Azərbaycan gülüş yaddaşının Laçın kodu - Seyfəddin Rzasoy

Azərbaycan gülüş yaddaşının Laçın kodu - Seyfəddin Rzasoy
13 mart 2024
# 11:59

Kulis.az Seyfəddin Rzasoyun İlham Qəhramanın "Laçın lətifələri" kitabı haqqında yazdığı "Azərbaycan gülüş yaddaşının Laçın kodu İlham Qəhramanın təqdimatında" yazısını təqdim edir.

Əziz oxucular, qarşımda Azərbaycan ictimai-mədəni mühitində şair-publisist kimi tanınmış İlham Qəhrəmanın toplayıb tərtib etdiyi “Laçın lətifələri” kitabının bilgisayar nüsxəsi durur. Bu, 2014-cü ildə nəşr olunmuş kitabın təkmilləşdirilmiş ikinci nüsxəsidir. İlham bəy məndən kitaba baxmağı, məsləhət bilərəmsə, bir folklorşünas kimi “xeyir-dua” verməyimi təklif edəndə tanış psixoloji kompleks yenə də məni həyəcanlandırdı.

Əvvəla, İlham bəyin təklifini qəbul etməyə bilməzdim: ona qəlbimdə həm bir qələm sahibi, həm də ənənəvi Azərbaycan əxlaqının, Laçın ağsaqqallarına məxsus adabının daşıyıcısı kimi hörmətim var. O, bir şair kimi də, bir insan kimi də milli-ənənəvi kimliyimizə məxsus həyatı böyük bir sevgi və məsuliyyətlə yaşayır.

Ancaq həyəcanımın səbəbi bu deyildi. O kompleksi mən yaddaşla bağlı yazılı folklor mətnləri ilə təmasda olarkən həmişə yaşayıram. Yaddaşın yazı kodunun qrafemlərinə şifrələnmiş bilgiləri ilə təmasın psixikamın genetik yaddaş mexanizmlərini necə hərəkətə gətirdiyini, “mən”i mənim cismən yaşamadığım zaman-məkana necə daxil etməsini, tarixi məkan-zaman xronotopunu gözlərim önündə necə canlandırdığını, az qala, bütün ruhumla hiss edirəm. Bu – folklor mətnlərinə xas olan əlahiddə psixopoetik funksiyadır. Yazılı mətndə konservasiya olunmuş zaman oxucu zamanı ilə təmas prosesində yeni psixopoetik reallıq – zamanüstü (metazaman) diskursunu törədir. İlham Qəhrəmanın da yaratdığı “Laçın lətifələri” mətni elə ilk lətifədən başlamaqla məni yenə bu komplekslə köklədi. Mətnlər bir çoxları artıq bu dünyada olmayan Laçın insanlarının gülüş emosiyasına və bu emosiyada kodlasmış Laçın həyatına yeni can verdi. Və heç vaxt Laçında olmamış “mən”i o yerlərə, o insanların arasına, dünyasına apardı.

Əvvəllər bu kompleksin nə olduğunu anlamadan, sadəcə, emosional-psixoloji hal kimi yaşayırdım. Ta ki, müasir Azərbaycan filoloji-estetik fikrinin patriarxı Yaşar Qarayevin Azərbaycan folklorşünaslıq elminin əfsanəsi Hüseyn İsmayılovun toplayıb-tərtib etdiyi “Göyçə folkloru” kitabına yazdığı “Göyçəyə qayıdan yol folklordan keçir...” ön sözündəki aşağıdakı sətirləri oxuyanadək:
“Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb...

Kərküklə və Təbrizlə, Göyçə ilə və Qarabağla, Dərbəndlə və Borçalı ilə indi də bir yerdə yaşadığımız mənəvi məkanın adı – folklordur...

Sehrli və müqəddəs folklor ərazisindən bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xədər Nəbi... yada, qəsbkara güzəştə getməyib”.

İlham Qəhrəmanın da böyük bir sevgi, məsuliyyət və əziyyətlə Laçın lətifələrini və ümumən folklorunu toplamasının və sözün həqiqi mənasında, çapından ötrü tələb olunan maddi xərcləri qarşılamaqdan ötrü qəhrəmanlıqlar etməsinin bütün səbəbi, mənası və mahiyyəti Yaşar Qarayevin yuxardakı fikrinə müncər olunur. O, bir şair kimi yaddaşın ölməsindən qorxur, əndişə keçirirdi.
İlham Qəhrəman bir şair fəhmi ilə bilirdi ki, vətən insan öləndə yox, yaddaş öləndə əldən gedir.

Bir şair fəhmi ilə bilirdi ki, Laçına qayıdan yol, Qarabağa qayıdan yol folklor yaddaşından keçir.

O, bir şair fəhmi ilə bilirdi ki, folklor – xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı... Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur. Yaddaş “qalar-qopar” dünyada “gəlimli-gedimli” ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur. Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir. Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Xalqın məhvi və yaşamı onun total milli yaddaşından – folklor yaddaşından asılıdır. Xalqın faciəsi o vaxt başlanır ki, milli yaddaş korşalır: onda bütövlüyün milli sxemləri tədricən silinir.

İlham Qəhrəman bir şair fəhmi ilə bilirdi ki, milli yaddaş heç bir zaman və heç bir halda korşalmamalıdır. Millətin ən böyük vəzifəsi bu yaddaşı qorumaqdır. Etnik yaddaşı qorumaq – milləti qorumaqdır: millət olaraq özünü təsdiq etmək, özünün xəlqi mahiyyətini və etnik varlığını yaşatmaq deməkdir. Bu mənada, İlham Qəhrəmanın istər “Laçın lətifələri” kitabı, istərsə də bütün digər kitabları etnik yaddaşı və bu yaddaşın daşıyıcısı olan milləti qorumağa, millət olaraq özünü təsdiq etməyə və etnik varlığımızı yaşatmağa xidmət edir.

“Laçın lətifələri” kitabındakı hər bir lətifə Laçının salnaməsi kimi Laçın kimliyini Laçından – Qarabağdan, Zəngəzurdan və bütövlükdə Tarixi Azərbaycandan qopmağa imkan vermir.
Kitabdan bir “yarpağa” diqqət edək:
“90-cı illərin əvvəllərində bir laçınlını həbs edib Bayıl həbsxanasına göndərirlər. Məhbus kameraya girib ətrafına baxandan sonra deyir:

– Allaha çox şükür, axır ki, laçınlıları da məskunlaşdırdılar!”

Bu lətifə bir folklor mətni kimi qatbaqat məna quruluşuna malikdir. Mətnin üst qatı gülüş emosiyasına xidmət edir. Epik qəhrəman özünün məhkumluq həyatına “məskunlaşma” adı altında lağ edir. Lakin bu lağlağanın altında eksplisit-implisit (açıq-gizli) struktur qatları var:

Üst qatı – eksplisit: Həbsxanaya düşən laçınlı bu lağlağası ilə ona verilmiş hökmün, yaşayacağı məhkumluq həyatının ilk ağırlıq emosiyasını “boşaldır”;

Alt qat – implisit: Hər bir laçınlı üçün Laçından qıraqda yaşaya biləcəyi ən komfort həyat belə həbsxanadır. Laçınlı öz kimliyindən və nəçiliyindən asılı olmayaraq, bütün varlığı ilə yalnız Laçını arzu edir. Laçından qıraqda yaşaya biləcəyi həyatın bütün ləzzətləri onun üçün Laçının bir udum havasına dəymir.

Və əziz oxucular, İlham Qəhrəmanın “Laçın lətifələri” kitabındakı bütün lətifələr, əslində, bu ruhun havasına köklənib. Çünki bütün laçınlılar kimi bu lətifələr də doğma yurddan ayrı düşmüşdü. Ona görə də kitabdakı lətifələrin hamısında gülüşlə bərabər həsrət ağrısı, Laçınsızlıq kədəri də var idi. Şükür olsun o Uca Allahın böyüklüyünə ki, “O”, laçınlı ilə onun lətifələrinin də ağrısına məlhəm qoyub, gülüşünə gülüş qatdı.

