“Ana harayı” abidəsinin memarı: "Bu işi bir qəpiksiz görmüşəm" - Müsahibə

Camal Rəşid Əlizadə

Camal Rəşid Əlizadə

25 fevral 2023
# 12:30

Kulis.az “Ana harayı” abidəsinin memarı Camal Rəşid Əlizadənin APA-ya müsahibəsini təqdim edir.

Hər gün “Ana harayı” abidəsinin yanından keçsəm də, bugünkü qələbəlik nəsə diqqətimi daha çox çəkdi. Ayaq saxlayıb abidəyə, ətrafında təmizlik işləri aparanlara, abidəni ziyarət edənlərə diqqət kəsildim. Qatı duman adamları seçməyə imkan verməsə də, onların arasında cüssəsinə görə fərqlənən adamı dərhal tanıdım. Bu, günlərdir, söhbətləşmək istədiyim abidənin memarı Camal Rəşid Əlizadə idi.

Yaxınlaşıb tanışlıq verəndən sonra uzun müddətdir beynimdə dolanan suallardan başladım.

– Camal müəllim, hər il gəlirsiniz bura?

– Bəli, hər il.

– Sizi dəvət edirlər, ya necə?

– Yox, özüm gəlirəm. Mən hər il buradayam. İçimdən gəlir. Hiss edirəm ki, burada olmalıyam.

–Yaxşı, bəs burada ucaldılan əvvəlki heykəl niyə dəyişdirildi?

– O heykəldə ana uşağı elə formada qaldırmışdı ki, adam baxanda bilmirdi ki, qadın neyləmək istəyir. O heykəl bir qədər zəif, uğursuz idi.

Memar “Ana harayı” abidəsinin ətrafında xeyli sayda hündürmərtəbəli yaşayış binalarının inşa edildiyini vurğulayır. Nəticədə isə abidənin öz əzəmətini itirdiyindən təəssüflənir. Camal Rəşid Əlizadə düşünür ki, artıq abidənin yerinin dəyişdirilməsi məsələsinə baxmağın vaxtı çatıb:

- Bu abidə şəhərin elə bir yerində olmalıdır ki, orada özünün bütün əzəmətini göstərə bilsin. Lap qıraqda olsun, fərqi yoxdur, amma əzəmətini göstərə bilsin. Elə bir layihə işlənməlidir ki, ortada “Xocalı faciəsi”, ətrafda isə “Qarabağ faciə”ləri və şəhidləri olsun. Yəni, bir növ, təbii muzey şəklində olmalıdır.

– Dediklərinizlə bağlı kimlərəsə müraciət etmisiniz?

– Bəli, əlbəttə etmişik. Hətta burada (Əli ilə abidənin ətrafındakı boş və hasarlanmış ərazini göstərir) muzey tikilməsi ilə bağlı təkliflər vermişik, layihə hazırlamışıq. Biz bundan ötrü Almaniyaya, İsrailə belə getdik. Oradakı muzeylərə baxdıq. Təcrübələri öyrəndik. Bu, təxminən, 8-10 il qabaq olub. Gələndən sonra layihəni də hazırladıq.

...Faciənin 31-ci ildönümü ilə əlaqədar parkda və abidə ətrafında təmizlik və abadlıq işləri gedirdi. Söhbətimiz sırasında Camal müəllim arabir ayaq saxlayıb adamlara göstəriş verir, sonra söhbətimizə davam edirdik.

– Bəs bu məkanı kim seçmişdi, Siz, ya təklif başqa yerdən gəlmişdi?

– Yox, təklif əvvəlcədən var idi. Xətai Rayon İcra Hakimiyyətinin o dövrdəki başçısı, rəhmətlik Gündüz Cəlilov bu yeri təklif eləmişdi. Amma onların layihəsi uğursuz idi. Biz heykəltəraşlarla (“Ana harayı” abidəsinin heykəltəraşları nəzərdə tutulur: Aslan, Mahmud və Teymur Rüstəmovlar – N.P.) baxdıq ki, bunu daha əzəmətli şəkildə təqdim etmək lazımdır.

