Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri

Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
12 avqust 2020
# 09:00

Kulis.az Könül Arifin yeni şeirlərini təqdim edir.

Unuduram

Unuduram şeirlərimi,
Unuduram...
Unuduram,
Kor quyuya atılan
Kəndiri kəsilmiş vedrələr kimi
Unuduram şeirlərimi
Bir-bir, iki-iki,
Unuduram...

Yeni Ramana

Çəkirsən gözünü nəm xalça kimi,
Çəkirsən izimi unudan yoldan.
Udub göz yaşını acı məlhəmtək
Çəkir canına yol – azarlı kimi.
Yalan sözdür: “kişilər ağlamır ki...
Ağlamır qəti!”

Qayıt evinizə, başına dönüm,
Qayıt, o yollara dönən deyiləm.
Gör, neçə ay ötdü, fəslimiz keçdi
Yollar bağışlamır gecikənləri...

Korluq

Hardan baxırsansa, keç bax
Ev eyni dərədədi.
İnsanda vicdan da eləcə –
Allah qoyduğu yerdədi!
Gəl ki...
Oh no! I’m not religious, baby!

# 2495 dəfə oxunub

Müəllifin son yazıları

# # #