Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərovun APA-ya müsahibəsi
Millilikdən kənar incəsənət heç kimə maraqlı deyil
- Kino və milli-mənəvi dəyərlər. Bu incə xətt necə qorunmalıdır? Milli-mənəvi dəyərləri qorumaq rejissorun borcudur?
- Milli-mənəvi dəyərlər kinematoqrafiyanın vacib bir hissəsidir. Gənclər hərdən dəyərləri kənara qoyub film çəkmək istəyirlər, mənə gülməli gəlir. Sən yaxşı kinonu hansı mövzuda çəkəcəksən? Məsələn, Amerika həyatından mafiya kinosu çəkəcəksənsə, bu gülməli görünəcək. Bizim reallığa uyğun deyil. Hər bir reallığın özünün dəyərləri var və o dəyərlərin dünyəvi nümayişi vacib şərtlərdən biridir. Sən dünyaya film çıxartmaq istəyirsənsə, milli-mənəvi dəyərlər olmadan dünyanı nə ilə maraqlandıracaqsan? Onun öz ölkəsində olan hadisələrlə? Hətta sosial mövzuda çəkirsənsə belə, bu mütləq milli-sosial mövzu olmalıdır. Millilikdən kənar incəsənət heç kimə maraqlı deyil. Nə öz auditoriyana, nə də xarici auditoriyaya.
- Yəni milli-mənəvi dəyərləri qorumaq mədəniyyət adamı üçün vacibdir?
- Bəli, vacibdir. Mədəniyyət adamı ilk növbədə xalqına lazımdır, mədəniyyət ilk növbədə yaşadığın toplumun mənəvi keyfiyyətlərini yüksəltmək üçün lazımdır. Dünyaya çıxışın da bununla olacaq. Yox, əgər sən özünə məqsəd qoyursansa ki, mən azad sənətkaram, bu mümkünsüzdür. Sən hansı reallığa toxunacaqsansa, orada hansısa dəyərlər, məhdudiyyətlər olacaq. Dünya artıq başa düşüb ki, orta statistik boz adam heç kim üçün maraqlı deyil. Xarici ölkələrdən bizə turist gələndə hara gedir? “Atəşgaha”, “Şirvanşahlar sarayı”na. Onun maraq dairəsi milli maraqlara arxalanır.
"Hər şey filmin çəkildiyi ölkənin insanlarının yaşayış səviyyəsindən asılıdır"
- Bəs bir filmə görə rejissora minimum nə qədər qonorar ödənilməlidir?
- Hollivudda debütant rejissora bir milyon dollar, Rusiyada isə minimum yüz min dollar ödəyirlər. Hər şey ilk növbədə filmin büdcəsindən, istehsal olduğu ölkədən asılıdır. Yəni ümumi bir qiymət yoxdur. Əslində, rejissorun qonorarı ümumi büdcənin dörd faizi ilə yeddi faizi aralığında olmalıdır. Əgər sən ulduz rejissor, aktyor dəvət edirsənsə, əlbəttə, onun öz frekans qiyməti var.
- Belə çıxır ki, Azərbaycan kinosunda ilk növbədə büdcə siyasəti dəyişməlidir?
- Mən bunu hər yerdə deyirəm, dünyada bir filmin minimal büdcəsi ilə bağlı norma var. Bu, iki milyon dollardan başlayır. Ola bilər, Türkmənistanda, Qazaxıstanda bu qiymətlər başqa olsun. Hər şey filmin çəkildiyi ölkənin insanlarının yaşayış səviyyəsindən asılıdır. Hindistan dünya kinosunun ikinci nəhəng ölkəsidir, amma orada yüz dollar maaş alan da var. Bizdə yüz dollara heç assistenti də çağıra bilməzsən, amma orada yüz dollara ailə saxlayan insanlar var və onlarda bu, normal sayılır. Çünki milyard yarım insan yaşayır.
"Kino bahalı sənətdir, mənim üçün yarım milyon kino pulu deyil"
- Bizdə kino niyə biznes sektoruna çevrilə bilmir? Sahibkarlar kinoya pul qoyub, pul götürmək istəmirlər.
- Azərbaycanda kinodan pul götürmək mümkün deyil. Çünki 10 milyonluq əhalinin ən yaxşı halda bir milyonunu izləyici kimi kinoya dəvət edə bilərik. Bu da üç, dörd milyon gəlir gətirər. Amma bu gün Qazaxıstanda tarixi “Tomris” filminin büdcəsi 20 milyon dollardır. Bu gün tarixi film çəkməyə dursaq, minimal dəyəri 5-6 milyon dollardır. Kino bahalı sənətdir, mənim üçün yarım milyon kino pulu deyil. Bu bilirsiniz nəyə oxşayır? Elə bil, kosmik gəmi buraxmaq istəyirsən, amma pulun təyyarəyə çatır. Bəli, təyyarə ilə də uçmaq olar, amma kosmosa yox. Kinonun inkişafı deyəndə üç sahə bərabər inkişaf etməlidir: kommersiya, müəllif və ideoloji filmlər. Bu gün kommersiya filmlərinin çəkilməyinə sevinirəm, məsələn, Taleh Yüzbəyovun “Bəlkə də” filmi çox böyük maraqla qarşılanıb, düzdür, mən izləməmişəm, amma insanların rəyindən görürəm ki, maraq var. Amma buna tam olaraq kinematoqrafiyanın inkişafı demək olmaz. İnkişaf bayaq dediyim kimi üç tərəfdən olmalıdır.
- Kino haqqında qanuna dəyişiklik olunmasını istəyənlərdən biri də sizsiniz. Azərbaycan kinosunda nə dəyişməlidir?
- Çox şeylər var: Yeni istehsal münasibətləri, yeni texniki avadanlığın istismarı. Həmçinin, 75 peşə var ki, bunlar kino ilə əlaqəlidir, amma bizdə bunun cəmi 20-si fəaliyyət göstərir, lap olsun 30, amma 75 deyil. Bax, buna görə xarici peşəkarların dəvət olunması məcburiyyəti yaranır. Əsas məsələlərdən biri də hüquq və maliyyə məsələsidir.
- Yenə məsələ gəldi maliyyənin üstünə.
- Bayaq dediyim kimi, kino bahalı sənətdir. “Gedin, özünüz qazanın, özünüz çəkin” göstərişi bizə aid deyil. Heç Avropada da tam olaraq mümkün deyil, orda da fondlar, dövlət kinoya dəstək olur. Kommersiya filmləri yalnız Hollivuda aiddir.
- Bizdə Mədəniyyət Nazirliyinin kinoya dəstəyi hansı dərəcədədir? Ümumiyyətlə, nazirlik kinoya qarışmalıdır?
- Əlbəttə, Mədəniyyət Nazirliyi ona görə var ki, mədəniyyət işləri ilə məşğul olsun. Mədəniyyət nazirimiz Adil Kərimlinin bu işdə səylərini görürəm və yüksək qiymətləndirirəm. Hər şey, əlbəttə, qanun çərçivəsində baş verməlidir, kino haqqında qanunda biz dediyimiz dəyişikliklər olmasa, nazir nə edə bilər? Amma imkan daxilində işlər görülür, böyük işlər görmək üçün xırda işlərdən başlamaq lazımdır. Buna görə də Mədəniyyət Nazirliyinin işini qiymətləndirirəm, çünki birdən-birə özümüzə yüksək hədəflər qoyub onların qarşısında aciz qalmaq lazım deyil.
- Elxan Cəfərov böyük işlərin neçə il sonra olacağına inanır?
- Böyük işlər görmək üçün ilk növbədə gənclərin tədrisi lazımdır. Bizdə gənclərin tədrisi deyəndə ancaq ağıla rejissor, aktyor gəlir, amma kino mühəndisləri deyilən heyət var. Bu heyətin təkmilləşdirilməsi üçün kurslar var. Gənc olmayanlar da ola bilər, bu mühəndislərin içində onları da həmin kurslara cəlb etmək lazımdır. Bu gün Azərbaycanda müəyyən texniki parametrlərə uyğun gəlməyən filmlərin festivallarda heç sənət dəyərinə baxılmır, götürüb kənara qoyurlar. Fikirləşirəm ki, eyni kamera ilə çəkiliş olub, bəs niyə xaricinin filmində görüntü daha işıqlıdır, bizdə isə yox? Çünki biz onu üç yüz dəfə render edirik, montaj etdiyimiz proqramların lisenziyasının olmağı çox vacibdir. Biz lisenziyasız proqramlarla montaj edirik, bu sadəcə aysberqin görünən balaca bir hissəsidir. Dövlət bu sahəyə külli miqdarda pul buraxsa, bəlkə 10 ildən sonra Azərbaycan kinosu hansısa yola qədəm qoya bilər.
Siz ağsaqqallar bir şey deyilsiniz, sizin dünyanız qurtardı
- Sizcə, bu gün ölkədə film çəkmək üçün istedad daha vacibdir, yoxsa münasibət və çevrə?
