ARKA-nın elan etdiyi müsabiqəsinin şərtləri və qonarar fondu açıqlandı

ARKA-nın elan etdiyi müsabiqəsinin şərtləri və qonarar fondu açıqlandı
18 iyul 2023
# 15:25

Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib.

Kulis.as xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən xəbər verilib. Bildirilib ki, nazirliyin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsi elan edib.

Müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil olunur.

İyulun 17-də Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müsabiqəyə həsr olunan təqdimat tədbiri keçirilib.

Bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin istehsal etdiyi film layihələri iştirak edə bilər. Müsabiqəyə bir neçə hüquqi şəxsin birgə qatılması da mümkündür.

Müsabiqəyə təqdim edilmiş film layihələrində 5 əsas müəllifdən (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator (təsvir rejissoru), quruluşçu rəssam, bəstəkar) azı üçü Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər olmalıdır.
Müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd istiqamət üzrə qəbul olunacaq: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.

Dövlət sifarişi ilə istehsal olunacaq film (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 2 000 000 manat nəzərdə tutulub. Kommersiya filmləri (tammetrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 250 000 manat, müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 250 000 manat ayrılacaq. Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 000 000 manat nəzərdə tutulub.

Müsabiqənin 1-ci mərhələsi 18 iyul – 15 sentyabr 2023-cü il tarixlərini əhatə edir və bu mərhələdə ARKA tərəfindən layihələrin qəbulu həyata keçirilir. 2-ci mərhələdə (1 sentyabr – 15 oktyabr 2023-cü il) Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək. Müsabiqənin 3-cü mərhələsində (21-22 oktyabr 2023-cü il) Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) olacaq. Pitçinq mərhələsini uğurla başa vurmuş layihələr qalib hesab ediləcək və həmin layihələri təqdim etmiş iştirakçılarla müqavilə bağlanacaq.

Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı ARKA-nın rəsmi saytında ( https://arka.culture.az ) məlumat əldə etmək olar.

# 1253 dəfə oxunub

Müəllifin son yazıları

# # #