"Araz Elsəs toy müğənnisi deyil!" - Firudin Allahverdi

"Araz Elsəs toy müğənnisi deyil!" - Firudin Allahverdi
23 avqust 2023
# 13:00

Kulis.az bəstəkar Firudin Allahverdinin ozan Araz Elsəs və onun konserti haqqında yazısını təqdim edir.

Araz Elsəs sentyabrın 30-u, Bakının ən gəzməli-görməli vaxtında konsert verəcək. Bu bir çox baxımdan çox mühüm konsertdir.
Əvvəla, o səbəbdən ki, Araz əsl sənətkardır. Sazıyla, sözüylə, özüylə. Özünüz deyin, Azərbaycan mahnılarında bu ağırlığında mətnə tez-tezmi rast gəlirik:


"..Sürünün ortası..
Bir qaplanın qanlı dırnaqlarının altında
aman-aman bağırır bir yavru ceyran.
Umu-küsünü burax,
Ölümün gözünə dik bax,
Ölümünü qazan, yavru ceyran,
Ölümünü qazan." ("Yavru ceyran")


Yəni Araz, Azərbaycan xalqının o azsaylı müğənnilərindəndir ki, toy müğənnisi deyil, bu sənətə iş kimi, ailə saxlamaq, biznes qurmaq yolu kimi baxmır. Bu onun həyat tərzidir. O, bunun üçün doğulub. O, əsl sənətkardır.
İkincisi ona görə ki, bu həm də siyasi məsələdi. Araz Elsəs Güney Azərbaycanın yəqin ki, ən siyasi sənətçisidi, demək olar simvoludu. (Beləliklə, həm də ümid edirəm təşkilatçılar bu konsertin bütün mənalarda ən yüksək səviyyədə keçməli olduğunu başa düşürlər.) Nə qədər güneylinin ya özü, ya ürəyi bu konsertdə olacaq. Şübhəsiz ki, İranın mədəni siyasəti ilə məşğul olanların da diqqəti bu konsertdə olacaq ki, Güney Azərbaycanın simvolik sənətçisinin konserti Bakıda hansı səviyyədə keçdi, nə qədər maraq doğurdu, ümumiyyətlə Azərbaycan özünün belə bir sənətkarına necə qiymət verdi və s.


Həm də Araz cəhalətin qarşısında bilincli bir sekulyardlr. Heç bir Azərbaycan sənətçisi, dini radikallığın müasir cəmiyyətə nə qədər təhlükəli ola biləcəyini Araz qədər bilmir və demir. Araz bəlkə də, yeganə Azərbaycan müğənnisidir ki, bunu gözəl başa düşür və açıq demək cəsarətinə malikdir. O, sekulyar orduda döyüşən əsl ziyalı sənətçidir.
Üçüncüsü, Araz bu konsertini sinfo-rok tərzində etmək istəyir, yəni səhnədə həm rok qrup, həm də simfonik orkestrin alətlərindən ibarət qrup olacaq. Belə musiqi şousu hər gün olmur, çünki həm mexanizmi mürəkkəbdir, həm də necə deyərlər, bahalı əyləncədir. Böyük ehtimalla bu musiqi tədbirində iştirak etdiyinizə görə heç vaxt peşman olmayacaqsız.


Nəhayət, əvvəldə dediyim kimi, Bakının ən gəzməli-görməli vaxtıdır, xaricdəki soydaşlarımız da bunu nəzərə alsalar yaxşı olar. Həm Bakının sərin zamanına düşüb yaxşı gəzib-dolanarlar, həm də bu möhtəşəm keçəcəyi gözlənilən konserti dinləyərlər.

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

# # #