Azərbaycan Nəşriyyatları Assosiasiyası media nümayəndələri ilə görüş keçirdi

Azərbaycan Nəşriyyatları Assosiasiyası media nümayəndələri ilə görüş keçirdi
19 iyul 2022
# 16:40

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan ANAİB-in sədri Şəmil Sadiq birliyin 2 illik fəaliyyəti barədə məlumat verib.

Ardından birliyin koordinatoru Fizzə Məmmədova il ərzində keçirilən kitab sərgiləri, oxu günləri və digər təşkilati fəaliyyətlərin slaydını təqdim edib.

Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli isə nazirliyin kitab siyasətindən bəhs edib: “Ötən il 105 min, bu il isə 500 min manatlıq kitabı müəlliflərdən və naşirlərdən aldıq. Növbəti illərdə bu rəqəmi daha da artıracağımıza inanırıq”.

Şöbə müdiri həmçinin qeyd edib ki, artıq nazir Anar Kərimovun təşəbbüsü ilə ixtisaslı məzunlar ölkə kitabxanalarına təyinatla göndərilir: “Mədəniyyət və İncəsənət, həmçinin Bakı Dövlət universitetlərinin kitabxanaçılıqla ixtisaslaşmış məzunları ölkə kitabxanalarına təyinatla göndərilir. Bütün bunlar hamısı ölkədə kitaba olan münasibətə yaxşı mənada təsir edir”.

ANAİB-in sədr müavini Nurman Tariq isə çıxışı zamanı birliyin oxucular arasında keçirdiyi statistikanı təqdim edib. Statistikaya əsasən, oxucuların rus və türkdilli ədəbiyyata maraqları diqqət çəkib.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, əməkdar jurnalist Qulu Məhərrəmli, Elçin Şıxlı, şair, esseist Qismət Rüstəmov, Aqil Camal təkliflərlə çıxış ediblər.

Çıxışlar bitdikdən sonra media nümayəndələrinin sualları cavablandırılıb.

# 1412 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #