Alen Delonun sənət əşyaları hərraca çıxarılacaq

Alen Delonun sənət əşyaları hərraca çıxarılacaq
7 aprel 2023
# 10:30

İyunun 22-də Parisdə fransız aktyoru Alen Delona məxsus sənət əşyaları kolleksiyası hərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.

XIX əsr fransız rəssamları olan Delakrua, Koro, Millet və digər başqa rəssamların rəsm əsərləri, həmçinin heykəltaraşlıq nümunələri də daxil olmaqla 80-dən çox sənət əsərinin yer aldığı kolleksiyanın dəyəri 4-5 milyon avro arasında qiymətləndirilir. Hərraca qədər kolleksiya Nyu-York, Honq-Konq, Cenevrə, London və Parisdəki sərgilərdə növbə ilə nümayiş olunacaq.

“Bonhams-Cornette de Saint Cyr” hərrac evinin nümayəndələrinin verdiyi məlumata görə, əsas sənət əsərləri arasında 600-800 min avro dəyərində olan Raul Dufinin “Sent-Adres çimərliyi” (1906) rəsmi və dəyəri 400-600 min avro olan Ejena Delakruanın rəsm əsəri yer alır.

A.Delonun dediyinə görə, o, bu rəsm kolleksiyasını təxminən 60 il ərzində toplayıb. 87 yaşlı aktyor deyir: "İlk əsəri 1964-cü ildə Londonda almışam. Bu illər ərzində çoxlu rəsmlər, heykəllər, müxtəlif incəsənət nümunələri əldə etmişəm. Onlar uzun illər mənim həyatımın bir parçası olublar. Bütün həyatım boyu kolleksiya toplamaqla məşğul olmuşam, həmçinin çoxlu hədiyyələr almışam. İndi yaş və fiziki vəziyyəti nəzərə alsaq, yığılan bu qədər kolleksiya nümunələri mənə böyük bir dağ kimi görünür. Düşünürəm ki, bunları satıb övladlarıma pul qoymaq ən yaxşı qərardır”.

Qeyd edək ki, 2014-cü ildə A.Delon silah kolleksiyasını da hərracda satıb. Həmin vaxt başlanğıc qiymətini dəfələrlə aşan, məşhur "Qanun naminə" televiziya serialında istifadə olunan 1894-cü ilin 30 kalibrli vinçesteri satıldı. Həmin silahı A.Delona aktyor Stiv Makkuin şəxsən hədiyyə etmişdi. Bundan əlavə hərraclarda aktyorun saat kolleksiyaları və elit şərabları da nümayiş etdirilib. 2016-cı ildə onun kolleksiyasına daxil olan italyan heykəltaraşı Rembrandt Bugattinin 12 bürünc heykəlcikdən ibarət kolleksiyası 4 milyon avroya satılıb.

# 1017 dəfə oxunub

Müəllifin son yazıları

# # #