Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?  

Xədicə Abbasova

Xədicə Abbasova

28 yanvar 2022
# 12:40

Kulis.az müğənni Xədicə Abbasova haqqında maraqlı faktları təqdim edir.

Xədicə Abbasova 1957-ci il yanvarın 1-də Bakıda anadan olub. Orta məktəbi başa vurandan sonra 17 yaşında Rəşid Behbudovun dəvəti ilə Mahnı teatrına solist kimi dəvət olunub.

***

Hələ on yaşı olanda, məşhur bəstəkar Emin Sabitoğlunun “Dərələr” mahnısını eşidib, çox sevən Xədicə günlərin birində gözlənilmədən Mahnı teatrında Emin Sabitoğlu ilə rastlaşır. Ortaboylu, saçları dağınıq, bir az da tündməcaz olan Emin Sabitoğlu Xədicə ilə rastlaşanda, onun yanındaca Rəşid Behbudova deyir, "bu müğənniyə oxşamayan, qara-qura qızı hardan tapmısız?"

Emin müğənniyə bənzəmədiyini deyən o qara qızla, illər sonra 1979-cu ildə vətəndən çox-çox uzaqlarda İsveçdə görüşür. Axşam konsertlərinin birində Emin Sabitoğlu Xədicəyə yaxınlaşır, Xədicə isə qəsdən onu tanımadığını deyir. Ətrafda olan hər kəs təəccüblənir ki, Emin Sabitoğlunu necə tanımamaq olar. Daha sonra Xədicə deyir, hə, siz mənə qara-qura qız deyən Emin Sabitoğlusunuz. Emin Sabitoğlu isə ona deyir, “1-1”.

***

Daha sonra o, Gülarə Əliyevanın "Dan ulduzu" ansamblında oxumağa başlayır. Burada həm Emin müəllimlə, həm də digər bəstəkarlarla çalışır.

Elə həmin ərəfədə Xədicə Abbasova "Səhər görüşləri" adlı bir verilişdə Emin Sabitoğlunun bəstələdiyi "Payız gəldi" mahnısını ifa edir. Bu mahnını oxuyandan sonra Xədicə bir gecəyə məşhurlaşır və Emin Sabitoğlu ilə daha sıx çalışaraq "Gəmiçi qardaş", "Sıravi Əhməd", "Hacıkəndə gedən yollar", "Gecə yağışı", "Mən sizə gələcəm", "Çiçək yağışı", "Aman ayrılıq", "Güllər" adlı mahnıları oxuyur.

***

1987-ci ildə 50 yaşlı Emin Sabitoğlu ailəli olsa da, 30 yaşı yenicə tamam olan Xədicəyə evlənmək təklif edir. Xədicə isə onun qarşısına şərt qoyur ki, həddi-buluğa çatmamış qızını toy edib köçürtsün, sonra evlənsinlər. Xədicə ilə Emin Sabitoğlu ailə qurandan sonra onları qınayanlar da çoxalmağa başlayır. Müğənni müsahibələrinin birində bu haqda deyir:

“1982-ci ildə Emin Sabitoğlunu Mərkəzi Komitəyə çağırıb dedilər ki, ya Xədicə, ya partiya bileti. O da bileti qaytarmışdı. Emin şanslı insan idi ki, onun həddi-buluğa çatmış övladı var idi. Onun balaca uşaqları olsaydı, heç vaxt ailə həyatı qurmazdım. Bizim aramızda 20 yaş fərq var idi. Mən heç bir zaman "yanımda yaşlı insan var" demədim, bunu nə anladım, nə də hiss etdim. O zamanlar bizi çox qınadılar. Emin müəllimin də, mənim də ailəmdən bu izdivaca narazı olanlar var idi. Ətrafdakı insanlar isə fikirləşirdilər ki, bu cavan qız necə oldu ki ona aşiq oldu? Hətta deyirdilər ki, mahnılarına, puluna, var-dövlətinə görə ona ərə gedir. Bizdə heç nə əvvəldən planlaşdırılmamışdı. Onunla gecə-gündüz işləməyimiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. Əlqərəz, bir gün dedi ki, "gəl birdəfəlik ailə həyatı quraq, mən sənsiz yaşaya bilmirəm". Atam bu izdivaca razılıq verməkdə çətinlik çəkirdi. Çünki Emin hələ ailəsindən ayrılmamışdı. Boşanma işləri bitəndən sonra biz ailə həyatı qurduq. Ortalıqda heç bir var-dövlətdən söhbət gedə bilməzdi. Biz ailə həyatı qurandan sonra "Razin" deyilən ərazidə uzun müddət kirayədə yaşadıq”.

Onlar ailə qurandan sonra Emin Sabitoğlunun anası İsmət xanım Xədicəni gəlin kimi qəbul etmir, onunla heç bir əlaqə qurmur. Əksinə oğlunun birinci xanımının yanına köçüb onunla yaşmağa başlayır. Ancaq zaman keçdikcə, o, Xədicənin oğluna yaxşı baxdığını, oğlunun da onunla xoşbəxt olduğunu görüb inadından əl çəkir.

***

Emin Sabitoğlu birinci xanımından ayrılsa da, Xədicənin təkidi ilə övladı Ceyrana baxır, qayğı göstərir. Birinci xanımı ilə isə ünsiyyətini məhdudlaşdırır. Bəstəkar Xədicənin təkidinə görə övladının anası ilə dünyasını dəyişməzdən iki il əvvəl barışır.

Onların izdivacından Xədicənin iki dəfə ana olmaq şansı olur. Lakin o, övladının birini 1989-cu ildə hələ Bakıda olanda itirir. Digərini isə Türkiyəyə köçüb orada yaşadığı ərəfədə, 1993-cü ildə. Beləliklə, bundan sonra heç zaman ana olmayan Xədicə bütün mehrini Emin Sabitoğluna salır, uşaq kimi onun qayğısına qalır. O bu barədə müsahibələrinin birində deyir:

“O mənim həm atam, həm müəllimim, həm yoldaşım, həm də övladım idi. Mən iki oğlan övladı dünyaya gətirsəm də, onları sonuna qədər yaşada bilmədim. Bütün analıq hissimi Eminə vermişdim. Mənə deyirdilər ki, sən onu uşaq kimi saxlayırsan. Bəlkə də, yanımda Emin yox, başqası olsaydı, böyük depressiya yaşayardım. Demək ki, qismət deyildi... Allahın yazısına inanıram, buna görə heç üzülmürəm də”.

***


Xədicənin uzun saçları olsa da, Emin onu qısqandığı üçün, elə onun təkidi ilə də saçlarını kəsməyə məcbur olur.

Emin Sabitoğlu 2000-ci il, noyabrın 2-də Türkiyədə ad gününü qeyd edir. Axşam qonaqlar gedəndən sonra Xədicəyə deyir ki, təzə mahnı yazmışam. Adı “Əlvida, bu son gecə, salamat qal, Xədicə”dir. Noyabrın 12-də Bakıya qonaq gələn bəstəkar, çatandan üç saat sonra dünyasını dəyişir.

***

Onun ölümündən sonra Xədicəni sevənlər və onunla evlənmək istəyənlər çox olsa da, müğənni heç kimlə ailə qurmur. Hətta rəfiqələrindən biri ona qardaşı ilə evlənməyi təklif etsə də, Xədicə israrla bu təklifi rədd edir. Özü isə təkbaşına və böyük ehtiyac içində yaşayır, Emin Sabitoğlunun royalını satır. Ancaq sonradan o, toparlanaraq musiqidən uzaqlaşıb, biznes sahəsində fəaliyyətə başlayır.

# 33187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #