Açıq-saçıq səhnələrə çəkildi, atası aktrisa olmağına etiraz etdi – Hansı aktyorlar onun üstündə davaya çıxdılar?

Açıq-saçıq səhnələrə çəkildi, atası aktrisa olmağına etiraz etdi – Hansı aktyorlar onun üstündə davaya çıxdılar?
17 iyun 2022
# 12:45

Bu gün aktrisa, Əməkdar artist Zemfira Sadıxovanın ad günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Zemfira Emin qızı Sadıxova 17 iyun, 1939-cu ildə Bakıda anadan olub. Ailədə üç uşaq olublar: iki bacı, bir qardaş. Gənc yaşından teatr və kinoya məhəbbəti olub. Anası ilə şəhər kinoteatrlarına gətirilən bütün filmlərə gedib baxmağa çalışırmış. “Vətən”, “Azərbaycan”, “Nizami”, “Araz” kinoteatrları onların ən çox getdikləri məkan olur. Gələcəyin aktrisasını kinoya bağlayan isə 1940-cı ildə amerikalı rejissor Mervin Leroyun çəkdiyi “Vaterloo körpüsü” olur.

Məktəb illərində qılıncoynatma dərslərinə, idman gimnastikasına və at sürməyə gedir. Musiqini çox sevir. O vaxtlar çoxunun evində radio yox idi. Sevdiyi melodiyaları dinləmək üçün tez-tez xalasıgilə qaçırmış.

***

Səkkizinci sinifdə oxuyanda, AzNeft-də “Tibb işçiləri” klubunun nəzdindəki dram dərnəyinə gedir. Müxtəlif tamaşalarda iştirak edir. 1957-ci ildə “Səməd Vurğunun şerini ən yaxşı oxuyan” adlı müsabiqə keçirilir. Həmin müsabiqədə Gənc Tamaşaçılar Teatrının aktyorunu birinci, onu isə ikinci yerə layiq görürlər. Müsabiqədə münsif kimi iştirak edən İslam Səfərli Zemfiranı yadında saxlayır. Zemfira xanım bir gün atası ilə yol gedərkən tanınmış şair İslam Səfərli ilə rastlaşırlar. İslam müəllim onun atasına deyir ki, qızı çox istedadlıdır, gələcəyin əsl aktrisasıdır. Emin bəy isə bununla bağlı narazılığını bildirir, qızının aktrisa olmasına etiraz edir.

Məktəbi bitirdikdən sonra qonşu olduğu, uşaqlıqdan bir yerdə oynadığı oğlanla ailə həyatı qurur. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Ancaq bir neçə ildən sonra aktrisanın həyat yoldaşı dünyasını dəyişir.

***

Daha sonra o, Moskva Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyir. Valideynləri isə onu buraxmır. Deyirlər ki, ora uzaqdır, orada tək yaşaya bilməzsən. Bundan inciyən Zemfira növbəti sənət seçimini də özü etmir, valideynlərinin ixtiyarına buraxır. Və sənədlərini ADU-nun İqtisad fakültəsinə verir.

Zemfira xanım hər dəfə Bakıda yerləşən Teatr İnstitutunun yanından keçəndə göz yaşlarını saxlaya bilmirmiş. Ürəyində qalan arzusuna görə xiffət çəkirmiş.

***

İqtisad fakültəsində yarım semestr oxuduqdan sonra nəhayət ki, özündə cəsarət tapıb sənədlərini geri götürür və Teatr institutuna gedir. Adil İskəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib və Rahib Hüseynov kimi tanınmış pedaqoqların qarşısında imtahan verib Teatr İnstitutuna qəbul olunur.

***

Dördüncü kursda Cəfər Cabbarlının “Almaz” pyesində Fatmanisə obrazını canlandırır. Hər kəs onun bu ifasını bəyənir. Rejissor Mehdi Məmmədov isə belə deyir:

“Mən tələbələrin işinə baxanda Fatmanisə obrazı diqqətimi cəlb etdi. Kimin oynadığını soruşanda, dedilər ki, adı Zemfiradır... lakin tanıya bilmədim. Sonradan həyatda onu görəndə heyrətə gəldim. Belə gənc, ziyalı, gözəl bir qız çox yaşlı olan Fatmanisənin rolunu necə də məharətlə ifa etdi... O, bütünlüklə obrazın özünə çevrilmişdi!”

***

İnstitutu bitirdikdən sonra onu təyinatla Gənc Tamaşaçılar Teatrına göndərirlər. Xalq artisti Yusif Vəliyevlə ilk tanışlığı da orada olur. İşlədiyi iki il ərzində o teatrda heç bir rol almır, ancaq kütləvi səhnələrə çıxır. Yalnız “Son məktub” tamaşasında sonradan başqa ifaçının yerinə təyin olunur. Burada Yusif Vəliyev onun atasını oynayır.

