"Aşıqlar": Polad Bülbüloğlu nazir təyin ediləndən sonra qrup dağıldı..."

"Aşıqlar":  Polad Bülbüloğlu nazir təyin ediləndən sonra qrup dağıldı..."
17 yanvar 2024
# 16:30

““Aşıqlar” qrupunu 1973-cü ildə yaratdıq. Ona görə adını “Aşıqlar” qrupu qoymuşuq ki, aşıq özü yazır, özü müşayiət edir, özü oxuyur. Bizim fikrimiz o idi ki, xalq mahnılarımızı yeni üslubda tamaşaçılara təqdim edək. Lakin xalq mahnısının şirinliyi qalmaq şərtilə. Aranjimandan sonra xalq mahnısında o şirinlik qalmayıbsa, demək ki, mahnı korlanıb. Qrupun üzvləri ilə hələ qrup yaranmamışdan öncə dostluq edirdik. Bizim mahnılarımız xalqın xoşuna gəlir. Ələxsus da, “Aya baxıram, aya”, “Sənin bir təbəssümün”, “Tarqovu” və s. bu mahnılarımız daha məşhurdur. Çox xoşbəxtik ki, “Aşıqlar” qrupunun mahnılarını bu günə qədər dinləyirlər. Musiqi, mətn sadə olmalıdır ki, hər kəs bu mahnıları zümzümə edə bilsin...”


Kulis.az xəbər verir ki, bu sözləri əməkdar artist, “Aşıqlar” qrupunun rəhbəri Elxan Şıxəliyev deyib.

“1981-ci ildə Polad Bülbüloğlu Azərbaycana gəldi. Burada qrup yığırdı. Onun qrupu Moskvada idi. Mənimlə tanış oldu. Bizim haqqımızda çox eşitmişdi. 1981-ci ildən qrup peşəkar şəkildə fəaliyyətə başladı. “Aşıqlar”-ın yaranmasında əsas məqsəd musiqimizin dünyada təbliği idi. Çünki bu missiyanı bizdən öncə çiyinlərində daşıyan “Qaya” vokal kvarteti parçalanmaq ərəfəsində idi. Qrupumuz elə əsası qoyulduğu ilk ildə 100 musiqi qrupunun qatıldığı festivalda birincilik qazanmışdı. Biz qaynar nöqtələrdə, hətta Əfqanıstanda konsert proqramları ilə çıxış etmişik. Əfqanıstanda müharibə dövründə əsgərlər üçün gündə 3 dəfə konsert verirdik. Biz hətta reanimasiya şöbəsində də konsert vermişik. Yadımdadır, orada minaya düşən 3 əsgər yatırdı. Biz onları sevindirmək üçün yarım saatlıq çıxış etdik.
Qarabağ münaqişəsinin başlanması və Polad Bülbüloğlunun Mədəniyyət Naziri təyin edilməsindən sonra - 1989-cu ildə “Aşıqlar” qrupu dağıldı. 1997-ci ildə köhnə heyətin bəzi üzvləriylə birgə kollektivi bərpa etdim".

Elxan Şıxəliyev bildirib ki, qrup bu gün də fəaliyyətini davam etdirir:

“Bizim qrupda dostluq böyük rol oynayır. O biri qruplar yəqin ki, fikir ayrılığına görə dağılırlar. Bir də bizim məşqlərə gecikmək olmazdı. Kim beş dəqiqə gecikirdisə, onunla sağollaşırdıq. Musiqilərimizə də, məşqlərimizə də ciddi yanaşmışıq. Heyətin fikri bir olmalıdır. Biz hər gün görüşürdük. Hər fəaliyyətimizdə birgə idik. Qrup o vaxt dağılır ki, orada birlik olmur. Bizdə birlik olduğu üçün indiyə qədər fəaliyyət göstəririk və səhnədəyik”.

Müğənni və bəstəkar ona məşhurluq gətirən “Qönçə” melodiyasından da danışıb:

““Qönçə” melodiyasını mən səhər saat 6-da yazmışam. Yuxuda bu melodiyanın nəqarətini eşitmişəm, yuxudan oyanıb yazmışam. Ola bilsin ki, bunu mənə Allah göndərib. Yuxudan durmuşam, əlimdə təkcə qələm olub. Divarda notlarla qeyd etmişəm ki, ağlımdan çıxmasın. Sonra pianoda ifa etmişəm”.

Moderator.az

# 1073 dəfə oxunub

Müəllifin son yazıları

# # #