Anje Julavski: “Kino kasıb adamlar üçün düşünülüb”

Anje Julavski:  “Kino kasıb adamlar üçün düşünülüb”
6 mart 2024
# 12:30

Kulis.az Aliyənin Anje Julavski haqqında yazısını təqdim edir.

Julavskinin kino üslubuna kəskin kontekstlər, ekspressionist təsvirlər, hərəkətli kamera, dinamik temp (hansı ki, bu, o zamanın polyak və sovet kinosu üçün gözlənilməz idi və standart sovet həyatı ilə səsləşmirdi) xasdır. Təsvir, mətn və musiqi orqanikliyi tamaşaçıya dərin təəssürat yaşamağa imkan verir. Məsələn, “Əsas sevməkdir” filmində musiqi sanki bütün film boyu var, sadəcə biz onu müəyyən hissələrdə eşidirik. Müxtəlif kontekstlərdə səslənən arqumentlər qırıq təsiri bağışlayır, amma o, filmin sonuna qədər mütləq tamamlanır; ya təsvirlərlə, ya dialoqlarla; ya da ona hardasa musiqi cavab verir.

“Fahişə” filmində süjet ən müxtəlif kontekstlərlə zənginləşdirilib. Filmin əvvəlində biz aktrisa olmaq istəyən Etenlə tanış oluruq, o, çılpaq bədəninin fotolarını çəkdirməklə pul qazanır. Sonda isə biz onu obrazları ilə “ iç-içə” görürük və elə oynadığı qəhrəman kimi də öldürülür. Aktrisanın ruhən yetişmə prosesi (bu mövzuya “Əsas sevməkdir” filmində də toxunulub) hər dəfə bir ağrı ilə özündən qopması müxtəlif epizodlarla diqqətdə qalır: onun yalnız boğazdan aşağı çılpaq bədəninin təsviri olan fotolar ilkin informasiyadır, tamaşaçı onun yalnız bədən olmaqdan imtinasını film boyu izləyir.

Andrzej Żuławski: „Ważne jest mieć poczucie, że nie zmarnowałem ani jednego  roku” [WYWIAD] | Viva.pl

Filmin bu əsas kontekstdən geri qalmayan bir sosial qatı da var. Amma daha vacibi psixoloji müstəvidir. Gerçəkliyin qavranılması. Daha doğrusu gerçəkliyin şərti qavranılması. Əgər tamaşaçı kinonu, filmi şərti qavrayırsa aktyor və aktrisa, rejissor nədən onların gerçəkliyini şərti qavramasın? Etendən oynadığı rolu alırlar, məşuqu olan rejissor onu bacarıqsızlıqda ittiham edir. Eten təsadüfən qətlinə şahid olduğu çex aktrisasının həyatını onun öldüyü yerdən yaşamağa davam edir. Yarımçıq qaldığı yersə elə də “isti” yer deyil: ağlını itirmiş ər-çex emmiqrantı, aktrisa faciəsi - yataqlardan keçən rollar və para, bir sürü dəliliklər... Bu psixoloji parodokslarla o, aktrisa kimi yetişir və filmə qayıdıb onu buraxdığı yerdən oynamağa başlayır. Əvvəldə alınmayan səhnə alınır, onu gələcəyin ulduzu kimi təbrik edirlər, amma o oynadığı qəhrəmanın taleyini yaşayır - siyasi qətlin qurbanı olur, çünki filmi çəkən rejissor siyasi təşkilatın üzvüdür...

Azadlıq və məsuliyyət haqda

Anje Julavski 1940-cı ildə, Molotov-Ribbentrop müqaviləsindən sonra sovet orduları tərəfindən tutulan Lvovda doğulub. 1941-ci ildə Lvovu almanlar tutur və 45-ci ildə Julavskinin diplomat atası onları götürüb Fransaya, 4 il sonra isə Çexoslovakiyaya köçür. 1952-ci ildə isə onlar Polşaya qayıdırlar. 1957-ci ildə Anje Julavskiy Parisdə kino məktəbinə daxil olur, iki il oxuduqdan sonra vətənə qayıdır və rejissor Anje Vaydanın filmlərində assistent işləyir. Yenidən Parisə qayıdıb Politologiya fakültəsində təhsil alır. Sonra nəhayət ki, kinematoqrafçı olmağa qərar verir və Vaydanın komandasına qayıdır.

Julavskinin ilk tammetrajlı bədii filmi “Gecənin üçüncü hissəsi” (1971) almanlar tərəfindən tutulan Lvov barədə atasının xatirələrinə əsaslanır. Filmi sonralar yeni polyak kinosunun manifesti hesab etsələr də, ilk çıxanda qalmaqal qopur. “Hətta açıq və eksperimental kontekstdə belə Julavskinin filmi polyak tarixinin ən “müqəddəs” dövrünə, polyak kino dünyagörüşünə və xüsusən polyakların ikinci dünya müharibəsi təcrübəsinə həqarət idi” – deyə tənqidçi Maykl Qoddard yazır.

Julavskinin bu filmi işğal haqda polyak məktəbinin təqdim etdiyi kimi danışmırdı, bu film “nifrət dövründən” danışırdı və orada hansısa milli mifologiya və ya siyasi kontekst yox idi. Filmi tarixi təhrif etməyə və açıq naturalistik səhnələrə görə tənqid edirdilər.

1972-ci ildə çəkilən “İblis” filmi isə senzura tərəfindən (Moskvanın göstərişinə əsasən) qadağan edildi və tamaşaçı onu 18 il sonra görə bildi. “İblis” mistik-tarixi dramdır. Filmin qəhrəmanı Yakov çara sui-qəsdə görə həbs olunub, “İblis” ləqəbli Prussiya casusu (o, həm də mistik obrazdır) onu bir rahibə ilə birlikdə xilas edir və vətəninə gətirir ki, dostlarının onu necə satdıqlarını gözlərilə görsün. İblis Yakova ülgüc verib “İsa kimi dünyanı şərdən təmizləməlisən” deyir və Yakov hər kəsi öldürür: fahişəxana işlədən anasını, insest yaşayan qardaş və bacısını, başqasına ərə gedən hamilə nişanlısını... Yakovun özünü öldürməzdən əvvəl “İblis” ona qol çəkmək üçün kağız verir və o, çara sui-qəsd hazırlayan adamların siyahısına baxıb onlarla əlbir olduğu barədə sənədə qol çəkir. İblisin əsl şeytan olduğu üzə çıxır, amma Yakov İsa ola bilmir. Film də buna görə “İblis” adlanır.

Andrzej Żuławski - Życie i twórczość | Artysta | Culture.pl

Film tarixi olsa da birbaşa şəkildə o zamankı siyasi rejimlə, onların siyasi dustaqlara münasibəti ilə səsləşirdi.

“O zaman nazir olan Furtsev gəldi, filmi rəfə qoydular və 18 il o orda qaldı. Kinematoqrafiya naziri vəzifəsindən uzaqlaşdırıldı, mənsə ölkəni tərk etməyə məcbur oldum. Və məncə mən hələ yaxşı qurtardım, mənim sovet kolleqalarımı həbsxanaya və ya dəlixanaya göndərmişdilər”. –deyə Julavski söyləyir.

Fransada olanda Juravskiyə film təklif olunur və beləcə onu dünyada məşhurlaşdıran “Əsas sevməkdir” filmi çəkilir. Aktyor Klaus Kinski ilə birgə filmdə çəkilən Romi Şnayder “Sezar” mükafatı qazanır. Polşa hökuməti Julavskiyə bir şans vermək qərarına gəlir. Onda Anje fantast yazıçı olan əmisinin “Ay trilogiyasını” ekranlaşdırır. “Gümüşü planet” filmində 4 astronavt Ayın görünməyən hissəsində yeni, ədalətli bir cəmiyyət qurmağa cəhd edirlər. Onlardan üçü ölür, ölənlərin çoxsaylı uşaqları bütpərəstliyə tapınır, sağ qalan 4-cü astronavt Yejini peyğəmbər elan edirlər. Yejinin gündəliklərinin şifrəsini açan Marek Aya gəlir və onda da onu burdakılar Məsih hesab edirlər...

1977-ci ildə filmin artıq 80 faizi hazır ikən Polşanın Mədəniyyət və Turizm Naziri Yanuş Vilhelm çəkilişləri saxlamağa, dekorasiya və kostyumları məhv etməyi əmr verir. Layihənin taleyi naməlum qalanda Julavski Hollivuda saxta dəvət düzəldib Polşadan çıxmağa icazə alır. Filmsə 80-ci ildə prokata buraxılır, əldə olan lenti montaj edən Julavski çatmayan hissələrə nəql əlavə edir. Tənqidçilərin yazdığına görə, hətta bu şəkildə alınan film öz dövrünü qabaqlayır.

“Məncə “siyasi instinktim” yoxdur. Mənə də hər şeydən vacibi azad olmaqdır. Bunların fikrincə isə azad olmaq məsuliyyətsizlik deməkdir. Bu da baha başa gəlir”- deyə Julavskiy hadisələrə şərh verirdi...

Rastropoviç və Julavski

Julavskinin daha bir qalmaqallı işi “Boris Qodunov”la bağlı olur: Anje Vayda operanın kinoversiyasını çəkməkdən imtina edir və layihəni götürən Julavski səhnələrdəki ardıcıllığı dəyişərək sovet rejiminə eyhamlar əlavə edir. Bu opera artistlərinin, elə Rastropoviçin özünün də etirazına səbəb olur. “Mənə göstərmək vacib idi ki, Puşkinin dram əsəri Şekspirin ən sərt pyeslərini xatırladır, orada bu gün bizi narahat edən ideoloji problemlər müzakirə olunur.” - deyə rejissor konflikti izah edir:

“Mən Rastropoviçi böyük musiqiçi kimi, az qala dirijor kimi qiymətləndirirəm. Məncə o, Soljenitsinə sığınacaq verəndə ləyaqətli hərəkət etmişdi. Düzdü, sonra məlum oldu ki, Soljenitsin özü ifrat sağ imiş və bu məni məyus eləmişdi.

Rastropovişin “Qodunov” filmində üç səhnə xoşuna gəlməmişdi. Onlardan biri Tarkovski ilə bağlı idi. “Andrey Rublyovda belə bir səhnə var: bir kəmağıl kilsəyə girir və orada freskaları görəndə altını isladır. “Boris Qodunov”da bu səhnənin ruhunda bir şey etmişdim. Orada məndə bir ruhi xəstə kilsəyə girir, dua edir və o da vedrəyə siyiyir və bu vedrə ilə də opera librettosuna daxil olur. Təsəvvür edin ki, bu sidiyin vedrədə çıxardığı səs Rastropoviçi qıcıqlandırıb. Halbuki orada elə səs yox idi, heç orada elə aydın bir şey də yox idi, sadəcə düşünüb tapa bilərdin. O, məni rus ruhunun təhqir etməkdə ittiham elədi. Proses olduqca gülməli idi. Rostropoviç Sovet İttifaqı marşalı kimi bütün orden-medallarını taxıb gəlmişdi və orada ağladı. Onda fransız hakim ondan soruşdu: “Rus ruhu nə deməkdir? Siz bilirsinizsə ki, rus ruhu nədir, onda niyə özünüzü onun yeganə qoruyucusu hesab edirsiniz?”

New Beverly Cinema on X: "Remembering Polish filmmaker Andrzej Żuławski,  who died on this day in 2016, seen here with his longtime partner Sophie  Marceau in 1986. https://t.co/79QrlI1A9B" / X

Mən indiyədək anlamamışam ki, söhbət nədən gedir. Əvvəl o, filmdə olmayan səsə görə ittiham etdi, sonra dedi ki, guya mən rus ruhunu təhqir etmişəm, halbuki, bu mənim niyyətimdən milyon kilometr uzaq bir şeydir. Tamamən əksinə!

Rastropoviç məhkəməni uduzdu. Amma o musiqidə böyük fiqurdur və biz filmin sonunda titrlərdə yazdıq ki, cənab Rastropoviç bəzi səhnələrə şübhə edir, amma heç nə edə bilmərik, təəssüf ki, saundtrək film çəkilməmişdən əvvəl Vaşinqtonda yazılıb.

Bunlar olduqca kədərlidir. Konçalovski bir neçə dəfə bu filmi Moskvada nümayiş etdirmək barədə mənimlə danışıb, amma mümkün olmayıb. Hərçənd film bütün dünyada göstərilib. Axı bu rus filmidir, Puşkindir! Musorqskiydir! Amma Moskvada yoxdur!”

Sofi Marso

Julavskinin 1981-ci ildə ekrana çıxan “Əndişə” filmi boşanma prosesinə qeyri-ənənəvi bucaqdan baxır, demək olar ki, filmin davam etdiyi iki saat ərzində qəhrəmanlar dayanmadan bir-birinə bağırır. Mistik elementlərlə konteksti dərinləşdirən rejissor isə tamaşaçılarını tamamən şokda qoyur: “Bu dəhşət filmi deyil, bu, narahat, əndişəli sənətkar naturası haqdadı”.

Julavskinin bioqrafiyasında parlayan bir ulduz Sofi Marsodur. Julavskinin bir neçə filminin ilham pərisi və oğlunun anası. “Mavi Nota”, “Mənim gecələrim sizin gündüzlərinizdən yaxşıdır” və b. Marso ilə birgə filmlərdir. Aralarında 26 yaş fərq olan cütlük 2001-ci ildə ayrıldı.

Geri çəkilmək muzeyə qayıtmaq deməkdir

Julavskifilmləri çəkən andan tənqidlərə məruz qalıb. Məsələn, “Şaman qadın”ı polyak tənqidçilər pornoqrafiya adlandırdılar, xristian dəyərlərinə hörmətsizlik hesab etdilər və film prokata çox məhdud şərtlərlə çıxdı.

Anje Julavsklini ən yaxşı halda filmlərdəki xaotikliyə, ifrata vardığına görə tənqid ediblər. Amma bu onu heç vaxt ruhdan salmayıb:

“Mən filmləri yalnız onun həzz alması üçündür deyə düşünən, öz mövcudluğu haqda heç nə bilməyən, həyat qurbanları üçün çəkmirəm. Geri çəkilmək muzeyə qayıtmaq deməkdir!

...Mən kino çəkməyə başlayanda “bizim düşərgə”nin – sovet, polyak, macar - filmlərinin çox yavaş tempi var idi- həyatın özünün tempi belə idi, həyat darıxdırıcı, boz idi. Məni də darıxdırıcılıq narahat edirdi. Mən hadisələrin tez açıldığı filmləri sevirəm. Ən pisi odur ki, siz pis və ya ağıllı film çəkib çəkməməyinizdən asılı olmayaraq, tamaşaçı bir an sonra nə baş verəcəyini bilsin. Bilsin və gözləməyə məcbur olsun. Bu kino üçün dəhşətli şeydir. Mən ümumiyyətlə, hesab edirəm ki, tamaşaçı zalı bizim düşündüyümüzdən daha ağıllıdır. Ən azı o, çox şeyi anlayır. Bu barədə mənim “Kino əxlaq barədə narahatlıqdır” deyən polyak məktəbi ilə mübahisəm olmuşdu. Zaldakı adam hökumətin göstərməyə icazə verdiyindən 10 dəfə artığını bilirdi. Bu polyak kinosunun axırının çatdığını deyirdi. Rejissorlar ekranda əxlaqi məsələlər göstərdikləri üçün qürurla başını dik tutub gəzirdi, amma zalda tamaşaçı yox idi. Burada biz kinoya siyasi münasibətdən yox, kinonun prinsip etibarilə nə olmasından danışa bilərik. Axı kino kasıb adamlar tərəfindən kasıb adamlar üçün düşünülüb. Varlılar teatra gedirlər. Bu gün axmaqcasına “əyləncə” adlandırıldıqca, film çəkənlər onu başa düşə bilmədikcə heç bir kino olmayacaq. Onda dövlət kinoya pul ayırmalı olacaq. Yəni, mənim və sizin vergiləri hesabına hansısa “heyvərə” öz əsərini yaratmalıdır. Mən bununla razı deyiləm. Dövlət vəsaiti məktəb və xəstəxanalara getməlidir, biz isə özümüz qazanmalıyıq. Daha doğrusu, bizdə gözəl və intellegent nə varsa kinematoqrafiyada əriməlidir, daha kinematoqrafiya onu alıb başının üstündə gəzdirilməli deyil...”

Filmlərinə maliyyə ayrılmadığı üçün Anje Julavski ömrünün son illərini daha çox kitab yazmağa həsr edib. Rejissorun son filmi V.Qambroviçin romanı əsasında ötən il ekrana çıxan “Kosmos” filmidir. Bu film 15 illik fasilədən sonra çəkilib...

Qeyd: Yazıda Anje Julavskinin “Radio Svaboda” saytında gedən müsahibəsinə istinad olunub.

# 841 dəfə oxunub

Müəllifin son yazıları

# # #