Əlimizdən düşüb sındı xatirə - YENİ ŞEİRLƏR

Əlimizdən düşüb sındı xatirə - <span style="color:red;">YENİ ŞEİRLƏR
29 yanvar 2018
# 16:55

Kulis.az Ruzbeh Məmmədin yeni şeirlərini təqdim edir.

***

qəfil ən yaxın adamın çıxıb getsə yanından,
üzülsə ürəyin...
qəfil başlasa leysan yağışı
yusa yenicə yuyulmuş paltarlarını zivədə
qəfil oyansan, pəncərədən baxsan günəşə
hamı xoşbəxtdi görərsən
pəncərədən keçib getsə xoşbəxt qadınlar

içində bir üşütmə, qucağında ümidsizlik

qəfil çiyinin süd kimi bəyaz yerindən qoxlasam səni...

güclü bir eşq havası vardı başımda
görsəm səni yenidən aşiq olardım
bir not yazardım "yaman gözəlsiniz,

bir də qarşılaşsaq əllərinizi də gətirməyi unutmayın"...


qəfil qayıtsam eşq vaxtıma,
uşaq vaxtıma
qəfil qayıtsam sənə yalvardığım vaxta...

səni harda gəzsəm
harda arasam
səni unutmağa yer də yoxdu ki...
de indən belə mənim nəyimsən
sən mənim nəyimsən,
sevdiyim qadın?

qəfil qayıtsaq o eşq vaxtına
qəfil başlasa dedi-qodular
sən də səhərəcən elə ağlasan
səhər durub işə bir də geciksəm:
yenə də desən mənim üçünsə -
nə olacaqsa qoy olsun sənə
lap işə gecik, evə lap gecik
lap dostlarını sil, görüşmə belə
evə zəng eləmə danışma belə

qəfil bu yuxudan oyansan əgər
sənə ehtiyacım var
qəfil ağlına gəlsəm, qəfil ağlasan
bağışla,
bağışla
uşaq vaxtına,
bağışla sən məni o eşq vaxtına

sabah üçün ağrıkəsici

sabah olsa gedib dərdi atardıq
bu gün nədi? - üzü üstə darıxmaq
uşaq nədi, həyat nədi, balası
addım başı dizi üstə yıxılmaq...

səhər durub əl eləmək ömürə
bir az kifir, bir az söyüş uzağı...
deyən yoxdu, ay balası, noolub
nöş ağlatdın bu qocaman uşağı...

nə biləyim, köhnə-kürüş dərd içim
zavallıcam, məni də al apar, at...
bunca vaxtı gözüm üstə gəzdirdim
bir günlüyə bu eşqi də sən uzat...

ay bəxtimin qara saçlı gəlini
incik düşdün, tay yaxanı bağla, get
bir dəstə qız-gəlin götür yanına
otur mənə bir ayrılıq ağla, get...

***

əlimizdən düşüb sındı xatirə
əlimizə qırıq-qırıq yapışdı
bir mən idim sən gedəli darıxan
bir də mənim xəyallarım, əzizim
o da belə yavaş-yavaş alışdı...

qəmi də ki, fağır çəkir nədənsə
bizə qalan çəkilməmiş kədərsə
gördün yoxam sən də çıxıb gedərsən
hava dolub bir də gördün yağışdı...

əlimizin sinməyiyçün ocaq yox
bir ölməkçün sığınmağa qucaq yox
bu yağışdan qorunmağa ağac yox
nə bilim ee, tanrı verən naxışdı

indi gözüm sən keçdiyin küçədi
aman tanrı bu nə gerçək gecədi
bir darıxmaq nədikiye - heçədi:
bildiyin o bircə qəpik-quruşdu...

gördün yoxam sən də çıxıb gedərsən
hava dolub bir də gördün yağışdı...

***

sənəcən bambaşqaydım
ərköyün kənd uşağı
necə qatdı başımı
şəhər, bir də yağışlar

üzgünəm! - necə deyim
bildiyin sərsərilik,
səndən sonra çoxaldı
həm də yersiz tanışlar

məndən də heç nə olmadı:
arvadın atmış kişitək
qaldım elə süləngi
gəl də indi bağışla...

# 1207 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #