Anansinin son hekayəsi - Murad Ramazanov

Anansinin son hekayəsi - Murad Ramazanov
1 may 2024
# 12:30

Kulis.az Murad Ramazanovun "Anansinin son hekayəsi" adlı hekayəsini təqdim edir.

Luciano Garbati`yə ithaf olunur. ‘‘Heykəli ilk dəfə görəndə hürkmüşdüm...’’

‘‘M, öldü!’’ deyib üzümə baxdı.

Anansi öz hekayəsinə bu cümlə ilə başladı və mən sonradan onun hər dediklərinə diqqətlə qulaq asdım. Anansinin kim olduğunu anlamağa çalışmağını da başa düşürəm, lakin mən özüm onu ilk dəfə idi görürdüm, qorxunc bir görünüşü var idi. Hörümçək formasında qarşıma çıxmış və ‘‘M, öldü’’ deyə fikirlərini tamamlamışdı. Səkkiz ayaqlı bir hörümçək olan Anansi ağ və qara rənglərin ahəngindən birləşmiş və çox kiçik, gözlə görülə bilməyəcək qədər iti baxışları, sərt ifadəsi var idi. Sonradan həmin hekayəsini mənə çox axıcı bir üslubda nəql elədi və mən heç bir halda diqqətimi ondan yayındırmayaraq sona kimi dinlədim.

Ölümlü olmaq

Ağlamayacağıma söz vermişdim, amma, görünür, bu sözümü tuta bilmədim. Özünü mənə P
olaraq təqdim etmişdi, yaxud mən onu belə adlandırmaq istəyirdim. Mənə hər dəfə necə gözəl olduğumu deyər və gözəlliyim qarşısında zəif qaldığını, dilinin tutulduğunu və çox zaman nə demək lazım olduğunu bilmədiyini də vurğulayardı. İlk dəfə onun bu sözlərini duyduğum zaman bəlkə də, xoşuma gəldi və içimdə özümün belə anlamadığı həyəcan və bir sıra ürək döyüntüləri yarandı. Görəsən, aldadıldığımın fərqinə varmışdım?
Özümə `M` deyə müraciət edəcək və heç kimə bunun nə mənaya gəldiyini deməyəcəkdim, çünki əsl adımdan utanmağa başlamışdım və özümü öldürmək düşüncələri sonradan meydana
gələcəkdi.

P`nin evli olduğunu bilmirdim, amma ilk zamanlar məni görməyə gəldiyi o soyuq qış gecələrində kofe içərək saçlarıma toxunmuş sonradan isə əlini ayağıma doğru apararaq ‘‘məni çox ehtiraslandırırsan, səni istəyirəm’’deyərək o şəhvət dolu gözlərini üzümə zilləyərək məni istədiyini həmin an hiss etdirmişdi. Dərhal əlini üzərimdən çəkərək ayağa qalxmış, bir anlıq üzünə baxaraq ‘‘Mən anlamıram hansı an içərisində sənə bu qədər yaxınlıq verdiyimi? Yeni tanıdığın insana bu cür formada yaxınlaşmaq, axmaqcasına təkliflər etmək nə dərəcə doğrudur?’’ deyərək həmin məkandan arxama baxmadan cəld uzaqlaşmışdım. Həmin an onun arxamca gəlməməyi üçün çoxlu dualar edərək əsəbi şəkildə (geyindiyim hündür daban ayyaqqabıların əsəbdən yerə sərt şəkildə dəyərək çıxartdığı səs`dən içəridə əyləşən əksər insanlar mənim gedişimə baxmışdı) həmin məkandan uzaqlaşaraq bir qədər sakitləşmişdim və sonrakı günlər onu bir daha görməyəcəyimə əmin olaraq bütün əlaqə vasitələrini silmiş və hər yerdən onu bloklamışdım.

Dəfələrlə qarşıma çıxdığı gündüz, həmçinin gecələr oldu və hər dəfəsində onu gördüyüm zaman içimdə qəribə bir qorxu habelə həyəcan yaranırdı.
‘‘Niyə axı məndən bu qədər qaçırsan? Dönə-dönə etdiyim üzrləri də qəbul etmirsən, axı mən nə edə bilərəm? O an içimdə nəyin baş verdiyini və nə səbəbə o cür təkliflə sənə üz tutduğumu hələ də anlaya bilmirəm’’ deyərək təkrar-təkrar üzümə baxaraq, yalvarırcasına mənim onu anlamağımı istəyirdi. Bu təkrarların ardından boşluğa düşdüyüm bir an oldu və onu anlamağa çalışdım və bəlkə də, "Olmaya, mən çox böyüdürəm bu məsələni? Əksər kişilərin beynindən keçənləri açıq şəkildə mənə deməsini və sonradan peşman olaraq təkrar-təkrar üzr istəməyini anlamağım, düşünürəm o qədər də çətin olmamalıdır" deyə düşündüm və P`ni başa düşməyə, onunla danışmağa başladığım yağışlı günlərin birində necəsə onun evli olduğunu öyrəndim və yoldaşına A deyərək müraciət etdiyini gördüm. Bu, deyəsən, artıq tam olaraq uzaqlaşmağıma səbəb oldu. Ya da mən uzaqlaşdığımı düşünürdüm, amma icazə vermədi.