– Camal müəllim, bəs faciə qurbanlarının adları necə, Sizcə, çox balaca yazılmayıb ki?

- Yox, yazılar konkret qanunauyğunluğa görə o cür hesablanıb. Həmin adları sırf bu abidə ətrafında maksimum hansı böyüklükdə yazmaq olardısa, biz də o cür yazmışıq. Məkan iri olsaydı, abidə və onun ətrafında geniş meydanımız olsaydı, siz deyəni etmək olardı... Daha geniş məkan olsaydı, orada hətta başqa yanaşmalar da, başqa formada layihələr də etmək olardı.

Memar abidədə adları həkk olunan faciə qurbanlarının yaxınlarının gedəcəyi, ürəyini boşaldacağı başqa bir yerin olmadığını diqqətə çatdırır:

- Bu abidə məhz onların istinad yeridir...

...Söhbətimizin bu yerində yaşlı bir kişi əlində bir ədəd qərənfillə abidəyə yaxınlaşdı. Camal müəllim əli ilə mənə işarə edib söhbəti müvəqqəti saxlamağı xahiş edir. Dayanıb hər ikimiz həmin adama baxırıq. Qoca kişi qərənfili abidənin önünə qoyub onun ətrafında dolanır. Faciə qurbanlarının adları yazılmış lövhəyə toxunub tozunu silir. Dua eləyib baş əydikdən sonra gəldiyi kimi də çıxıb gedir.

O, ərazidəki parkın da memarı olduğunu sözlərinə əlavə edir.

– Camal müəllim, Xocalı faciəsi zamanı analar, körpələrlə bərabər, yaşlılar, kişilər də həyatlarını itirib. Bəs niyə abidə yalnız ana və körpəsini özündə əks etdirir?

– Yox, yanaşmanız düz deyil. Bu abidənin adı “Ana harayı”dır. Bu ana simvolik anadır, onun qucağındakı körpə isə bütün faciə qurbanlarını əks etdirir. Yəni hökm deyil ki, biz bütün qurbanları bu abidəyə daxil edək, göstərək. Rəhmətlik Çingiz Mustafayevin çəkdiyi fotolar və özünün də fotosu bax burada (Abidənin ətrafında dolanırıq, üzərindəki barelyeflərə baxırıq) öz əksini tapıb. Biz burada həmin böyük faciəni yığcam formada çatdırmışıq.

– Bir ara abidənin Şəhidlər xiyabanına aparılması məsələsi müzakirə olunurdu.

– Yox, abidə oraya gedə bilməz. Elə bir söhbət olubsa da, yanlış yanaşmadır. Xocalı faciəsi və onun “Ana harayı” ora üçün deyil. Xiyaban müharibə qurbanları üçündür, bu isə soyqırımıdır, bir millətin faciəsidir, kökünün kəsilməsinə cəhddir. Yəni bu abidənin əzəməti tamam başqadır.

...Getdikcə ziyarətçilərin sayı çoxaldığı üçün yavaş-yavaş parkın içərilərinə doğru irəliləyirik, söhbətimizi bu cür davam edirik.

– Camal müəllim, abidənin yola yaxınlığı məsələsinə də toxunaq. Ümumiyyətlə, bu tip abidələrlə yol arasındakı məsafə neçə metr olmalıdır, belə bir standart varmı?

– Bütün abidlərin qorunma zonası olur. O zona boş və yoldan bir xeyli uzaq olmalıdır. Amma yenə də deyirəm, məkan məsələsi burada da öz sözünü deyir. Geniş sahə olsaydı, abidə daha hündür inşa edilərdi, ətrafında da geniş bir meydan salınardı.