- Hər yerdə istedad mütləq formada irəli gedir. Kim deyirsə, mən istedadlıyam, mənim yolum açılmadı, elə deyil. Yolu Allah açır, bəndə açmır. Ümumiyyətlə, həyatdan narazılıq edən insan acizdir. Həyatda mənəvi olaraq inkişaf etmək lazımdır, məqsəd qoyub o məqsədləri aşmaq lazımdır. Ondan sonra yollar özü açılır, sən necə birdən-birə onuncu mərtəbəyə qalxa bilərsən? Yavaş-yavaş qalxmaq lazımdır. Yox, sən deyirsənsə birinci mərtəbə mənlik deyil, elə mən səkkizdən başlayım, belə olmur. Yəni o narazılıq edənlər həmin səkkizinci mərtəbədən başlamaq istəyənlərdir. Gəncliyin içində hər şeyi tez, bu dəqiqə əldə etmək istəyi var. Demirəm bu pisdir, amma yaşlıların istiqaməti ilə bu enerjini düzgün istiqamətə yönəltmək lazımdır. Yoxsa “siz ağsaqqallar bir şey deyilsiniz, sizin dünyanız qurtardı”, - belə demək olmaz.
- Mərtəbələrdən danışdınız, yadıma YUĞ Teatrının binası düşdü. Özünüz də oranın aktyoru olmusunuz, səhnə fəaliyyətinizə orda başlamısınız. YUĞ görmüş biri kimi oranın indiki halı sizi ağrıtmır?
- Ağrılıdır, ağrılıdır. Mənə görə Azərbaycanda (sükut) müasir teatr anlamına uyğun gələcək bir neçə teatr varsa, onlardan öndə gedəni YUĞ-dur. Mən teatrları müqayisə etmək istəmirəm, amma Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının öz binası var. Hətta Azərbaycan Dövlət Pantomim Teatrının da binası var. Yəni bütün teatrların binası var, amma YUĞ Teatrı yetim kimi qalıb ortalıqda. Onun qoyduğu tamaşalar çox fərqlidir, eyni zamanda, yaradıcı keyfiyyəti də yüksəkdir, mənəvi dəyərləri də önə çəkən teatrdır. Bu gün YUĞ teatrının aktyoru olmaq gənclər arasında müəyyən prestij deməkdir, amma di gəl ki, Azərbaycan Dövlət Kukla Teatrının məşq zalında, boğanaq bir yerdə tamaşa göstərirlər. Mənim yoldaşım da orda çalışır, mən görürəm onların çətinliklərini. Orda olan aktyorları demək olar ki, Azərbaycan tanıyır və hamısı da yetəri qədər peşəkardır, həm teatrda, həm də kinoda. Amma onlara bina tapılmır ki, tapılmır, xarabalıq içindədirlər. Ağır söhbətdir...
“Şir evdən getdi”dəki oğlan kimi xatırlanıram
- Yoldaşınızın adını çəkdiniz. Elə soruşmaq istəyirdim ki, Gülzar Qurbanovanı Rasim Ocaqovun “Ölsəm bağışla” filmi ilə tanıyır çox adam. Bir rejissor kimi bunu qısqanmırsınız?
- (Gülür) Allah rəhmət etsin Rasim Ocaqova, yaradıcılığına böyük hörmət və rəğbətlə yanaşdığım şəxsiyyətlərdən biridir və düşünürəm ki, yetmişinci illərin ən öndə gedən rejissoru Rasim Ocaqovdur və bu gün də onun filmləri böyük maraqla izlənilir. Siz deyən məsələ taledir, məsələn, mən nə qədər film çəksəm də hələ ki, “Şir evdən getdi”dəki oğlan kimi xatırlanıram. Bir az da “Dolu” filminin rejissoru kimi. Gülzar xanımın taleyi də belə gətirdi ki, “Ölsəm bağışla” ilə yadda qaldı.
- Rejissor kimi sizin üçün teatr səhnəsindəki aktyorla, kamera önündəki aktyorun peşəkarlığında fərq var?
- Sırf teatr aktyoru, sırf kino aktyoru kimi fikirlər əvvəllər idi. Bu gün aktyorların əksəriyyəti teatr aktyorudur. Əksinə, biz teatr aktyoru deyəndə çox əmin oluruq ki, müntəzəm aktyorluqla məşğul olduğu məkan var.
- Elxan Cəfərov üçün film sual verməkdir, yoxsa cavab vermək?
- Cavab vermək. Film sual yaratmaq üçün deyil, film cavab vermək üçündür...
Foto - Rüfət Mustafayev ©️ APA GROUP