Yeqzar Cəfərli yazır: Adamneziya

Yeqzar Cəfərli yazır: Adamneziya
4 iyun 2021
# 13:50

Kulis.az Yeqzar Cəfərlinin "Adamneziya" adlı yeni hekayəsini təqdim edir.

Adım Səfərdir, özüm də yol üstəyəm. Adi bildiyimiz bir iş görüşməsinə gedirəm. CV ilə işə girməyə çalışan saf bir azərbaycanlı kimi çox həyəcanlıyam. Keçən dəfəki kimi işverən dişlərini... – ay da o zibilə qalmış feil necə idi, itlə bağlı da işlədirlər e, həəə, tapdım, qıcamaq – məsum simama baxışlarını qıcamasa yaxşıdır.

Qapını pıqqıldadıram, yox, çaşdım deyəsən. Qapı qazandı bəyəm, pıqqıldasın?! Qapını ahəstə-ahəstə tıqqıldadıram. Geyimli-keçimli, bir ucu ölümlü, yox, səhv dedim yenə, geyimli-keçimli, cavan, nazlı, işvəli bir xanım əllərini azca aralanmış qapıya sürtərək daha geniş açmağa çalışır. Həmişə iş görüşmələrinə gələndə dilim topuq vurur, iki sözü düz-əməlli qoşa bilmirəm. Telefonla mikrofonu qoşaraq danışdığı rəfiqəsi qıza Bahar deyə müraciət edir.

Məni qarşıladı, qırağında kiçicik ləkəciklər müşahidə olunan 90-cı illərin armudu stəkana istifadə olunmaqdan bezmiş atma çayı ataraq hüzuruma qoyur. Mən də elit adamlar kimi iki üç qurtum içəndən sonra sağ əlimi stəkanın üzərinə qoyur, “çox sağ olun, çoxdandı belə dadlı çay içmirdim” – deyərək təşəkkür edirəm.

İş vaxtı başlayandan 2 saat keçər-keçməz Müdir bəy təşrif buyuyur. Türk seriallarına çox baxdığına görədir yəqin, girən kimi “otağıma təcili orta şəkərli bir çay” deyərək salamlaşmadan birbaşa otağına keçir.

Bahar öz diliylə desəm, “mudirin kayını” (müdirin çayını) tezbazar hazırlayıb ehiyatda saxladığı, istifadə olunmamış atma çayı pıqqıldamaqdan yenicə xilas olmuş suya atır.

Müdirin gözündəki adamı arıya oxşadan gözlüyü diqqətimi xüsusilə cəlb edir. Çantası da enli və böyük idi. Adətən müdirlər belə çantalara 3-4 A4 kağızı qoyur, ya qoymur. Bahar çayı verib sağa-sola əyilərək kreslosuna əyləşir.

– Yoldaş Safarçik, İnxilab muallim sizi gozlayir.

Otağa daxil olandan oturana qədər müdirin göz həbsində qalıram. Tezliklə amnistiya qərarı çıxdığı üçün xilas oluram. Bayaq ayaqyolundan qayıdanda tərslikdən şalvarımın “zamok”u da xarab olur, ümid edirəm ki, müdir fikir verməyib. Oturar-oturmaz müdir bu dəfə baxışlarını ikiyə ayrılmış saçımın ortası ilə süzdürərək pəncərənin qarşısındakı ağaca qonan sərçəyə baxır. Sərçənin uçması ilə müdirin sükutunu pozması eyni anda baş verir.

– CV-ni ver görək kimsən, nə işlə məşğulsan?

Kağızı alıb gözlərini bərəldərək gah mənə, gah kağıza baxır. Sanki kağızları istehsal etmək üçün ağacları kəsəni adamı tapıb.

– Həəə. Burda sən... deməli keçən ay... ingilis dili əla... rusca əla... kompüter bilikləri mala-mala. Kompüter biliklərimə “microsoft office” yazdığımdan müdir bunu “Microsoft”un proqramlarından sadəcə birindən istifadə edə bildiyimi zənn edərək dodağını büzür.

– Səni kim göndərib, hardan gəlmisən?

– Evdən gəlirəm, yoldaş müdir.

Müdir onunla məzələndiyimi zənn edərək sifətini gülümsəmə və əsəbləşmə arasında saxlamağa çalışır, təmkinlə nitqinə davam edir.

– Deyirəm kimin adamısan?

– Allahın adamıyam.

CV-niz qalsın, bizim mütəxəssislər dəyərləndirsin, sizə cavab verəcəyik. Müdirlə Bahardan başqa işçisi olmayan bu idarənin “mütəxəssis”lərinə bel bağlamaqdan başqa yolum qalmır.

Baharın aşağılayıcı nəzərləri ilə, suyum süzülərək otaqdan çıxıram. II mərtəbədə yaşlı bir kişi liftə minərək 5-ci mərtəbənin düyməsini basmağımı xahiş edir. Birinci mərtəbəyə düşüb yenidən qalxacağını eşidən ağsaqqal səssizcə əsəbiləşir, siqaretini yandıraraq sümürməyə başlayır. Keçirdiyim qəzanı xatırlayıram yavaşca.

Lift bir neçə dəqiqəlik xarab olduğundan kişinin telefonla qışqıra-qışqıra danışması beynimi çəkiclə döyəcləyir sanki.

– Ayə, Müşfiq, darıxma dana! İnqilab müəllimin yanındaydım bayaq, bizim kirvənin dostudu. Səni işə götürdü. Köməkçisi sənə yazıb-oxumaq da öyrədəcək.

# 2714 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #