Ayaz Salayev: "İttifaq kiminsə atasının mülkü deyil"

Ayaz Salayev:  "İttifaq kiminsə atasının mülkü deyil"
26 yanvar 2023
# 11:20

“Mən üzvlükdən çıxan heç kəsi qınaya bilmərəm, bu onların öz işidir. Onların hansısa quruma üzv olmaq, yaxud üzvlükdən imtina etmək haqları var”.

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev deyib.

O, üzvlükdən imtinadansa, həmin şəxslərin ittifaqda nələrisə dəyişməyə cəhd etməli olduqlarını doğru saydığını qeyd edib: "Düşünürəm ki, ittifaqdan çıxmaqdansa, tənqid etmək, çatışmayan halları aradan qaldırmaq üçün təkliflər irəli sürmək lazım idi. Bu ittifaq hamınındır, kiminsə atasının, yaxud özünün şəxsi mülkü deyil. Seçki keçirilmədiyini deyirsiniz, onda gəlin tələb edin, qurultayın çağırılmasını təklif edin. Qonaq kimi üzvlükdən çıxmaqdansa, belə olsaydı, daha yaxşı olardı".

Ayaz Salayev "Əgər qurultay çağırılarsa, siz səsinizi Şəfiqə Məmmədovaya verəcəksiniz?" sualına da cavab verib: "O şərtlə ki, ittifaqda böyük, ciddi işlər görüləcək və Şəfiqə xanım, bir növ, fəxri sima olaraq orada sədr qalacaq, bax o zaman səsimi Şəfiqə Məmmədovaya verəcəyəm. Çünki Şəfiqə xanımın nüfuzu böyükdür. Nüfuz amili çox önəmli və əhəmiyyətlidir".

Kinoşünas ARKİ-nin qurum olaraq kino sahəsinə töhfə verməməsi məsələsinə də münasibət bildirib: "Mən ittifaqdan heç maaş da almıram, biləsiniz. Oranın kinoya töhfəsi məsələsinə, vallah, bir nümunə çəkim: Keçən ilin yayında məni festivala dəvət etmişdilər. Xərcimi ittifaq qarşıladı, vəssalam. Mənim bu ittifaqda qalmağım isə, siz bilirsiniz, ideoloji amillərə görədir. Özümün ideoloji səbəblərimə görə, bura mənə uyğundur".

Qeyd edək ki, bu səhər ARKİ-nin üzvlüyündən 20-ə yaxın mədəniyyət və incəsənət xadimi istefa verib.

# 2322 dəfə oxunub

Müəllifin son yazıları

# # #