‘‘Ölümlü olmadığını zənn edirdim. Axı bu dərəcə gözəl olan biri necə ölümlü ola bilər?’’ deyərək məni vəhşicəsinə soyunduraraq bədənimə əl atmağa başladı. İlk zaman qışqırmağa çalışdım amma ağzımı tutmaq cəhdləri sonda onun barmaqlarını dişləməyimlə sona çatdı və mən daha da bərkdən qışqırmaq üçün nərə çəkdim və ardından üzümə elə bir zərbə endirdi ki, huşumu itirdiyimi hiss etdim və gözümün qaraldığını anladım. Yarı qaranlıq otağın içərisində bihuş vəziyyətdə olsam belə ətrafımda nələrin olduğunu sezə bilirdim. Sadəcə nəriltilər çəkərək "eləmə, xahişşş...xah..daya...dayaaaaa" deməyə çalışsam belə mənə məhəl qoymurdu və çılpaq bədənimi tüpürcəkli ağzı ilə öpür, yalayırdı. Barmaqları ilə sinəmə toxunur və dodaqlarımı dişləyərək dəli kimi öpürdü sonradan dili ilə döşlərimin ucunu durmadan yalayır və dişlərinin arasına alaraq sıxırdı. Arada üzümə baxar və axmaqcasına gülər, gözlərindən nə qədər zövq aldığını sezə bilirdim. Hər səs çıxartmağa çalışdığım an ya şillə vurar ya da sadəcə saçımdan bərk tutaraq özünə doğru sıxar və ‘‘boş yerə bağırma, onsuz səni eşidən olmuyacaq. Ətrafda yalnız sən, mən, birdə dəniz var. Ona görə əziyyət çəkmə və sadəcə zövq al’’ dedikdən sonra penisini ovcuna alaraq tüpürcəkli əli ilə onu bir qədər yaşladıqdan sonra quduz kimi içimə girdi.

O an gözlərimin daha da qaraldığını və ağrının bütün bədənimə doğru yayıldığını hiss etdim lakin üzərimə çıxmış `vəhşi`nin dayanmaq niyyəti yox idi hətta bayaqdan bəri içimə soxduğu penisini daha da sürətlə dərinə kimi salır və bundan necə böyük zövq aldığını ehsas edə bilirdim.

"Öz istəyinlə razı olmadın indi isə səni qəhbə kimi sikəcəm". Dəfələrlə bu ifadələri təkrarladı mən isə artıq tərpənməyərək sadəcə uzanmış və bədənimin daşa çevrildiyini anlamışdım.

Getdikcə çirkinləşdiyimi, göz bəbəklərimin qorxu ilə açılaraq yalnız bəyaz hissədən ibarət olduğunu və saçımın yerini ilanların əvəzlədiyini duyur və özümdən iyrənməyə başlayırdım. P isə durmadan eyni cümləni təkrar edərək çıxartdığı qəribə səslərin fonunda "Ahhhhh, gəlir, gəllll.boşşşş, boşalll" fikrini belə tamamlaya bilmədən üzərimə uzandı və onu üstümdən atmağa belə gücümün qalmadığını qavradım.

Deyəsən, yuxuya getdim, ya da gözlərim bağlandı, bilmirəm...

I

O, uça bildiyini idda edirdi, həm də çox sürətlə qaçırdı.

Sonradan məni ‘‘Medusa’’ adlı restorana dəvət etmişdi. Ora gedib-getməmək arasında tərəddüd içində qalsam belə planlarımı öncədən qurmuşdum. A`nı öldürməyi düşündüyüm üçün əvvəlcədən qatil kiralamışdım. Hər şey düşünmədiyim qədər rahatlıqla baş verdi və həmin ‘‘Medusa’’ restoranında görüşdüyümüz o yay günündə qatil məktubu və açarı masanın üzərinə qoyaraq həmin məkandan uzaqlaşdı. Bunun artıq nə mənaya gəldiyini anladığım üçün danışmağımıza belə səbəb qalmadı.

