Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni mərhələsi və yeni mövsümündə üç tamaşa hazırlanacaq.
Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.
"Əsrə bərabər gün" tamaşasının quruluşçu rejissoru Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika işi Tərlan Əskərli və Ruslan Kərimova məxsusdur. Səhnə əsərinin rejissor assistentləri Dilbər İsmayılova, Xanım Həsənova, Könül Kərimova, Vüqar Məmmədov və Nərmin Həsənovadır.
“Sənsiz” tamaşası isə görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi "Sənsiz" tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.
"Dantenin yubileyi” tamaşasının quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Qeyd edək ki, tamaşaların premyeralarının cari ilin sentyabr-dekabr aylarında olacağı planlaşdırılır. İlin yekunu üçün hazırlanacaq səhnə əsərləri müxtəlif rejissor yanaşmaları əsasında fərqli təqdimatda, bütün truppa üzvlərinin yaradıcılığa cəlb olunması ilə tamaşaçıların ixtiyarına veriləcək.