Aydın Məmmədovla son görüş - Şakir Yaqubov

Aydın Məmmədovla son görüş - Şakir Yaqubov
16 yanvar 2024
# 16:30

Bu gün tanınmış dilçi, türkoloq, tənqidçi və siyasətçi Aydın Məmmədovun doğum günüdür.

Kulis.az Şakir Yaqubovun "Aydın Məmmədovla son görüş" yazısını təqdim edir.

...90-cı il dekabrın 4-ü, ya 5-iydi. “Kommunist”dəki iş otağımda oturub işləyirdim. Tutqun, sərin havalı bir gündü. Mənsə, adətim üzrə, balaca otağın qapısını yenə aralı qoyub işləyirdim.

Ayaq səsindən qarşımdakı kağız-kuğuzdan nəzərlərimi ayırıb qapıya tərəf boylananda həmin dövrdə respublikada az qala Əbülfəz Elçibəy qədər, rəsmi dairələrdə isə ondan da çox populyar olan filoloq-tənqidçi Aydın Məmmədovu gördüm. Aramızda 6-7 il yaş fərqi vardı, amma təxminən on beş ildi ki, çayxana tanışı idik: professor Kamil Vəlinin, yazmaqdan daha çox şəbədə qoşmağa meyilli olan və xeyli əvvəl “Ulduz” jurnalında çap etdirdiyi “Çarpaz bucaqlar” hekayəsi ilə tanınan Vidadi Məmmədovun (Vidoşun), “eMVeDe” Oqtayın (Məmmədovun), can bir qəlbdə olduğum qələm dostum Pərviz Əliyev-Elsevərin, məşhur “Roma” – Ramizin, Gənc Tamaşaçılar Teatrının artistləri Niyazi və Vahidin tez-tez, şairlər Ramiz Rövşənin və Vaqif Bayatlının isə təsadüfdən-təsadüfə yığışdığı Filarmoniya bağındakı çayxanadan.

Ən son görüşümüz 90-cı il yanvarın... gərək ki, 25-i axşamı “Kommunist” nəşriyyatının mətbəəsində olmuşdu – məşhur qazax yazıçısı Oljas Süleymenovla qəzet sexinə, təkcə “Kommunist”in növbəti nömrəsinin hazırlandığı sexə gəlmişdi: oradakı işçilərə, mətbəə fəhlələrinə ürək-dirək, öyüd-nəsihət vermək üçün. O mənada ki, “bu qan yerdə qalan deyil”, “işləmək lazımdır, qəzeti buraxmaq, bu faciəni tarix üçün əbədiləşdirmək lazımdır”...

Aydın elə həmin “Qara yanvar” hadisələri ilə bağlı MK-da keçirilmiş hansısa yığıncaqdakı ağıllı, təmkinli, dərin məzmunlu, qeyri-standart nitqi ilə məşhurlaşmışdı, eləcə onun “filoloji təfəkkür” ifadəsi nəyə desən dəyərdi...

İndi isə 90-cı il başa çatmaqda idi, sentyabrın 30-da Ali Sovetə seçkilər bizim kim olduğumuzu bir daha özümüzə sübut eləmişdi, məsələn, əvvəlki 45 il ərzində sovet hökumətinə də boyun əyməyən ALİM-QƏHRƏMAN Ziya Bünyadovu həmin seçkilərin birinci turundaca (ikinci tur oktyabrın 14-də keçirilmişdi – Ş.Y.) uduzdurmaqla. “Ölərik, Qarabağı vermərik” deyə-deyə Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini həmin Aydın Məmmədovu da “qapı dalında” qoymuşduq. Mən o dövrdə bilavasitə reportyorluqla məşğul olmasam da, redaksiyanın “ştab”ına – katibliyə rəhbərlik elədiyim üçün respublikada gedən proseslərə dair məlumatlardan, necə deyərlər, kimin əlinin kimin cibindən çıxmasından yetərincə xəbərdar idim.

...Aydını otağa dəvət elədim, rəsmi hal-əhval tutduq və gəlişinin səbəbini soruşdum, əli ilə yuxarı mərtəbəyə işarə edərək:

– Vaqifin yanına gəlmişdim, – dedi.

Heç yadımda deyil ki, səbəb nəydi: saat təxminən 11 olardı, adi, qeylü-qalsız iş günü idi, amma redaksiyada son dərəcə az adam vardı, Vaqif, yəni Bəhmənli Vaqif beşinci mərtəbədə otururdu, mən isə üçüncüdə – bu qədər məsafədə məskən salmağa Aydın özünə bab olan bir otaq-adam tapa bilməmişdi.

– Vaqiflə... xeyirdimi, – çəkinə-çəkinə soruşdum. Onacan həmişə odlu-odlu, əl-qolunu ölçə-ölçə danışan gördüyüm Aydın çox sönük tərzdə, hətta mən deyərdim ki, ümidsizcəsinə:

– Özüynən sözləşmişdik, məndən yazasıydı, – dedi.

Mən anladım: bir sıra dairələr üzrə Ali Sovetdə boş qalan deputat yerlərinə dekabrın 16-da təkrar seçkilər keçiriləcəkdi, Aydın da sentyabrın 30-da keçmədiyi dairənin əvəzinə yeni dairədən – Nərimanov rayonundakı 37 nömrəli Cıdır seçki dairəsindən namizədliyini irəli sürmüşdü və o düşüncədəydi ki, əgər “Kommunist” qəzetində onun haqqında yazı verilmiş olsa, yəqin ki, bu, onun namizədliyinin ən yüksək səviyyədə dəstəkləndiyinin göstəricisi olacaq və xalq deputatı (o vaxtkı seçkilərdə parlament üzvlərinin rəsmi statusu belə idi – Ş.Y.) seçilməsinə ağıllı-başlı yardım edəcək. Həmin an mən bu məqama sidq-ürəkdən şübhə eləsəm də, bunun əksini düşünənlər xeyli çoxuydu və görünür, elə Aydın da onlardan biriydi.

Mən düşündüyümü dilimə gətirdim:

– Sənə nə yazı?! Nəyin varsa, göz qabağındadır, daha səni də seçməyib bəs kimi seçəcəklər?

Aydın hər halda mənim də bu redaksiyada həlledici söz sahiblərindən biri olduğumu və sanki bu sözlərlə Vaqifin yazısına mane olacağımı zənn edərək ümidsizcəsinə:

– Baxma da, yazı da bir dəstəkdir, hər halda xeyri olmamış olmaz, – dedi.

Necə deyərlər, daha uzatmağın yeri deyildi, həm də bir daha təkrar edirəm ki, Aydının həmin andakı çarəsizlik əhval-ruhiyyəsi məndən mövzunu qapatmağı tələb edirdi. Ona görə də qətiyyətlə dedim:

– Sən arxayın ol, Vaqif gələn kimi ona çatdıraram, tapşıraram ki, işi sürətləndirsin. Tərtibatına isə bacarığımız dairəsində “maya qoyarıq”...

Görünür, həqiqətən də mənim otağımda oturmağın mənasızlığını başa düşərək xudahafizləşib getdi.

...Vaqif Bəhmənlinin deputatlığa namizəd Aydın Məmmədov barədə o yazını yazıb-yazmadığını xatırlamıram. Amma Aydın dekabrın 16-da xalq deputatı adını qazandı...

1991-ci il fevralın 5-də Ali Sovetin birinci sessiyası açıldı. Aydın ilk gündən məntiqli çıxışlarıyla yenə önə çıxdı, parlamentin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri seçildi və...

Deputatlığı cəmi iki ay yarım çəkdi – aprelin 19-da elm və siyasət üzrə həmkarı Dilarə xanım Əliyeva ilə ata yurdu Şəkiyə gedərkən avtomobil qəzasında həlak oldu.

Mən isə canlı Aydın Məmmədovun simasında sonuncu dəfə gördüyüm o məhzunluğu, o ümidsizliyi, o yazıqlığı illərdir ki, unuda bilmirəm...

# 907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #