Yeni eşq romanı çapdan çıxıb

Yeni eşq romanı çapdan çıxıb
15 fevral 2021
# 17:25

Yazıçı-publisist, siyasətşünas-alim Elşən Nəsibovun “Park gözəli və yazıçı” adlı yeni eşq romanı çapdan çıxıb.

Kulis.az-ın xəbərinə görə, əsər pandemiya ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş karantin rejimi dövründə - 2020-ci ilin aprel-iyul ayları ərzində iki nəfər arasında parkda yaşanmış məhəbbət hekayəsindən bəhs edir.

Belə ki, karantin rejimində iş yerləri və hərəkət dairələri məhdudlaşır, kitabxanalar bağlanır, ictimai-iaşə obyektlərinin fəaliyyəti qadağan edilir, iş yerlərindən məcburi məzuniyyətə göndərilmə baş verir. Bakının bütün əsas parkları əhali üçün qapalı elan olunur, rayonlara gediş-gəliş məhdudlaşır, belə şərait yazıçı Fuadı darıxdırır. Həyat onun üçün sıxıcı gəlir. O, yaradıcılıq və istirahət üçün evdən kənar məkan axtarır. Gəlib binalar və həyət evləri arasında və məscidə yaxın ərazidə yerləşən bir parka çıxır. Fuad müəllim bu parka üç-dörd il qabaq tez-tez gələrdi. Park onun üçün yeni imkanları açır. Ona təbiətdə, yaşıllıqda düşünmək imkanları verir. Parkın sayəsində yaz təravətində yazıçı Fuad təbiət qoynunda yaratmaq imkanları qazanır. Bundan çox sevinir. Ailə üzvlərini də tez-tez həmin parka aparır. Sonralar isə tək getmək məcburiyyətində qalır. Parkda tək gəzmək və bundan ilham almaq yazıçının karantin dövründə əsas kredosuna və məşğuliyyətinə çevrilir.

Yazıçı parkda olarkən təsadüfən idman edən bir gözəl xanımla rastlaşır. Xanımın cazibədarlığı və füsunkarlığı yazıçını cəzb edir. Qarşılıqlı baxışma sayəsində xanımla arasında “lal”, virtual məhəbbət yaranır. Yazıçı bir tərəfdən yaradıcılıqla məşğul olur, digər tərəfdən, eşqin ləzzəti, ecazkar duyğusu ilə öz qəlbini təzələyir, ruhuna enerji verir və həyatdan zövq alır. Yeni nəfəslə yeni yaradıcılığa ilham alır. Karantin dövründə yeni həyata yeni rənglər, təzə çalarlar qatır.

Əsər prozaikdir, ədəbi-bədii estetik zövqü öz məzmununda daşıyır. Oxucunun diqqətini cəlb etmək baxımından maraq kəsb edir.

# 2153 dəfə oxunub

Müəllifin son yazıları

# # #