Mən bu yazının hər bir sətrini yazarkən düşünürəm ki, yaradıcı fəaliyyətinin mühüm bir qismini Laçın folklorunun toplanmasına həsr etmiş İlham Qəhrəman indi fikirləşir ki, nəyə görə Seyfəddin müəllim məni elə “şair” deyə adlandırır, bircə dəfə də olsun “folklorşünas” demir.

Haqlısan, İlham bəy.

Ancaq bu məsələdə mənim də öz məntiqim var. Və onu səninlə və oxucularla bölüşmək istəyirəm.

Əziz oxucular, İlham Qəhrəman yaradıcılığını, əsasən, sosial şəbəkələrdən izlədiyim sənətkardır. Elə yeni şeirlərini də, topladığı yeni lətifələri də feysbuk səhifələrindən oxuyuram. Hətta bir lətifənin ateistik ruhuna etiraz da etmiş, bunu Laçın-Azərbaycan kimliyinin mənəvi “poetikasına” yaraşmaz hal olduğunu, marginal əxlaqı əks etdirdiyini elə feysbuk vasitəsilə ona bildirmişdim. O isə cavabında böyük bir əxlaq və nəzakətlə nəyin nə olduğunu məndən soruşmuş və bu da onun adabına olan hörmətimi daha da artırmışdı.

İlham Qəhrəman bir şair olaraq fiziki kimliyi ilə bu dünyada yaşasa da, mənəvi-poetik kimliyi ilə bütün hallarda yaddaş dünyasının şairidir. Onun şairliyini bütün müasirliyi ilə Dədə Qorquddan gələn ənənənin davamı hesab edirəm. O, bəzən özünü müasir şeirin texnokratik ritminə kökləsə də, çiyinlərində minilliklərin, epoxaların dərinliklərindən gələn genetik yaddaş yükünü daşıyır. İlham Qəhrəmanın folklorşünaslığı da elə bu “Dədə Qorqud” yükünün davamıdır. Və bu yükün adı şairlikdir.

Fikrimi daha dəqiq ifadə etmək üçün rus folklorşünası V.N.Toporovun mifik-kosmoloji yaddaşla bağlı “şair” kimliyi haqqında dediklərini burada xatırlatmaq istəyirəm. O yazır:

“Kosmoloji çağın... ən əhəmiyyətli fiqurlarından biri öz təxəyyülü ilə keçmişlə, “yaradılış zamanı” ilə təmasa girmək vergisinə malik olan şair” idi və o, bugünlə və yaradılış günü arasında daha bir ünsiyyət kanalı qurmağa imkan verirdi... Şair ilahi “yaddaşın” daşıyıcısı olaraq bütün kollektivin ənənələrinin qoruyucusu kimi çıxış edirdi”.

Mən V.N.Toporovun “kosmoloji düşüncə çağının şairi” haqqında dediklərini olduğu kimi İlham Qəhrəmanın da şairliyinə aid edirəm:

– O da özünün təxəyyülü ilə keçmişlə, ilkin, saf, müqəddəs milli dəyərələrin zamanı ilə təmasa girmək vergisinə malik olan şairdir...
– İlham Qəhrəmanın da təxəyyülü ona bugünlə yaradılış günü arasında ünsiyyət qurmağa imkan verir...
– O, “yaddaşın” daşıyıcısı olan şair kimi öz yaradıcılığı ilə millətin mənəvi ənənələrinin qoruyucusu kimi çıxış edir...

Əziz oxucu, folklor nümunələrinə heç vaxt cansız bir mətn kimi baxmaq olmaz. Onlar canlı orqanizmlərdir. Bunu İlham Qəhrəmanın “Laçın lətifələri” kitabını oxuyarkən əyani şəkildə hiss edəcəksiniz. Əgər 2014-cü ildə çap olunmuş “Laçın lətifələri” gülməklə bərabər həm də ağlayırdılarsa, indi onlar Laçının və bütün Qarabağın bu azad günündə həqiqətən sevinirlər.

Bu sevincin laçınlıların və bütün Azərbaycan xalıqının üzündən heç vaxt əskik olmaması duası ilə...

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #