanov öz işində qalmaqla 1936-cı ilin fevralında yenidən türk dram redaksiyasına (Radio teatrına) rejissor, Hüseyn Əliyev isə həmin quruma bədii qiraətçi kimi dəvət olundular. Diktorluqdan müvəqqəti uzaqlaşmış Natiq Hüseynin səsi yenidən radio dalğalarında eşidildi. Onda Azərbaycan radiosu Əbdülkərin Əlizadə küçəsi, 6 ünvanda (keçmiş Fioletov küçəsi) yerləşirdi. Musiqi kollektivləri də orada böyük salonda məşq edir və həmin məkandan da canlı efirə çıxırdılar. Gələcəkdə səsyazma studiyasını da həmin binada qurmaq barədə danışıqlar gedirdi. Çünki artıq Moskvada belə studiya qurulumuşdu, Peterburq və Kiyevdə də bu işə qızğın hazırlıq gedirdi.
Bununla verilişlərin yayılma dairsəində və dalğaların təmiz səslə uzaq bölgələrdə səslənməsində inkişafa doğru müəyyən irəliləyiş yarandı.
“Gənc işçi” qəzetində təcrübə toplamış Adil Hacıyev 1937-ci il dekabr ayının 1-də radioya tərcüməçi redaktor götürüldü. Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan, siyasi terminlərin tərcüməsində uğurlu ifadələr tapmış Adil Hacıyevin gəlişi ilə radionun rəsmi materiallarında dil-ifadə vasitələrinin işlənməsində, orijinala uyğun üslub və redaktə işi aparılmasında yaxşılığa doğru dönüş yarandı.
Dekabr ayının 14-də Azərbaycan və Gürcüstan respublikalarının milli radioları arasında ilk proqram mübadiləsi efirdə səsləndi. Mübadilənin bədii bölməsində rəsmi dövlət nümayəndələrinin, şair və yazıçıların çıxışları ilə yanaşı, maraqlı konsert proqramı səsləndi. Bülbül eyniadlı operadan Koroğlunun aryiasını oxudu, tarzən Qurban Pirimov solo, xanəndə, tar və kamançadan ibarət milli üçlük, xalq çalğı alətləri orkestrinin yığcam heyəti çıxış etdilər. Şövkət Məmmədova Azərbaycan türkcəsində “Pəncərədən daş gəlir” və gürci dilində “Suliko” mahnılarını oxudu.
Kütləvi represiyanın 1937-ci ildə geniş şəkildə müdhiş vüsət alması radionun yaradıcılığına da müəyyən mənfi təsir göstərmişdi. Radioda vaxtaşırı müəssisələrdə, yazıçılar ittifaqında, Milli Dram Teatrında uydurma “xalq düşmənlərinin ifşası” adı ilə keçirilən yığıncaqların qısa xülasələri radiodan səslənirdi. Təbii ki, bu səpkili siyasi “oyunlar” radionu əsas yaradıcılıq məqsədindən müəyyən qədər uzaqlaşdırırdı.
Verilişlərinin məzmun genişliyini artıran radioda 1938-ci ilin yayında “Azərbaycan dili” verilişi açıldı və 1 iyunda Natiq Hüseyv ora redaktor təyin edildi. Filologiya üzrə ədəbiyyatşünas alimlərdən Məmməd Arif, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər, dilçilik üzrə elmlər doktoru Əbdüləzəl Dəmirçizadə, ədiblərdən Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Məmməd Rahim, Sabit Rəhman, Mir Cəlal, teatr işçilərindən Sidqi Ruhulla, Mirzağa Əliyev, Ədil İsgəndərov, Ələsgər Ələkbərov, Sona Hacıyeva, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, bəstəkar Üzeyir bəy Hacıbəyli, müğənni Bülbül dil mövzusunda maraqlı çıxışlar edirdilər. Dilçiliklə bağlı klassik şairlərimiz Nizami Gəncəvinin, Xaqani Şirvaninin, Məhsəti xanımın, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin fars və ərəb dillərində yazılmış poema, şeir və qəzəllərinin Azərbaycan türkcəsinə tərcümələri tez-tez radionun efirindən səslənirdi. Həmin verilişlərin əvvəllərində tərcüməçilərin qısa çıxışları verilirdi.
Teleqrafla verilən bütün siyasi materiallar, vacib ölkə və dünya xəbərləri Azərbaycan radisouna rus dilində daxil olurdu. Həmin materialları vaxtında efirdə səsləndirmək üçün 1930-cu illərdə radioda Həmid İbrahimov, Əsəd Zeynalov, Dadaş Cavadlı, Cahangir İsmayılov, Hacıoğlu kimi səriştəli tərcüməçilər çalışırdılar.
Azərbaycan SSR Ali Sovetinin birinci sessiyasının təntənəli açılışı 1938-ci il iyul ayının 18-də keçirildi. Sessiyanın gedişatı əvvəldən axıra qədər radio ilə translyasiya olundu. Bu gün ictimai-siyasi, ideoloji nailiyyət kimi tarixə düşdü.
Xüsusi qərarla 1939-cu il avqust ayının 8-də. Azərbaycan Respublikası Nazirlər Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi. Bəzən mətbuat bunu Radioməlumat Komitəsi kimi təbliğ edib.
1930-cu ildə Azərbaycanda radiostansiyaların sayı 269 idi. Oruzuncu illərin sonlarında isə 20 min 409 radiostansiya məntəqəsi fəaliyyət göstərirdi. Bununla da radio dinləyicilərinin sayı on minlərlə artmışdı. Genişlənmə prosesi günü-gündə sürətlə inkişaf edirdi. Müslüm Maqomayev dünyasını dəyişməmişdən neçə il əvvəl radio üçün xüsusi marş yazmışdı (“RB” – 8”) və bu musiqi Azərbaycan Radiosunun çağırtısı idi. Yarandığı gündən 1940-cı ilə kimi, 14 ildə radionun ilk diktorları nəslinə mənsub olanlar Hüseyn Natiq, Hacıbaba Hacıyev, Leyla Terequlova, Səməd Səmədov, Soltan Nəcəfov, Həsən Ağayev, Əsgər Mövsümzadə idi. Həsən Ağayev (1910 – 1986) sonralar Moskvada ali təhsil aldı və az müddət, uzun illər isə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor və baş rejissor işlədi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layıq görüldü. Soltan Nəcəfov (1911 – 1981) ömrünün sonuna kimi radioda çalışdı, Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görüldü. Hüseyn Natiq (1912 – 1941) şair və jurnalist kimi fəaliyyət göstərdi, Böyük Vətən müharibəsində Belorus uğrunda döyüşlərdə həlak oldu.
Radio ilk illərdən ideoloji təbliğat, kütlənin savadlanması, təbliğat-təşviqat işlərinin genişlənməsi, sosial mühitdəki problemlərin aradan qaldırılması, incəsənətin mənəvi-estetik dəyərlərini xalqa çatdırmaq istiqamətində səmərəli işlər görürdü. Radionun nəzdində “Fəhlə” radio qəzeti, “Fəhlə və kəndli radio universiteti”, “Teatr mikrofon qarşısında”, “Satira atəşi ilə” verilişləri yaradılmışdı. Bu verilişlərdə çıxış etmək üçün kiçik heyətli musiqi kollektivləri, müxtəlif sahələr üzrə incəsənət xadimləri, yazıçılar, ictimai-siyasi dövlət xadimləri rəngarənk təbliği mühazirələrlə çıxışlar edirdilər. Aybaay, ilbəil ədəbi və musiqi verilişlərinin vaxtı artırılır, yeni-yeni rubrikalar açılırdı və bununla bağlı radionun ştatında da genişlənmə prosesi gedirdi. Fəaliyyət prosesinin güclənməsi, mövzu, məzmun, forma genişliyi, proqram əlvanlığı, veriliş formatlarının təzələnməsi üçün musiqi korifeyləri Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Niyazi, xanəndə və müğənnilərdən Hüseynqulu Sarabski, Bülbül, ifaçılar Qurban Pirimov, Əhəd Əliyev, aktyor Mustafa Mərdanov, yazıçı və şairlərdən Məmməd Səid Ordubadi, Mir Cəlal, Səməd Vurğun radioya cəlb olunmuşdular. Onların səyi ilə proqramların sayı çoxalmış, efir saatları artmışdı. Konsertlərin əlvanlığında və janr müxtəlifliyində ciddi, maraqlı, zövq oxşayan irəliləyişlər nəzərə çarpırdı. Üzeyir bəy, Niyazi, eləcə də uğurlu yaradıcılıq nailiyyətləri qazanmış Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, Niyazı radioda səslənmək üçün mahnılar bəstələyirdilər. Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Cahan Talışınskaya, opera solistəlri Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Həqiqət Rzayeva xalq nəğmələri, muğam və təsniflərlə yanaşı, bəstəkar mahnılarını da ifa edirdilər. Artıq 1930-ci illərin sonlarında və 1940-cı illərin əvvəllərində radionun proqramında tarzən Əhmədxan Bakıxanovun, Bəhram Mansurovun, xanəndələr Seyid Şuşinskinin, Xan Şuşinskinin, Yavər Kələntərlinin, Gülxar Həsənovanın çıxışları xüsusi yer tuturdu. SSRİ Xalq artisti Mirzağa Əliyev, Azərbaycan Respublikasının Xalq artisti Mustafa Mərdanov klassik yazıçılarımızın yumoristik və satirik hekayələrinin dinləyicilərə təqdim edirdilər. Xüsusən Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri üstünlük təşkil edirdi.
İlin sonunda ümumilikdə radio şəbəkəsinin genişlənməsində yeni uğurlar qazanıldı. Sevindirci fakt idi ki, Azərbaycanda radio nöqtələrinin sayı 50 mini keçmişdi. Respublikamızın 32 rayonunda yerli radio verilişlərinin səmərəli fəaliyyət göstərməsi faktı da diqqəti cəlb edirdi.
1939-cu ildə ikinci Dünya müharibəsinin başlanması ilə bağlı siyasi proqramların yayım formatının vaxtları artırıldı, faşizmin ifşası efirdə səslənən müxtəlif janrlı verilişlərin əsas mövzusuna çevrildi. Radio müntəzəm olaraq Hitler ordusunun Avropa ölkələrində törətdiyi müharibə vəhşilikləri, insan qırğınları haqqında dəqiq və ətraflı məlumatlar verirdi. Paralel olaraq radio kollektivi dinləyicilərdə vətənpərvərlik duyğularını coşduran, dünyanı sülhə, millətlərin, xalqların azadlığına səsləyən, quruculuq işlərinə ruhıandıran ədəbi-bədi proqramların məzmun dərinliyini daha da artırır, gücləndirir və zənginləşdirirdi.
1940-cı ilin ikinci yarısından radionun siyasi proqramlarının yayım saatları artırıldı və əsas diqqət beynəlxalq aləmdə baş verən siyasi-ictimai hadisələrə yönəldildi. Xüsusən Alman faşistlərinin insan qırğınlarını ifşa edən, onların hərbi cinayətlərinin törətdiyi faciə və fəsadlar barədə məlumatların səslənməsinə xüsusi diqqət yetirilirdi. Azərbaycanın siyasi xadimləri, tarixçiləri, sadə əmək adamları müharibə əlieyhinə alovlu çıxışlar edirdilər. Musiqi proqramlarında vətənpərvərlik, qəhrəmanlıq ruhlu mahnılara, simfonik əsərlərə üstünlük verilirdi.
Radio teatrında faşizmi lənətləyən, müharibəyə nifrət oyadan satirik ruhlu hekayə və şeirlərdən ibarət kompozisiyalar hazırlayır, hərb əleyhinə xarici dram əsərlərini, eləcə də nəsr nümunələrini səhnələşdirib tamaşaçılara təqdim edirdi. Əliağa Vahid başda olmaqla, şairlərimiz faşizm əleyhinə həcvlər, satirik şerilər yazır, özləri, yaxud aktyorlar, radionun diktorları efirdən onları səsləndirirdilər.