Yusif Vəliyevin ikinci evliliyi də uğursuz olandan sonra o, özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Şamil Mahmudbəyov onu "Torpaq, dəniz, od, səma" filminə çəkilməyə dəvət edir, aktrisa da razılıq verir. Amma o, geri qayıdandan sonra Yusif Vəliyev onu heç yerə buraxmır. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir. Aktrisa həmin illəri belə xatırlayır:

“Yusifi ilk dəfə 1965-ci ildə Kürdəmirdə “Komsomol” tamaşasındakı Gəray bəy rolunda görüb vuruldum. O vaxta qədər onu tanımırdım. Səhəri günü hamılıqla bərabər yemək yeyəndə söhbət edib, tanış olduq. Kürdəmirdən qayıtdıqdan sonra ailə qurduq. 1965-ci ildə rəsmi nikahımız olsa da, bir yerdə yaşamırdıq. Mən anamla, Yusif də qızları ilə yaşayırdı. Yusifin o zaman evi yox idi. Yoldaşının sağ olduğunu biləndən sonra oğlumu, anamı götürüb İrəvana getdim. Ayrılıq vaxtı mənə çoxlu məktublar yazırdı, oxuyub ağlayırdım. Heç kim bilmir, amma Yusif çox romantik idi. Məni çox sevirdi. Niyə onun yanına qayıtdım – soruşursunuz. Onu mənə, mənim ona sevgim tükənməzdi... Gəldim və ayrıla bilmədim. Nə mən, nə o... Birlikdə anamgildə yaşamağa qərar verdik. Məni teatrda işləməyə qoymadı, ona görə radioya getdim”.

Hüseyn Seyidzadə “Torpaq, dəniz, od, səma” filmində Zemfiranın rolunu görür və onu “Dəli Kür” filmində çəkməyi planlaşdırır. Filmdəki açıq-saçıq səhnəsi isə ona sonralar müəyyən problemlər yaradır. Bu barədə aktrisa müsahibələrinin birində deyir:

“Bir gün trolleybusda kinostudiyaya gedərkən hiss etdim ki, kimsə diqqətlə mənə baxır... Hüseyn Seyidzadə idi. Yaxınlaşıb məni “Dəli Kür” filminin fotosınaq çəkilişlərinə dəvət edib dedi, eşitmişəm, sən açıq-saçıq filmlərə çəkilməzsən, Yusif icazə verməz. Dedim, Yusif həyat yoldaşımdır, mən isə aktrisayam. Əgər siz məni dəvət etmisinizsə, nə lazımdır, necə lazımdırsa, elə də çəkiləcəyəm. O səhnəni oynamasaydım və məni filmdən azad etsəydilər, deməyəcəkdilər ki, Zemfira həya-abır edib çəkilmədi, deyəcəkdilər ki, gör nə qədər qabiliyyətsizdir. Çünki sonralar da mənə qabiliyyətsiz damğası vurmuşdular. Mənim qabiliyyətli və qabiliyyətsiz olmağımı filmlərim göstərdi. Atam filmə baxıb çox bəyənmişdi. Yusif də heç bir etiraz etmədi, bircə 9 yaşlı oğlum dedi ki, mama, bir də elə filmlərə çəkilmə.”

Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Zemfira Sadıqovanın sözlərinə görə, Adil İsgəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb aktrisanın özü ilə bağlı bir problem səbəb olub:

"Bir dəfə kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü lazımı səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər, bunun nəyinə gedib? Bir dənə evi var idi, 3 otaqlı. Vəssalam. Mən də anamın evində yaşayırdım. Sonra birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib birotaqlı ev aldıq, qızları da artıq evlənmişdilər. Sonradan Yusifə 9-cu mikrorayonda, 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olar, ya yox. Yusif ozamankı Mədəniyyət nazirinin yanına getmişdi. İstəyirdik ki, bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı”.

Zemfira xanımla ailə quranda aktrisa xörək bişirməyi bacarmırmış. Ona bu məsələdə Yusif Vəliyev köməklik edib, xörəkləri bişirməyi öyrədib.

***

Yusif Vəliyev erkən dünyasını dəyişdiyi üçün aktrisa gənc yaşda dul qalır. Üstəlik, atasının ölümündən sonra qızı Bahar böyük şok keçirir, ürək xəstəliyi yaşayır, beş il həkimlərin nəzarətində müalicə alır. Oğlunu və qızını təkbaşına böyüdən aktrisa çox məhrumiyyətlərlə üz-üzə qalır. Üstəlik işsiz qalmaq təhlükəsi də yaşayır:

“Cəmil Əlibəyli “Azərbaycanfilm” kinostudiyasının direktoru olanda məni filmlərə çəkilməyə qoymurdu. Çünki onun dediyini eləmirdim. Bu haqda danışmaq mənə yaraşmaz. Kino sınaqlarından uğurla keçirdim, hamı razı qalırdı, bircə Cəmil Əlibəyov deyirdi ki, Zemfiranın potensial imkanları yoxdur. Bir gün iclas keçirdi, Eldar Quliyev, Həsən Turabovu və başqalarını çağırdı, hamının yanında məni “yararsız aktrisa” adlandırıb, işdən çıxarmaq istədi. Yusif rəhmətə getmişdi, iki uşaqla qalmışdım. Dedim, mənim başqa sənətim yoxdu. Məsələ böyüdü və mənim işdən çıxarılmağıma icazə vermədilər”.

82 yaşlı aktrisa hazırda qızı və nəvələri ilə birgə yaşayır. Onlardan heç biri aktrisanın yolunu davam etdirməyib. Zemfira xanım buna özü razılıq verməyib.

# 12399 dəfə oxunub

Müəllifin son yazıları

# # #