ADA Universitetinin Tağıyev mükafatı təqdim edilib

ADA Universitetinin Tağıyev mükafatı təqdim edilib
6 may 2024
# 10:20

ADA Universiteti tərəfindən “Hacı Zeynalabdin Tağıyev mükafatı”nın təqdimat mərasimi keçirilib. Mərasim Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evində baş tutub.

Kulis.az xəbər verir ki, mükafat ADA Universitetinin tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu adı qazanmaq üçün ADA Universitetinin tələbələri qruplar formalaşdırmış, seçdikləri mövzu üzrə tədris ili boyunca müxtəlif layihələr təqdim ediblər. Beləliklə, müsabiqəyə 45 tələbə tərəfindən 15 layihə təqdim olunub.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev mükafatlandırma mərasiminin məhz Hacı Zeynalabdin Tağıyevin evində keçirilməsinin xüsusi önəmindən bəhs edib və tələbələrin bu cür fəaliyyətlərdə fəal olmağından məmnunluğunu ifadə edib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Abbasov və Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev xüsusi qonaq qismində iştirak ediblər.

Sonda qalib olan layihələrin adları jüri nümayəndələri tərəfindən açıqlanıb.

Birinci yerə çıxan komanda jest dilinin, ikinci yerə çıxan komanda yumşaq bacarıqların, üçüncü yerə çıxan komanda isə region məktəblərində süni intellektin öyrədilməsi ilə bağlı layihələrlə müsabiqədə iştirak ediblər.

Birinci yerə layiq görülən layihəyə 2500 manat, ikinci yerə 1500 manat, 3-cü yerə çıxan layihəyə isə 1000 manat pul mükafatı təqdim edilib.

# 186 dəfə oxunub

Müəllifin son yazıları

# # #