"Ayrılıqdan betər dünyada nə var?" - Nigar Rəfibəyli

"Ayrılıqdan betər dünyada nə var?" - Nigar Rəfibəyli
9 iyul 2025
# 10:34

İyulun 9-u Xalq şairi Nigar Rəfibəylinin anım günüdür.

Kulis.az bu münasibətlə Nigar Rəfibəylinin həyat və fəaliyyəti haqqında yazını və şairin məşhur “Alagözlüm” şeirini təqdim edir.

Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncədə dünyaya gəlib. 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.

Nigar Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub.

Nigar Rəfibəyli ictimai həyatı və yaradıcılığı mübarizələrlə dolu olub. Şairin müxtəlif illərdə “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşərsən yadıma”, “Yol xatirələri”, “Günəşin cavabı”, “Bizə bahar yaraşır” kimi kitabları nəşr olunub.

Nigar Rəfibəylinin bir sıra şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı, Azərbaycanın Xalq şairi Rəsul Rzaya ithaf etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də sevə - sevə dinlənilir.

Nigar Rəfibəylinin tərcüməsində Azərbaycan oxucuları Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, F. Şillerin “Məkr və məhəbbət”, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri ilə tanış olublar.


Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn edilib.


Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur neyləyim?

Tez gələsən, bəlkə əlac verəsən,
Sünbüllərin saçın yığıb hörəsən...
Çiçəkləri gəlib özün dərəsən,
Yolda qalıb baxışları neyləyim?

Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

# 241 dəfə oxunub

Müəllifin son yazıları

# # #