Adına şayiələr yayıldı, altı dəfə əməliyyat olundu – Onun qarabağlı müğənnilərlə davasının səbəbi nə idi?

Xalq artisti Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayev

25 avqust 2023
# 21:00

Bu gün Xalq artisti Ağadadaş Ağayevin doğum günüdür.
Kulis.az bu münasibətlə müğənninin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Ağadadaş Ağayev 25 avqust, 1956-cı il Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda filoloji təhsil alıb. Yeddi il Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.

***

1981-ci ildə "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub.

***

Əmisigildəki kitabxananı oxuyub bitirir, o dövrün poeziya nümunələrini əzbərləyir. Nəriman Həsənzadənin, Vaqif Bəhmənlinin, Loğman Rəşidzadənin, Mədinə Gülgünün şeirlərini qəzetdən kəsib dəftərlərinə yapışdırır. Müsahiblərinin birində bu barədə deyir:

“Vaxt olub ki, aylarla evdən çıxmamışam. Baxmayaraq, cavan idim, amma özümü hər şeydən təcrid eləmişdim. Əgər mənim həyatımda həmin təcrid dövrü olmasaydı, sonrakı uğurlarım da olmazdı. Mən özümü tamam təmizləyəndən, sıfırlayandan sonra ifaçılığa başladım. Artıq kifayət qədər də bazam vardı. Ədəbiyyat məni insan kimi, sənət adamı kimi formalaşdırdı”.

***

Universitetdə ona “APİ-nin Xalq artisti” deyirdilər.

***

Ağadadaş Ağayev bir müddət təkcə səsi ilə məşhur olur. Belə ki, adamlar onu səsindən tanıyırdılar, üzdən isə yox. Müğənnini öz rayonlarında yaxşı tanısalar da, kənarda onu heç kim tanımırmış. Hətta Bakı toylarında ona yaxınlaşıb, Ağadadaşdan bir mahnı oxu deyənlər də olub.
Müğənni məşhur olandan dörd il sonra məcburiyyət qarşısında qalıb efirlərə çıxır. Çünki həmin o dörd ildə onun haqqında müxtəlif şayiələr yayılmağa başlayır. Deyirlər ki, Ağadadaş başında aerodrom papaq, quldur dəstəsi ilə qatarların qarşısını kəsib, adamları soyur. Ona görə də kimliyini canlı şəkildə, efir vasitəsi ilə bildirməyə məcbur olur.

1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verir.

Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayır.

***

Müğənninin kariyerasında İslam Rzayevin böyük rolu olub. Musiqi müsabiqələrinin birində İslam müəllim, iştirakçıların hamısına qulaq asandan sonra, “hamı getsin, Ağadadaş qalsın” - deyir.

***

Müğənni bir neçə ilə əvvəl “Qarabağda məktəb yoxdur, ləhcə var” - sözləri ilə gündəmə gəlmişdi. Xalq artistləri, muğam ifaçıları onu sərt tənqid etmişdilər. Müsahibələrinin birində A.Ağayev bu məsələyə belə aydınlıq gətirir:

“O vaxtı rəhmətlik Üzeyir Hacıbəyli muğamdakı dörddə bir tonları çıxarıb. Bununla da bizi qərbləşdirib. Əslində, insanın ruhuna toxunan da elə həmin yarım tonlar idi. Onları çıxarmaqla muğamın təsir etmə gücü azalır. Əslində, muğamın kökü birdir axı. Təbii ki, mən Üzeyir bəyə irad tuta bilmərəm. Ola bilsin, o, sovet ideologiyasının qurbanı olub. Və yaxud da əgər Üzeyir bəy bunu etməsəydi, həmin sistem bizim musiqimizin dünyaya çıxışının qarşısını alacaqdı. Yəni Üzeyir bəy müəyyən səbəblərdən bunu edib. Bəs bu gün niyə bizi hansısa boğazlar ifa etməkdə qınayırlar? Üzeyir Hacıbəyli operanı muğama söykəyərək yazıb ki, operanın nə olduğunu xalqına göstərə bilsin, sevdirsin. Bu günə qədər də bütün oxuyanlarımız “Leyli və Məcnun”un çörəyini yeyirlər. Evləri də, maşınları da, bütün nəsilləri də Üzeyir bəyə, onun yaratdığı operaya borcludurlar. Məgər Cabbar Qaryağdıoğlu muğamı özü kəşf eləmişdi? Cabbar Qaryağdıoğlu ötən əsrdə yaşayıb. Amma Azərbaycan muğamının kökü gedib Şah İsmayıl Xətainin dövrünə qədər çıxır. Düzdür, bugünkü strukturda olmayıb, amma mövcud olub. Belə söhbətlər əvvəllər heç vaxt olmayıb. Bu söhbətləri yaradanlar yenə də Qarabağ ifaçıları oldu. Vallah, onlar yaratdılar. Onlara görə yaxşı səs ancaq qarabağlılara məxsusdur. Deyə-deyə özlərini də gözə gətirdilər, bizi də”.

Ağadadaş Ağayev iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən Kamil, Səbuhi, Seymur, Həmid adlı dörd oğlu və Leyla adlı bir qızı var. Müğənni ikinci dəfə Türkiyə vətəndaşı Pərvin xanımla evlənib.

***

Müğənninin qızı Leyla fiziki qüsurludur. Ağadadaş Ağayev bu barədə deyir:

"Mənim evimdə fiziki qüsurlu övladım var. Ən böyük diqqəti qızım Leylaya göstəririk. Qüsurlu insanlar Allahın seçilən bəndəsidir. Onlar mələkdirlər. Hər an onlara diqqət göstərməliyik. Evimizin baş hissəsində oturtmalıyıq. Sovet dövründə Almaniyaya getmişdim. Baxdım ki, küçələrdə əlil arabasında gəzənlər saysız-hesabsızdır. Düşünürdüm ki, bizdə bu qədər əlil yoxdur. Sən demə, bizdə bundan da çox imiş. Amma onları çölə, cəmiyyət arasına çıxarmırlar. Mənə elə gəlir ki, onları gizlətmək, onların əlilliyindən utanmaq, böyük günahdır."

Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Türkiyədə altı dəfə əməliyyat olunur və sağalır.

***

Müğənni “Pərişanım”, “Sən oldun”, “Gecdir daha”, “Könlüm qəmin eylər”, “Sənsiz keçən ömür”, “Dodağına gülüş qonub”, “Sevirəm de” kimi mahnılarla böyük tamaşaçı sevgisi qazanıb.

***

Ağadadaş Ağayev 1998-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

# 34176 dəfə oxunub

Müəllifin son yazıları

# # #