AZƏRBAYCAN RADİOSUNUN
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Altıncı məqalə
Faşist Almaniyasının 22 iyun 1941-ci ildə gecə saatlarında qəflətən SSRİ-yə hücumu ilə bağlı radio özünün proqram siyasətində müəyyən dəyişikliklər etdi və ciddi iş rejiminə keçdi. Respublikaların, o cümlədən Azərbaycanın radiosu ilə Ümumittifaq radiosu arasında əlaqə bağları daha da gücləndirildi. Hərbi məlumatları bir mərkəzdə toplayıb oradan ayrı-ayrı respublika radiolarına ötürmək məqsədilə müharibənin başlanmasından üç gün sonra Moskvada Sovet Məlumat Bürosu (“Sovetinformbüro”) yaradıldı. Həmin gündən Sovet Məlumat Bürosu müharibənin bütün cəbhələrdəki vəziyyətləri barədə ən son və dəqiq məlumatları bir mərkəzdə toplayan və gecə-gündüz fasiləsiz işləyən quruma çevrildi. Bu əlaqəyə qoşulmuş və müharibənin ilk günündən ciddi iş rejiminə keçmiş Azərbaycan Radiosu “Pravda” qəzetinin hər günkü baş məqaləsini və Mərkəzi radionun Sovet Məlumat Bürosunun materialları əsasında hazırlanan “Son xəbərlər”i həm rus dilində, həm də tərcümə edilmiş mətndə dinləyicilərə çatdırırdı. Büronun xəbərləri gün ərzində həm təkrarlanır, həm də yenilənirdi və Azərbaycan radiosunun ictimai-siyasi proqramının əsasını təşkil edirdi. SSRİ-nin rəhbəri Stalinin xalqa müraciəti Mərkəzi radiodan bütün respublikalara translyasiya edildi. İlk gündən Sovet Məlumat Bürosunun əsas və daha vacib xəbərlərini Moskva radiosunun diktoru Yuri Levitan oxuyurdu. Gur, qəltanlı, sirayətedici, romantik pafosu olan Levitanın səsi cəbhə bölgələrində də səslənirdi. Bu səsin cazibəsi və psixoloji təsiri döyüşçülərimizi şanlı qələbəyə ruhlandırır, insanlarda mübarizlik ruhunu qat-qat gücləndirirdi. Satalin ölkə rəhbəri və Ali Baş Komandan kimi verdiyi bütün əmr və sərncamları radioda oxumağı yalnız Levitana etibar edirdi. Yuri Borisoviç Levitan (2.10.1914 – 4.8.1983) sonralar SSRİ xalq artisti fəxri adı ilə təltif olundu.
Azərbaycan dinləyiciləri də onun çıxışlarını, xüsusən ordumuzun uğurlu hücumları barədə məlumatlarını intizarla gözləyirdilər. Müharibəyə aid xronikalarda göstərilir ki, Levitanın səsi ilə Sovet Məlumat Bürosunun 2773 rəsmi materialı yayımlanıb. Həmçinin Büronun iki minə yaxın məlumatı da Azərbaycan radiosunda səslənib. Müharibə illərində Sovet ordusunun Baş qərargah rəisi (1942 – 1945), SSRİ-nin hərbi naziri (1952 – 1961) olmuş, marşal, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksandr Mixayloviç Vasilevski (30.9.1895 – 5.12.1977) öz xatirələrində yazır: “Müharib dövründə dinləyicilər günün vacib xəbərləri haqqında Sovet Məlumat Bürosunun məlumatlarını məhz radio ilə eşitmək imkanı qzanmışdılar. Moskvanın səsi cəbhədə də, partizan məskənlərində də, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda də səslənirdi. Əsgərlərin və komandirlərin hünərləri, düşmən arxasında partizanların ölüm-dirim mübarizəsi barədə qısa məlumatlar milyonlarla dinləyicinin qəlbinə yol tapır, onların döyüş ruhunu, mübarizlik əzmini coşdurub gücləndirir, hətta çox çətin, mürəkkəb günlərdə belə xalqımızın faşist təcavüzkarları üzərində qələbə çalacağına inamı möhkəmləndirirdi”. Yuri Levitanın səsi ilə verilən xəbər və məlumatlar Azərbaycan türkcəsində də səslənir və respublikamızın ucqar kəndlərində də dinləyicilərə çatdırılırdı.
Radionun jurnalistləri yazı üslublarını radio publisistikası ruhuna kökləməklə vətənpərvərlik ruhunda materialların çoxluğunu fədakarlıqla təmin edirdilər. Moskva radiosuna bağlantıların sayı artdığına, ictimai-siyasi mövzuların genişləndiyinə və operativliyinə görə Azərbaycan radiosu yayım vaxtını 5 saat uzatmışdı. Bütün respublika əsas məlumatı operativ şəkildə radiodan alırdı, çünki mərkəzi qəzetlər bölgələrə bir gün sonra çatdırılırdı. Buna görə də dinləyicilər radio xəbərlərini, xüsusən “Son xəbərlər”i intizarla gözləyirdilər. Əhalini operativ məlumatlarla vaxtında xəbərdar etmək məqsədilə şəhər və rayonların mərkəzi küçə və meydanlarında beş minə yaxın səsgücləndirici quraşdırılmışdı. Uzun dirəklərə, hündür bina divarlarına bərkidilən səsgücləndiricinin sayəsində uzaq məsafədən də radio məlumatlarını eşitmək mümkün idi.
Azərbaycan Radiosu fövqəladə vəziyyətə uyğun olaraq və hökumət, dövlət məlumatlarını, vacib əmrləri, sərəncamları operativ şəkildə Azərbaycan türkcəsində səsləndirmək məqsədilə sarifonlardan istifadə edirdilər. Radiodaxili növbətçilər Moskvadan gələn materialları qəbul edir, xüsusi tərcüməçilər onları Azərbaycan türkcəsinə çevirir və təxminən yarım saat sonra həmin xəbərlər respublika dinləyicilərinə çatdırılırdı. Bu məqsədlə radioya tərcüməçilər, əlavə səriştəli redaktorlar cəlb olunmuşdular və həmin məlumatları radionun seçmə diktorları səsləndirirdilər. Ümumilikdə radionun, xüsusilə “Son xəbərlər”in əməkdaşları qətiyyətlə öz peşəkarlıqlarını artırır, çevik yaradıcılıq vərdişlərinə yiyələnirdilər.
Radioda qonaqları dəvət etmək üçün xüsusi verilişlər açılmışdı. Sairlər vətənpərvərlik şeirlərini oxuyur, yazıçılar xalqa qəhrəmanlıq ruhu aşılayır, başda neftçilər olmaqla, əmək qəhrəmanları öz həmkarlarını qələbə naminə daha gərginlik və coşquyla işləməyə səsləyirdilər. Mikrafon ölkəmizin ziyalıları, əməkçiləri, hərbi qospitallarda çalışan həkimləri, bir sözlə, hər bir vətəndaşı üçün həmdəm dosta çevrilmişdi. Bu mikrafondan xalqı qələbəyə, vətən sevgisinə, mətinliyə, cəsarətə səsləyən, ən əsası, qələbəyə inam hissini gücləndirən çağırışlar səslənirdi. Verilişlər öz xarakterlərini dəyişmiş, mövzusundan, janrından asılı olmayaraq, efirdə səslənən bütün mətnlər müharibə ilə bağlanırdı, hər cümlədə, hər fikirdə qələbə ruhu çox güclü idi. Onlarla verilişin içərisində “Azərbaycan cəbhəyə” verilişi daha operativ, daha əhatəli, daha məzmunlu və forma baxımından daha şaxəli idi. Verilişin mövzuları bütün respublikanı əhatə edirdi. Kənd əməkçilərinin qələbə naminə göstərdikləri fədakarlıqlar efirdən səslənir, qabaqcıl zəhmətkeşlər radio ilə çıxışlar edirdilər.
Radionun musiqi proqramı da müharibə vəziyyətilə bağlı proqram tərtibinin mahiyyət və məzmununda dəyişiklik etmişdi. Bəstəkarlarımız şairlərin vətənpərvərlik ruhlu şeirlərinə mahnılar bəstələyirdilər. Redaksiyanın maraqlı yeniliklərindən biri də o idi ki, günorta saatlarında əsgərlərimizin sifarişləri əsasında konsert proqramı səslənirdi. Radionun təşəbbüsü ilə qələm sahibləri Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Mirzə İbrahimov, Mir Cəlal, Süleyman Rəhimov, Əli Vəliyev, Rəsul Rza, Mehdi Hüseyn hərbi qospitallarda, Azərbaycan vətandaşlarından ibarət və müxtəlif istiqamətlərdə vuruşan 416-cı, 77-ci, 396-cı, 223-cü, 402-ci atıcı diviziyaların döyüşçüləri ilə görüşlər keçirir, vətənsevərlik duyğulu çıxışlarla əsgərlərimizdə qələbəyə inam ruhunu gücləndirirdilər. Bəstəkar Üzeyir bəy Hacıbəylinin, Səid Rüstəmovun, Əfrasiyab Bədəlbəylinin başçılığı və iştirakı ilə radionun Xalq Çalğı Alətləri Orkestrinin müğənni və xanəndələri Bülbül, Şövkət Məmmədova, Xan Şuşinski, Sara Qədimova, Şövkət Məmmədova, Gülağa Məmmədov, ifaçılar Bəhram Mansurov və başqaları dəflərlə döyüş bölgələrində olublar. Bütün bu tədbirlər barədə məlumatlar radioda səslənirdi. Filosof Heydər Hüseynovun, riyaziyyat, fizika, kimya, kənd təsərrüfatı alimləri, memarlar, rəssamlar, bəstəkarlar tez-tez radionun qonağı olurdular. Yazıçılardan, ədəbiyyatşünas alim və tədqiqaçılarından Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov, Zülfəli İbrahimov, Əvəz Sadıq, Abbas Zamanov, Məmməd Cəfər, Ənvər Yusifoğlu, Mir Cəlal, Yusif Şirvan, Məmməd Əkbər, Əziz Şərif, Nurəddin Babayev və yüzlərlə digər alimlər, şairlər, nasirlər, müəllimlər, həkimlər, neftçilər, övladı müharibədə mətinliklə vuruşan analar, atalar radionun studiyasından odlu, alovlu çıxışlarla xalqa mübarizlik ruhu verir, onların qəlblərində qələbəyə mütləq inamı daha da möhkəmləndirirdi.
Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanlarından olan, 70-dən çox faşisti məhv edən İsrafil Məmmədovun, eləcə də digər döyüşçülərin, ağır mərmi yaraları aldıqlarına görə ordudun tərxis olmuş əsgər və zabitlərin radio ilə çıxışları yeniyetmələrin mübarizlik əzminə sanki qanad verirdi. Bir hava döyüşündə 7 faşist təyyarəsini məhv edən, 17 güllə yarası alsa da öz təyyarəsini xilas edən 22 yaşlı Hüseynbala Əliyev haqqında radio-oçerk verilir, şairlərin onun qəhrəmanlığını vəsf edən şeirləri səslənirdi. Ümumiyyətlə, döra illik müharibə dövründə yüzlərlə qəhrəman əsgər və zabitimiz haqqında bədii radio-oçerklər verilib. Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun radioda tez-tez alovlu çıxışlar edirdi. Moskva qəzetləri də bu barədə yazırdılar. Məhz ona görə Ümumittifaq radiosu Vurğunu Moskvaya dəvət etdi və o, 1942-ci il fevral ayının 12-də orada canlı çıxış etdi. “Koroğlu nəsillərinə bizim salamımız” adlanan möhtəşəm məzmunlu və geniş mətnli həmin çıxış SSRİ-nin bütün respublikalarına translyasiya edildi.
Ardı var...