Bu gün şair Avdı Qoşqarın doğum günüdür. Kulis.az bu münasibətlə onunla müsahibəni oxucuların diqqətinə çatdırır.
– Avdı müəllim, sanki belə ənənə var ki, Qazaxda doğulan adam şeir yazmalıdır.
– Təbiidir ki, hər bir ərazinin, regionun öz ixtisası var. Qarabağ və Bakı kəndləri muğamı ilə, Qazax sazı və sözü ilə məşhurdur. Bu ümumi yanaşmadır. Bir də var fərdi yanaşma, torpağın özünün yetişdirdiyi nemətlər. Bizdə sözə meyl çoxdur. Bunun tarixi kökü var. Yaxşı aşıqlarımız olub: Şıxlı Dərya Məhəmməd, Qaymaqlı Aşıq Avdı, onların ustadı Aşıq Sadıq.
– Sizin adınız da Aşıq Avdıdan gəlir?
– Mənim adım rəhmətlik Aşıq Avdının adından gəlir. Toyumu da Aşıq Avdı eləyib.
– Saz çala bilirsiniz?
– Yox, bu mənim yaralı yerimdir. Saz çala bilməməyim məni qoşmadan, gəraylıdan uzaqlaşdırıb. Cavanlıqda intonasiyalı şeir yazırdım. Yaşlaşdıqca ənənəyə qayıtdım, axır vaxtlar xalq şeirinə, gəraylıya meyl edirəm. Amma intonasiyam hələ də qalır.
– Nə vaxtdan şeir yazırsınız?
– Uşaq yaşlarımdan bəri. Tələbəlik vaxtımda isə şeir mənim üçün ciddi ədəbiyyat predmetinə çevrildi. Pedaqoji İnstitutda filologiya fakültəsində oxuyurdum. Günümün əksər hissəsi Axundov kitabxanasında keçirdi. Asif Atanın klubu var idi. Kitabxanada onunla çox yaxın münasibətim yaranmışdı. Zəngin mütaliəsi vardı və həqiqətən XX əsrin böyük filosoflarından idi.
– Asif Ata özünü peyğəmbər elan etmişdi. Buna münasibətiniz necədi?
– O özünü peyğəmbər elan etməmişdi. Əslində, onun niyyəti sağlam gənclik yetirmək, sağlam mühit formalaşdırmaqdan başqa bir şey deyildi. Mənim həyatımda təsiri olan adamlardan biri Asif Ata olub.
– Onun məşhur “qazaxşina” ifadəsi vardı. Bu haqda nə düşünürsünüz?
– Həmin bölgünü 30-40 il əvvəl keçmişəm. Dar çərçivəyə girmək məni bezdirir. Mənim üçün böyük türk dünyası, bəşər var. Dünyada ən çox söykənəcəyim tərəf türk dünyasıdır. Universiteti bitirəndən sonra Azərbaycan və türk tarixini özüm üçün oxumağa başlamışam. Öz kökümün hardan gəlməsi, genetik kodların mənbəyi – bu mövzularla ciddi şəkildə məşğul olmuşam. Azərbaycanın bütün rayonlarını kənd-kənd gəzmişəm. Ölkəmizə çox yaxşı bələdəm, hər zonanın spesifik cəhətlərini bilirəm.
– Siz 80-ci illər nəslisiniz...
– Əkrəm Əylisli 1979-cu ildə “Azərbaycan” jurnalında mənim şeirlərimi geniş formatda təqdim etmişdi. Allah Əkrəm Əylisliyə can sağlığı versin. Böyük yazıçıdır. Düzdür, məlum məsələlər oldu, milli müstəvidə. Amma bu məsələdə Əkrəmi günahkar bilmirəm. O yəqin ki nəyinsə güdazına getdi.
Ondan əvvəl “Ədəbiyyat qəzeti”ndə bir-iki dəfə çap olunmuşdum. Amma əsas 1979-cu ildə, “Azərbaycan” jurnalının may sayında dərc olunmuşam.
– 80-ci illər nəslini itmiş nəsil hesab edirlər...
– Yaradıcılıq fərdi şeydir. Bu qəbildən olan şeylər kollektiv yaranmır. Öz içini yazırsan, ruhunu yazırsan. Mən şeirdən heç nə ummamışam. Tanınmaq, barmaqla göstərilmək arzusunda olmamışam. Populyar olmaqdan qaçmışam. Oxunmaq istəyi isə təbii ki, var. Qaragüruh tərəfindən oxunmaq istəmirəm. Yaxşı şairin 3% oxucusu olar. Kütləvi olmaq məhrəmlikdən çıxmaq deməkdir. Amma “kütləvi şairlər yaxşı şair deyil” kimi hökm də qoymaq olmaz. Vaqif Bayatlının elə də çox oxucusu yoxdur.
– Ramiz Rövşənin isə xeyli oxucusu var...
– Allah işini avand eləsin! Vaqif Səmədoğlunun, Səməd Qaraçöpün oxucusu azdır. Oxucu sayı şərti məsələdir. Oxucunun səviyyəsi daha vacibdir.
– Bir dəfə Ramiz Rövşən demişdi ki, Azərbaycanda 80-lərdən sonra şair olmadı...
– Razılaşmıram. Allahverdi Təkləli, Rafiq Hümmət heç də Ramiz Rövşəndən aşağıda deyillər.
– Sizin nəsil niyə 60-lar nəslinə savaş açmadı? Bu savaşa girənlər 90-lardan sonra gələn nəsil oldu.
– Ədəbiyyat dava meydanı deyil. Bura söz meydanıdır. Şairləri sıralamaq, nömrələmək də düzgün deyil axı. İmzanın populyarlığı hər şey demək deyil. 60-lar nəsli yadda qalacaq, yoxsa Akif Səmədin hansısa lirik qoşması? Bunu demək üçün hələ tezdir. Hər şeyi zaman və ruh həll edəcək.
– Gənc nəsil düşünür ki, ənənəvi şeir dövrü gedib.
– Mənasız fikirdir. Qətiyyən qəbul etmirəm. Şeirin, sözün dövrü yoxdur. Klassika bütün dövrlərdə müasirdir. Bununla bərabər, yenilik axtarışı da olmalıdır. İnkarçılıq gəncliyə xas bir xüsusiyyətdir. Mən də gənc olanda yumruğumu stola vururdum. O vaxtlar etdiyim inkarın qarşısında indiki gənclərin inkarı çox kiçikdir.
– Siz nəyi inkar edirdiniz?
– Mən elə şairləri inkar edirdim ki... İndi o şeylərə görə xəcalət çəkirəm. O inkarların bədəlini də ödəmişəm. Bir az keçəndən sonra başa düşdüm ki, onlar, əslində, düz edirmişlər. İnkar təbiətin qanunudur. Gəncliyini hirsli, qocalığını da müdrik olmadan keçirən adam, demək olar ki, yaşamayıb. Yeni nəsil qaynayır. İsmayıl Şıxlı mənə demişdi ki, bu enerji yaradıcılıq enerjisidir. Öz enerjini belə şeylərə dağıtma, yaradıcılığa yönəlt.
Universitetdə mühazirələrin birində deyilmişdi ki, Nazim Hikmət böyük şairdir, amma ailə-məişət problemləri təqdirəlayiq deyil. Bunu eşidən kimi üsyan etmişdim. Nazim Hikmətin sevgisi də, ailə münasibətləri də möhtəşəmdir. O öz evləndiyi qadınların bəzilərini ərlərindən ayırıb evlənib. Həbs həyatı da, aldanıb inanması da, SSRİ-yə gəlməsi də möhtəşəm idi.
– Ədəbi mühitdə çox da görünmürsünüz. Bu xarakterlə bağlıdır?
– Ümumiyyətlə, Azərbaycanda nə ictimai, nə də ədəbi mühit var. Mən televiziya işçisiyəm, ona görə də rahatlıqla belə deyirəm. Hər şeyin yeri səhvdir. Bunun kökündə cəhalət dayanır. Millətin başına gələn bəlalar da burdan su içir. Bəşəriyyət əyri səmtə gedir, çünki dəyər ölçüsü kimi pulu götürüb. Mənəviyyat, haqq bir qırağa atıldı. Qonşu ölkələrin mühitində haqq bizdən yuxarıdadır. Qanun işləməyəndə, rüşvət, ədalətsizlik, haqsızlıq, əyrilik qanad açır. Səməd Qaraçöp kimi şair qarovulçu işləyir. Mən bu mühiti necə qəbul edim ki, onun ruh adamı, qələm adamı qarovulçudur. Heç bir təşkilat onun üçün şərait yaratmır.
– Şairliklə dolanmaq olmur...
– Mən otuz ildir AzTV-də böyük redaktor vəzifəsində çalışıram.
– Bu sizdən nəsə alır?
– Televiziya otuz il mənim başıma oyun açdı. Televiziya elə bir bataqlıqdır ki, bir ora girən sevinir, bir də çıxan. Televiziyanın verdiyi heç nə yoxdur. Bircə şey verib ki, bütün Azərbaycanı gəzmişəm.
– 64 yaşınız tamam olur. Arzunuz nədir?
– Ən böyük arzum ürəyimdən gələn şeirləri yazmaqdır. Tam saf şeirlər, heç kimə yarınmaq üçün yox.
Ruhum heç barışmadı,
Göyünlə, yerinlə sənin,
Nə dost oldum, nə də düşmən,
Ölünlə, dirinlə sənin.
Bu nə mizandır qurulub?
Köhlənin başdan yorulub,
Altun dağların yarılıb,
İçindən, dərindən sənin.
Tək olana sarı gəldim,
Doyunca yüklədi dərdi,
Nə sevgi, nə vəfa gördüm,
Mövlanda, pirində sənin.
Qoçun, ərənin oylanır,
Qanlı yaralar hoylanır,
Neçə əbləhin boylanır,
Bətnindən, tənindən sənin.