Bilirsiniz, mədəniyyət sahəsi dünyada ən çox diqqət çəkən, ən çox reaksiya verilən sahədir. Biz də abidələr vasitəsilə öz səsimizi çatdırmağa çalışırıq və sənə deyim ki, kifayət qədər də uğurlu addımlar atmışıq. Dünyanın bir sıra ölkələrində “Xocalı faciəsi”nə həsr olunmuş abidələr qoyulub və qoyulmaqda davam edir. Bu özü böyük işdir. Burada isə, yəni ölkəmizdə Holokost faciəsi ilə bağlı ucaldılan abidə kimi əzəmətli bir abidə olsaydı, daha yaxşı olardı.

– Holokost abidəsinin yeri məkan olaraq çox uğurludur.

– Bəlkə də, elədir. Bilirsən, o yer elə bil ki, bir dərədir. Holokost abidəsini bir az da o yer əzəmətli göstərir. Qapıdan girirsən, içəridə muzey var, ölənlərin şəkli, haqqında məlumat – hər şey. Yəni dünyaya səs bu cür çatdırılır.

Memar Mədəniyyət Nazirliyi, Memarlar İttifaqı və Rəssamlar İttifaqının təkliflə çıxış etməli olduğunu düşünür.

- Bu onların işidir. Təkanı onlar verməlidir...

– Onda belə çıxır ki, sizi bura gətirən sadəcə öz istəyinizdir.

– Bəli. Mən bu abidənin müəllifiyəm, gəlməliyəm də. Və gəlirəm də!

– Camal müəllim, sizin müəllif olduğunuz başqa hansı memarlıq abidələri var?

– Ukrayna dairəsindəki park və Heydər Əliyevin heykəli, Türkiyədə Tarsus şəhərində Heydər Əliyev parkı və Ulu Öndərin 5 metrlik heykəli mənə məxsusdur. Həmin bu heykəltəraşlar da (“Ana harayı” abidəsinin heykəltəraşları nəzərdə tutulur – N.P.) mənimlə bərabər zəhmət çəkiblər orada.

Hər il 26 fevralda Xocalı faciəsinin qurbanlarının ailələri gəlir bura, nə qədər minnətdarlıq edirlər, təşəkkür edirlər. Bayaq özün də gördün. Vallah, bura elə ocaq kimi bir yerdir. Ən azından, onlar qiymət verir.

– “Ana harayı” abidəsinin memarı olmaq təklifi Sizə necə gəldi?

– Rəhmətlik Heydər Əliyev icra başçısına təklif etdi, onlar da mənə tapşırdılar. Bir neçə eskiz yaratdıq, təqdim etdik, yekunda bu “Ana harayı”nda qaldıq. Ümumiyyətlə, faciənin “Ana harayı” formasında çatdırılması dünya praktikasında çox yayılıb.

– Müəllim, abidəyə görə qonorar almışdınız?

– Qətiyyən! Bir qəpiksiz görmüşəm bu işi.

Camal müəllim bir anlıq susur və abidəyə baxa-baxa əlavə edir:

- Qarabağ bizimdir, çox şükür, amma faciə... O faciəni unutmaq olmaz. Bilirsən, bizdə belə bir faciə törətməyə ürək yoxdur.

...Bu vaxt abidəni ziyarət eləməyə gələn məktəblilər parka daxil oldu. Camal müəllim söhbətimizə ara verib onlara qoşulmağı təklif etdi. Məktəblilərlə abidəni ziyarət edə-edə onlara Xocalı faciəsi və abidə haqqında məlumat verir, onları sorğu-sual edirdi. Uşaqların verdiyi hər cavab müəllimin üzündə məyusluq qarışıq təbəssümlə əks olunurdu.

Elə bu qayğılı notlarla Camal müəllimlə söhbətimizi yekunlaşdırırıq. Abidədən uzaqlaşdıqca gözüm ana və qucağındakı körpənin ətrafını saran dumana sataşır. Bəlkə də, bu, Camal müəllimin dediyi “O faciəni unutmaq olmaz”ın təbiət şəkli idi. Nə bilim... Hər halda, o duman abidənin və bizim başımız üzərində əbədi hakim olacaqmış kimi yenə də orada idi...

# 2079 dəfə oxunub

Müəllifin son yazıları

# # #