Hər kəs zaman içərisində P`nin lənətləndiyini deməyə başladı və qorxunc bir varlığa çevrildiyini çox eşitdiyim halda bir gün onu qarşımda necə çarəsiz və iyrənc formada gördüyümdə, düzü, bir qədər qorxmuşdum. Baxdığı hər kəsi daşa çevirdiyi rəvayətləri ətrafda dolansa belə başını qaldıraraq mənə baxa bilməmişdi. Çünki hər baxdığında ‘Sənin saçlarının yerində niyə ilanlar var axı? Ölümsüz olduğunu düşündüyüm o gözəlliyin hara yox olub, M? Axı sənin inanılmaz gözəlliyini mən necə görə bilmirəm?’’deyərdi və zaman içərisində dəli olduğunu daha sonra özünün lənətlənərək çirkinləşdiyini, ilanların onu boğaraq öldürdüyünü gördüm. Mənə hər "M" deyə etdiyi xitabları ürəyimi bulandırsa belə onun ilanlar tərəfindən necə boğularaq gəbərdildiyini görmək çox böyük zövq vermişdi. Onun iki damla qanını özümdə saxlamışdım, çünki bu iki damla qandan Peqasus yaranmışdı və sonradan sürətlə qaçaraq göyə qalxmış, qanadlarını açıb uçaraq buludların arasına qarışmışdı.

Bir əlimdə xəncər və digər əlimdə A`nın başını tutaraq ən sonuncu mübarizədəki qalibiyyətimi bayram etməyə başladım.

Hekayənin bu yerində bir qədər dərindən nəfəs alaraq, Anansinin danışdığı bu əhvalatı əslində onun yoxsa mənim yaratdığımı düşünməyə başladım.

Anansini mən yaratmışdım ya o məni meydana gətirmişdi? Qaranlıq otaqda divarın ən yuxarı küncündə toru ilə özünə yer eləmiş Anansi parıldayan gözləri ilə mənə baxır və hekayəsini daha yaxşı yazmağımı, sanki əmr edirdi. Mən isə hələ də onun dünyasında yaşadığımı, yaxud öz
dünyama onu qonaq etdiyimi anlamağa çalışırdım.

Və ümumiyyətlə, bu yazdıqlarım nə idi?

II

"Sən bilirsən, əslində, hekayə necə olur? M ölür və onun kəlləsini tarix boyu saxlayırıq.’’ A üzünü P`yə tutdu.

"Mən sənin nə dərəcə də qısqanc olduğunu bilirdim, lakin bu qədər vəhşilik edəcəyini gözləməzdim". P udqunaraq fikirlərinin tamamlamağına baxmayaraq ,A əsəbi halda onun üstünə bağırırcasına ‘‘Sən məni günahlandırırsan? Öz elədiyin murdarlığa necə haqq qazandıra bilirsən? Gözəllik qarşısında sonuna qədər aciz qalaraq öz hisslərinə sahib çıxa bilmədin və məni aldatdın.

Mənim sarayımda, mənə qarşı gələrək və məni heçə sayaraq onunla oldun, sonra da məni günahlandırırsan?" A`nın dedikləri qarşısında P cavabsız qaldı və yerə sərilmiş M`in başına baxaraq əslində hər şeyin fərqinə vardı.

III

Gözümü çətinliklə də olsa, açdım və bayaqdan bəri üzərimdə hiss etdiyim ağırlıq getmiş yerini müəyyən qədər sakitlik və yüngüllük almışdı. Yada salmağa qorxduğum şeyləri bir an içində xatırladım və reallığa döndüm, lakin üzərimə vəhşicəsinə uzanmış varlıq yaxud məxluq üzərimdən qalxmış hətta otağı belə tərk etmişdi. Tək idim. İşini bitirmiş və rədd olub getmişdi.

Kaş daha gec gözlərimi açar, kaş reallığa qayıtmazdım. Tərpənmək istəsəm belə bütün bədənimin ağrıdığını hiss etdim və bayaqdan bəri çılpaq olduğumu sezdim. Necə də şərəfsiz bir məxluq idi heç olmasa, çılpaq bədənimi nə iləsə örtərdi. "İşini bitirmiş və arxasına baxmadan
getmişdi" deyə düşündüm və necə də kişiləri ifadə edən bir cümlə olduğunun fərqinə vardım.

Birtəhər ayağa qalxdım, əlimə keçənləri əynimə geyindim və axsayaraq güzgüyə doğru addımladım. Qarnımın, belimin çox pis ağrıdığını hiss edir və üstəlik, nəfəs almaqda çox çətinlik çəkirdim. Bir an içərisində gələn qusmağımı güclə də olsa, evin bir küncünə boşaltdım. Bir qədər nəfəsimi dərərək yenidən qusmağa davam elədim və qusduqca burnuma gələn iyrənc qoxulardan ilhamlanaraq daha da çox qusdum və axırda taqətsiz halda divara tutunaraq ayağa qalxmağa çalışdım. Sürünərək hamam otağına getdim və üzümə su vurduqdan sonra güzgü ilə üzbəüz qaldım.

Çox çirkin olduğumu, saçımın dağınıq, ağzımın seliklə əhatələndiyini, dodağımdan açılmış qanın çənəmdə quruduğunu və ilanların bütün saçımda dövrə vurduğunu gördüm. Sonra xatırladığım yalnız qışqırıq səsləri oldu.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #